24 Avqust 2025 09:40
2125
Mədəniyyət
A- A+
Sözlərinin içində yaşayan yazıçı  

Sözlərinin içində yaşayan yazıçı  

 

 Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyi dövründə tez-tez respublikanın müxtəlif bölgələrinə səfərlər edər, sadə zəhmət adamları ilə görüşər, onların dolanışığı, qayğıları ilə maraqlanardı. 1980-ci ildə Saatlı rayonuna böyük qrupla belə səfərlərin birində maraqlı epizod yaşanır. Ulu Öndər tarlada pambıqçılarla görüşür, onlara layiqli işlərinə görə təşəkkürünü bildirir. Sağollaşıb ayrılanda istəkləri ilə maraqlanır, o vaxtlar vətəndaşlar üçün indiki qədər əlçatan olmayan maşın, mebel və digər belə əşyalara ehtiyacları olarsa, tez bir zamanda yerinə yetiriləcəyini deyir.  

  Bu zaman pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb deyir:

-  Çox sağ olun, heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var. Ancaq bir xahiş etmək istəyirik. Bu yaxınlarda "İtkin gəlin" adlı kitab çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.

Pambıqçı qızın bu sözündən sonra o illərin, demək olar ki, ən populyar yazıçısı Əlibala Hacızadənin "İtkin gəlin" romanı - iki dəfə, hərəsi də yüz min tirajla çap olunaraq həm kitabxanalara verilir, həm də kitab mağazalarında satılır.

 

Milyonçu yazıçı

 

Görkəmli yazıçının "Mən sözlərimin içində yaşayıram" xatirə-məqaləsində də yer almış bu məqam, fikrimizcə, Əlibala Hacızadənin 1980-1990-cı illərdəki şöhrətini təsəvvür etmək üçün yetər. Onun 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi işləyərkən şəxsi müşahidələri əsasında qələmə aldığı "İtkin gəlin" trilogiyasına daxil olan "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş" romanlarının hər biri şəhərlərdə, kəndlərdə, əldən-ələ keçər, oxunmaqdan vərəqləri didik-didik olardı. Trilogiyanın hər romanının nəşri arasında bir müddət zaman keçdiyindən, oxucular yeni romanın nə vaxt nəşr olunacağını böyük intizarla gözləyər, hər dəfə kitab mağazalarında yeni əsərin satışa çıxıb-çıxmaması ilə maraqlanar, Əlibala Hacızadənin əsərlərindəki qəhrəmanların taleyi ilə yaşayardılar.

Valideynlər, böyüklər həmin əsərlərdəki müsbət qəhrəmanların adlarını ailənin yeni dünyaya gəlmiş övladlarına sevə-sevə verərdilər. Bu gün Azərbaycanın bütün şəhərlərində, rayon və kəndlərində o əsərlərin xoş təsirindən irəli gələrək "Elməddin", "Əfsanə", "Simin" və başqa belə adları daşıyan neçə-neçə gənc və ortayaşlı vətəndaşımızla rastlaşa bilərik.

Bu qədər böyük oxucu sevgisi təkcə "İtkin gəlin" trilogiyasına aid deyil, Əlibala Hacızadənin "Təyyarə kölgəsində", "Dünyanı tanı" və başqa belə əsərləri də eyni ədəbi tale ilə böyük marağa səbəb oldu. Oxucuların dəqiq qiymətləndirməsinə görə Əlibala Hacızadə Azərbaycan yazıçıları içərisində Məmməd Səid Ordubadidən sonra ən çox oxucusu olan qələm adamı idi. Əsərlərinin satışı dövlət büdcəsinə böyük gəlir gətirdiyindən onu "milyonçu yazıçı" adlandıranlar da vardı.

Əlibala Hacızadə özü həyatda yoxdur, amma onun əsərləri, bu əsərlərin yaratdığı zəngin təəssüratlar, acılı-şirinli xatirələr, həmin əsərlərin qəhrəmanlarının təlqin etdikləri dəyərlər yaşayır və bundan sonra da yaşayacaq. Zənnimizcə, bir ədib üçün bundan böyük xoşbəxtlik yoxdur və bu xoşbəxtliyin kökü Əlibala Hacızadənin yazıçılıq, şairlik fitrətindən gəlir. O, sanki dünyaya yazıb-yaratmaq, bir-birindən maraqlı əsərlər qələmə almaq üçün gəlmişdi.

 

Tezliklə məşhurlaşan imza

 

Ömür yolu 28 avqust 1935-ci ildə, dünyaya gəldiyi Biləsuvar rayonunun Ağalıkənd kəndində başlamışdı. Müharibə illərində həm atasını, həm də anasını itirdiyindən uşaqlığı çətinliklər içində keçmişdi. Onun həyatı bu qədər dərindən hiss edə bilməsi və ömrünün ən müxtəlif qatlarına aid canlı lövhələri əsərlərinə də gətirməyi bacarmasında olsun ki, uşaqlığında yaşadığı çətinliklərin böyük rolu vardı.

1953-cü ildə Biləsuvar rayonunun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra şərqşünas olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indi BDU) Şərqşünaslıq fakültəsinin fars şöbəsinə verdi. Üç əla qiymətdən sonra sonuncu imtahan ərəfəsində imtahan vərəqəsini itirdiyindən və yenisini heç cür ala bilmədiyindən az qala arzusunun üstündən xətt çəkiləcəkdi. İlk imtahanda bu çəlimsiz kənd uşağının ədəbiyyat üzrə biliklərini bəyənən mərhum professor Həmid Araslı ilə universitetdə təsadüfi rastlaşma vəziyyəti dəyişdi. O, Həmid Araslının köməyi ilə yeni imtahan vərəqəsi götürüb sonuncu imtahanda da iştirak edərək yüksək balla ADU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi oldu.

Tələbəlik illərinin əvvəllərində də çətinlikləri az olmadı, yataqxanada yer tapa bilməyib kirayə evlərdə qaldığı, maddi sıxıntı içində üç qışı paltosuz, tək pencəklə keçirdiyi vaxtlar oldu. Amma uşaqlıq çağlarından könül verdiyi ədəbiyyat onun qəlbində o qədər böyük ümid işığı yandırmışdı ki, ən soyuq, yarıac, çarəsiz vaxtlarında da bu işığın hərarətindən güc alıb yazıb-yaratmağından qalmırdı. Universitetdə ona dərs deyən Əli Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadə kimi müəllimləri də Əlibala Hacızadə üçün gələcəyə doğru yol bələdçiləri idilər.

İlk hekayələrini Əlibala Hacıyev imzası ilə yazmağa başlamışdı. Əlibala Hacızadə imzası isə onun "Ağ saçlı qızın hekayəsi" əsərini oxuyub bəyənən müəllimi Bəxtiyar Vahabzadənin tövsiyəsi ilə formalaşdı. Tezliklə bu imza tanınmağa başladı. Əlibala Hacızadənin "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Uşaqgəncnəşr"in buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olundu. Sonradan universitet qəzetində bir-birinin ardınca "Mənim ilk məhəbbətim", "Ömrüm təzələndi", "Yada düşdü", "Bir dəstə nərgiz" kimi lirik hekayələri çap olundu və hər biri xüsusilə tələbələr arasında böyük maraq qazandı.

1958-ci ildə ali təhsilini bitirib Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutu) kiçik elmi işçi kimi fəaliyyətə başladı. 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi kimi işlədi. Əfqanıstandan geri dönəndən sonra yenidən Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi kimi fəaliyyətinə davam etdi, 1976-cı ildən ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsinin əməkdaşı oldu. Əlibala Hacızadə 1994-1996-cı illərdə "Nizami" jurnalının baş redaktoru vəzifəsində çalışdı.

Onun elmi fəaliyyəti də kifayət qədər zəngindir. Əlibala Hacızadənin XX əsr İran poeziyasının görkəmli nümayəndələrindən Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası şərqşünaslıqda şairin yaradıcılığına dair ilk geniş tədqiqat işi kimi qiymətləndirilir. O, həmçinin müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmaların müəllifidir. Əlibala Hacızadə həmçinin Orta əsrlərə və müasir dövrə aid bir sıra elmi-bədii əsərləri fars dilindən azərbaycancaya tərcümə etmişdir.

 

Ədəbiyyat həyatdan doğar

 

Görkəmli yazıçının "Heykəl gülür" adlı ilk hekayələr kitabı 1961-ci ildə çapdan çıxmış, ardınca 1963-cü ildə "Unutmaq olmur" povesti, 1965-ci ildə "Məhəbbət olmayan evdə" povestlər kitabı, 1969-cu ildə "Cehiz", 1974-cü ildə "Pəhləvan" hekayələr kitabı işıq üzü görmüşdür.

1974-cü ildə çapdan çıxan "Təyyarə kölgəsi" romanı ilə yazıçı şöhrətinin zirvəsinə doğru böyük bir addım atmışdır. Əlibala Hacızadənin yazıçı üslubunun özünəməxsusluğunun dəyəri də bundadır ki, o, həyatın kiçik, adi, ilk baxışdan ötəri ehtiyaclarında, proseslərində belə dərin insan obrazları yarada bilirdi. "Ədəbiyyat həyatdan doğar" devizi ilə yazır, bu keyfiyyət onun əsərlərinin uzun müddət oxunmasının əsas səbəbinə çevrilirdi. Eyni xüsusiyyəti yazıçının "Təyyarə kölgəsi" əsərində də görürük. Bu əsərlə Əlibala Hacızadə elmi mühitin təsviri mövzusunu ilk dəfə Azərbaycan ədəbiyyatına gətirmiş, bunu həmin əsərin davamı olan "Vəfalım mənim" (1985) romanında daha da genişləndirmişdir. Onun 1980-ci illərin ikinci yarısına aid "Möcüzə" romanı da o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus baxışı əks etdirir.

Müəllifin ümumən 16 il ərzində qələmə aldığı əsərləri, bir-birindən ikiillik ara ilə nəşr olunan "İtkin gəlin" (1979), "Əfsanəsiz illər" (1981), "Ayrılığın sonu yoxmuş" (1983) romanları isə Əlibala Hacızadə yaradıcılığının zirvəsidir. O, özü də bu barədə deyirdi: "Oxucular "Təyyarə kölgəsi" romanımı mənim yaradıcılığımın "şah əsəri" hesab edirlər. Mən özüm isə "İtkin gəlin" romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən "İtkin gəlin"i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir".

"İtkin gəlin" romanının süjet xətti bədbəxt taleli bir qızın - sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. Romandakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Bu macəra fonunda Əlibala Hacızadə Əfqanıstanın gerçəkliyini, milli-mədəni həyat şəraitini, xalqın həyat və məişətini, etnoqrafiyasını güclü şəkildə təqdim edir. Əfqan reallığı və xalq fenomenlərinin realist təsviri trilogiyanın əsas xüsusiyyətlərindəndir. Əlibala Hacızadə burada sovet dövrü mətni üçün o qədər də doğma olmayan "Şərq ruhu"nu canlandırır. Feodal-patriarxal mühitdə hökm sürən kapital hökmranlığını, onun əxlaq kodeksinin puçluğunu göstərir. Kapitalın, dəbdəbənin arxasındakı iyrəncliyə işıq salır. Ancaq müəllif belə iyrənc bir mühitdə Elməddin, Əfsanə, Simin, Məhəmməd Şəfi, Bəbir, Ziyaülhəqq kimi mübarizlərin, cəfakeşlərin olduğunu da gizlətmir.

Əlibala Hacızadə bu əsərləri "Əfqanıstan trilogiyası" kimi təqdim etmiş, 1992-ci ildə hər üç roman yenidən nəşr olunmuş, 1995-ci ildə trilogiyanın motivləri əsasında 12 seriyalı televiziya filmi çəkilmişdir. Bu, Azərbaycanın ilk 12 seriyalı bədii filmi idi və belə bir ekran əsəri ötən əsrin 90-cı illərinin ortalarında "İtkin gəlin" trilogiyasının da, Əlibala Hacızadə yaradıcılığının da populyarlığını, cəmiyyətə təsir gücünü daha da artırmışdır.

Ədibin 1990-cı ildə çap olunmuş "Dünyanı tanı" romanı da çox böyük maraqla qarşılanmışdır. Uzun fasilədən sonra 2001-ci ildə Əlibala Hacızadənin "Sevəcəyəm" adlı şeirlər və hekayələr kitabı çapdan çıxmış, 2004-cü ildə isə bütün əsərləri 10 cilddə işıq üzü görmüşdür. Yeri gəlmişkən, ədib poeziya sahəsində də çox yüksək istedada malik idi, şeirlərini oxuyan, bu şeirlərə yazılmış mahnıları dinləyən hər kəs onun poetik istedadını dərindən duya bilir. 

 

İnsan özü yox, yaratdığı qalır

 

Əlibala Hacızadənin ədəbiyyat və elm tariximizdəki xidmətləri layiqincə qiymətləndirilmiş, o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

"Təyyarə kölgəsi" romanındakı obrazlarından birini dili ilə o belə yazırdı: "Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.."

Elə əsərlərinin həyatiliyi, oxucuya doğmalığı və əbədiyaşarlığı bundadır ki, bu əsərlərin hər birində təlqin olunan ideyalarla yazıçının öz real şəxsiyyəti, dəyərləri, amalları tən gəlir. Əlibala Hacızadəni həyatda görmüş, onu bircə dəfə də olsun kənardan müşahidə etmiş hər kəs bu şöhrətli yazıçının necə sadə, təvazökar, əxlaqlı ömür sürdüyünü yaxşı xatırlayır.  

Əlibala Hacızadə 2009-cu il oktyabrın 8-də oxucularını cismən tərk etsə də, əsərlərinin hər bir sətrindən yaradıcı şəxsiyyəti, nurlu, müdrik, qayğılı çöhrəsi boylanır, sözün, ədəbiyyatın gücü ilə insanda sevginin, əxlaq və mənəviyyatın, böyük amalların, ülvi məqsədlərin gücünə inam formalaşdırır.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!