Fransızların 89 faizi jurnalistlərin hələ də müasir cəmiyyətdə mühüm rol oynadığına inanır. Müşahidəçilər qeyd edirlər ki, bu cür dəstək səviyyəsi 2022-ci ildən bəri əldə edilməyib. Viavoice barometrinin sorğusunun nəticələri aprelin 6-da dərc edilib və aparıcı fransız media qurumları Ouest-France, France Medias Monde, Radio France və France Televisions tərəfindən təşkil edilən Jurnalistika üzrə Beynəlxalq Konfransa həsr olunub.
Xüsusilə, respondentlərin on nəfərindən doqquzu (92%) "jurnalistlərin həqiqəti yalandan ayırmaqdakı rolunun vacib olduğuna inanır"; 72%-i isə "bunun əvəzolunmaz olduğuna əmindir". Konfrans Journalisme & Citoyennete Assosiasiyasının prezidenti Jerom Buvye tərəfindən təşkil olunur.
Yeni terminlər ictimai müzakirələrdə metastazlaşır: saxta xəbərlər, həqiqətdən sonrakı dövr, alternativ həqiqət, sui-qəsd nəzəriyyəsi. İnsan axmaqlığı və süni intellekt, siyasi kinayə və platforma maraqları ilə gücləndirilən bu terminlər birlikdə yaşamaq qabiliyyətimizi təhlükəli şəkildə sarsıdır.
Fransız respondentlərin 49%-i yalan məlumatlarla "daha tez-tez" qarşılaşdıqlarını, 41%-i isə "əvvəlki kimi tez-tez" qarşılaşdıqlarını söyləyib ki, bu da dezinformasiyanın geniş yayıldığını göstərir.
Barometr həmçinin göstərir ki, respondentlərin 90%-i "şayiələr və yalan məlumatlar getdikcə internetdə və sosial mediada görünür" fikri ilə razılaşır. Ekspertlər narahatdırlar ki, respondentlərin 77%-i "ciddi bir media saytını hər cür təsdiqlənməmiş məlumat yayan saytlardan ayırd etmək getdikcə çətinləşir" fikri ilə razılaşır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”