12 Aprel 2024 23:20
472
SİYASƏT
A- A+

Sloveniya nəşri: Dayanıqlı sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb

 

Sloveniyanın “Delo“ gündəlik qəzetində “Dayanıqlı sülhün bərqərar olması üçün tarixi fürsət“ başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla müsahibə yer alıb.

E.Əmirbəyov müsahibəsində, ilk növbədə, Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələr və siyasi dialoqun yüksək səviyyədə inkişafı, bu ölkəyə səfəri zamanı keçirdiyi görüşlər və gələcəkdə əlaqələrin daha da inkişafı üçün hökumətlərarası birgə işçi qrupunun yaradılmasına dair təklifi barədə danışıb. Həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə enerji sahəsi ilə məhdudlaşmır və geniş potensiala malikdir. Qeyd edilib ki, Avropa İttifaqının mühüm ölkəsi və bu ilin yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Sloveniya ilə Azərbaycan arasında əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədədir.

Ermənistanla aparılan sülh danışıqları barədə suala cavab verən E.Əmirbəyov münaqişənin tarixi barədə danışıb və bildirib ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanması üçün onilliklər boyu danışıqlar prosesinə üstünlük verib və bütün diplomatik imkanlardan istifadə edib. Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına hörmət olunmasını tələb etsə də, nə Ermənistan bu qətnamələrə məhəl qoydu, nə də beynəlxalq ictimaiyyət və vasitəçilər Ermənistana müvafiq şəkildə təzyiq göstərmədilər. Bütün diplomatik səylər boşa çıxdıqdan sonra aydın oldu ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini sülh yolu ilə tərk etmək istəmir, beynəlxalq ictimaiyyət məsələyə etinasız yanaşır, vasitəçilər isə öz vəzifələrini status-kvonu mümkün qədər saxlamaq və münaqişənin alovlanmasının qarşısını almaqda görürlər.

Diqqətə çatdırılıb ki, işğalın qanuniləşdirilməsi istiqamətində növbəti erməni təxribatları Azərbaycanın beynəlxalq hüquq əsasında özünümüdafiə hüququndan istifadə etməsi ilə nəticələndi və 2020-ci ildə Azərbaycan ərazilərini işğaldan azad edərək, Ermənistanı yekun sülh müqaviləsi üçün danışıqlara vadar etdi. Lakin ötən dövr ərzində ermənilər yenidən danışıqlardan yayınma və prosesi ləngitmə taktikasını tətbiq etməyə çalışdılar. Bu isə öz növbəsində ötən ilin sentyabr ayında ərazilərin tam nəzarətə götürülməsi ilə nəticələndi. Hazırda Azərbaycan sülh bağlanması üçün bir çox maneəni aradan qaldırıb və regiona dayanıqlı sülh gətirmək üçün tarixi fürsət yaranıb. Münaqişə bitsə də, sülh hələ əldə edilməyib. Ona görə də hazırda məqsəd Ermənistanı sülh müqaviləsi bağlamağa, sərhədləri açmağa və diplomatik əlaqələri başlamağa inandırmaq lazımdır. Hər iki ölkənin nə vaxtsa dost olub-olmayacağını zaman göstərəcək, lakin artıq qonşu kimi yaşamaq üçün zaman yetışıb.

Azərbaycan rəsmisi hazırda danışıqlar prosesinə də toxunaraq bildirib ki, Ermənistan hökuməti öz vədlərinə əməl etməli, verdiyi sözün üstündə durmalı və öz milli qanunvericiliyini beynəlxalq hüquqa uyğunlaşdırmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünə tərkibində Qarabağ olmaqla hörmət etdiyini desə də, onların konstitusiyasında hələ də bu ərazinin Ermənistan dövlətinin bir hissəsi olduğu yazılıb. Eyni zamanda, Ermənistan işğal altında olan 8 Azərbaycan kəndindən də ordusunu çıxarmalıdır. Eləcə də Ermənistan regional inkişafda iştirak etmək istəyirsə, Azərbaycanın onun eksklavı olan Naxçıvanla kommunikasiya əlaqələri bərpa olunmalıdır.

Diqqətə çatdırılıb ki, Almaniyada baş tutan son danışıqlardan sonra erməni tərəfdən siqnallar verildi. Belə ki, onlar bütün mübahisəli məqamlar üzrə təkliflər hazırlayacaqdılar, lakin son altı həftədə sərhədlərin atəşə tutulması səbəbindən heç nə baş verməyib. Bu isə onu deməyə əsas verir ki, N.Paşinyan yeni geosiyasi müharibədə meydana çıxan bəzi yeni beynəlxalq təhlükəsizliyin təminatçılarının dəstəyi ilə yenidən danışıqları süni şəkildə yubatmaq qərarına gəlib. Arxasında böyük ölkələr və beynəlxalq təşkilatlar olduğundan erməni tərəfi hesab edir ki, prosesi gecikdirə bilər və bu yolla da regionda geosiyasi vəziyyət onun xeyrinə dəyişə bilər. Buna görə də Ermənistan, eyni zamanda, ölkənin hərbi imkanlarını artırmağa çalışır.

Gündəmdə olan aktual mövzular sırasında E.Əmirbəyov, həmçinin aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Ermənistan rəhbərliyi ilə görüşünə, necə deyərlər, Ermənistanın “iqtisadi dayanıqlığının artırılmasına” toxunub və deyib ki, bu görüşün Azərbaycan əleyhinə yönəlmədiyinə dair rəsmi Bakını inandırmağa çalışılıb. Bildirilib ki, bu yanaşma ilə bağlı iki problem var. İlk olaraq prosesin qeyri-şəffaflığı və son dəqiqəyə qədər bu barədə Azərbaycan tərəfinə məlumat verilməməsidir. Digər tərəfdən isə ayrı-seçkiliyin tətbiq edilməsidir. O zaman sual olunur: Niyə eyni şərait və şərtlər, imkanlar Azərbaycan üçün yaradılmayıb?! Bizim mövqeyimiz ondan ibarətdir ki, belə təhlükəsizlik və sabitlik təşəbbüsləri Avropa İttifaqı və ABŞ tərəfindən yalnız regional formatda irəli sürülə bilər. Bunun üçün də ayrı-seçkiliyə yol verilməməlidir.

Ermənistanın yürütdüyü siyasətin mahiyyətindən söz açan Azərbaycan rəsmisi bildirib ki, erməni strategiyası həmişə sadə səbəbdən iflasa uğrayıb: o, həmişə mifologiyaya əsaslanıb. Ermənilərin böyük mifi o idi ki, guya onlar qəhrəman və məğlubedilməzdirlər. Çünki beynəlxalq hüququ pozduqları halda onlara heç bir şey olmayacağına təminat verən mühüm müttəfiqləri vardır. Ona görə də indi eyni səhvi təkrarlama təhlükəsi yenə də mövcuddur. İndi Ermənistan hökumətinin vəzifəsi “yenidən revanş” istəyənlərə başa salmaqdır ki, Ermənistanın sabitliyi və inkişafı başqa yerdə deyil, burada, regionda, yaxın qonşuları arasındadır. Biz onların ərazisini istəmirik, sadəcə olaraq onların ağlında olanı unutmalarını istəyirik. Son iki ildə geosiyasi vəziyyət çox dəyişib, Türkiyə kimi güclü müttəfiqi olan Azərbaycan heç vaxt öz ərazilərinin yenidən işğal edilməsinə imkan verməyəcək.

Yekunda Azərbaycanın beynəlxalq siyasi müstəvidəki hədəflərindən danışan E.Əmirbəyov bildirib: “Ölkəmiz heç vaxt heç bir təşkilatın qapısını döyməyib. Çünki biz hesab edirik ki, hamı ilə, o cümlədən də yaxşı münasibətdə olduğumuz NATO ilə yaxşı münasibətdə olmaq lazımdır. Bizim təhlükəsizliklə bağlı baxışımız bu və ya digər təşkilata üzvlüklə birbaşa bağlı deyil. Fikrimizcə, bloklara qoşulmamaq ən yaxşı yoldur. Biz dörd ildir ki, bu hərəkatın ön cərgəsində yer alırıq və ona yeni nəfəs verməyə çalışırıq. Çünki hesab edirik ki, bəzən heç bir bloka daxil olmayan böyük bir ölkə qrupunun olması daha çox vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video