Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhimov Cəmil Nizami oğlunun anım günü ilə əlaqədar Şirvan şəhər Şəhidlər xiyabanında tədbir keçirilib.
Şəhər rəhbərliyinin, YAP şəhər təşkilatının, idarə və müəssisələrin nümayəndələrinin, şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının iştirak etdikləri anım mərasimində çıxış edən ŞİH-nin başçısı İlqar Abbasov Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Birinci Qarabağ müharibəsində xalqımızın üzləşdiyi ağır itkilər, şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti heç zaman unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək.
İlqar Abbasov həmçinin Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Qeyd edib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canlarından keçən şəhidlərimizin şərəfli döyüş yolu və qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Digər çıxış edənlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xalqımızın yaddaşında xüsusi yer tutduğunu, onların xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd ediblər. Vurğulayıblar ki, şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiram milli birliyimizin və Vətənə bağlılığımızın bariz nümunəsidir.
Qeyd edək ki, şəhid kiçik çavuş Cəmil Rəhimov 5 iyun 1969-cu ildə Sabirabadın Cəngən kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün 4 mart 1992-ci ildə cəbhəyə yola düşüb, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Aparılan araşdırmalar nəticəsində 33 il itkin düşmüş hesab olunan şəhidin şəxsiyyəti müəyyən edilib. Şəhidin nəşi Şirvana gətirilərək şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Seyran CAVADOV,
“Azərbaycan”