27 Iyun 2022 20:40
447
CƏMİYYƏT
A- A+

Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi və İƏT-ə üzv dövlətlərin turizm nazirləri ilə görüşüb  

İyunun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha və İƏT-ə üzv dövlətlərin turizm nazirləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının müsəlmanların siyasi, ictimai mənafelərinin ən yüksək səviyyədə təmsilçisi və müdafiəçisi kimi beynəlxalq etimad və ehtiram qazandığını deyib.

“İslam dünyasının müxtəlif nöqtələrində yaşanan problemlərə hər zaman prinsipial qiymət verən İƏT Azərbaycanın haqq işinə siyasi-mənəvi dəstəyini heç vaxt əsirgəməyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı 44 günlük Vətən müharibəmiz dövründə İƏT-in prinsipial mövqeyini əks etdirən ardıcıl bəyanatlarını yüksək dəyərləndirir. İƏT-in bütün müsəlman dünyasının mövqeyini əks etdirən bəyanatları İslam həmrəyliyinin bariz nümunəsidir”, - QMİ sədri vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə deyib: “Azərbaycan dövləti İƏT-in fəal üzvlərindən biridir. Prezident İlham Əliyev İslam həmrəyliyi ideyasının fəal müdafiəçisi, “İslam Həmrəyliyi İli”nin elan olunmasının təşəbbüskarıdır. Bu istiqamətdə beynəlxalq müstəvidə əməli səyləri ilə tanınan Azərbaycan dövlətinin lideri xalqımızın milli-mənəvi irsinə söykənərək dünya miqyasında insan həmrəyliyinə xidmət edən qlobal ideyalar irəli sürür, müqəddəs dinimiz İslamın sülhsevər mahiyyətindən çıxış edərək beynəlxalq müstəvidə islamofobiya təzahürlərinə qarşı etiraz səsini ucaldır. Dövlətimizin başçısı İslam ölkələri ilə Avropa ölkələrinin mədəniyyətlərarası dialoquna dair Bakı prosesinin müəllifidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İslam irsi abidələrinin nəfis şəkildə bərpa-yenidənqurma işlərini himayə edir, beynəlxalq müstəvidə İslam dəyərlərinin təbliği yönündə dəyərli layihələrin təşəbbüskarıdır”.

İslam dünyasından aldığımız mənəvi gücün Azərbaycan üçün olduqca dəyərli və vacib olduğunu deyən QMİ sədri vurğulayıb: “Bu gün qalib Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarında geniş quruculuq işləri aparır, erməni işğalı dövründə vandalizmə məruz qalmış ümumislam əhəmiyyətli dini-mənəvi abidələrimizi bərpa edir, yenidən qurur. Bütün İslam dünyasının ümumi qələbəsi olan Qarabağ Zəfərinin sevincini bizimlə birgə İƏT üzvü olan 57 ölkə nümayəndələri bölüşməyə hamıdan çox haqq edirlər. Qarabağın yenidən dirçəldilən şəhər və kəndlərini bütün dünya müsəlmanları gəlib görməlidirlər, xalqımız üçün müqəddəs olan yerləri ziyarət edib, torpaqlarımızın dirçəldilməsində iştirak etməlidirlər”.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, İƏT ölkələrinin turizm nazirlərinin Bakıda bir araya gəlməsi əlamətdar və vacib hadisədir. Forumun işinə xeyir-dualar diləyib, bütün iştirakçılarına ən xoş arzularını yetirib.

“İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi dəstək bizi sevindirir”, - deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.

İƏT-in Baş katibi Hissein Brahim Taha qeyd edib ki, bu konfransda iştirak etmək bizim üçün böyük şərəfdir: “COVID-19 pandemiyasının yaratdığı problemlər üzündən Azərbaycana bir müddət gələ bilmədik. Qazandığı tarixi Zəfər münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan dövləti bizə güvənə bilər. Biz bütün sahələrdə Azərbaycanı dəstəkləyirik. Sabah və biri gün Şuşaya gedərək Azərbaycana dəstəyimizi bir daha bildirəcəyik”.

Hissein Brahim Taha turizm sahəsinin əhəmiyyətindən də danışıb: “Əfqanıstandan Afrikaya qədər bütün ölkələrin turizm potensialını görməyə ehtiyacı var. Bütün səylərimizi səfərbər edəcəyik ki, bu konfransda faydalı nəticələr əldə edək. Biz Azərbaycanla birgə işləməkdən məmnunuq. Burada olmağımızla bir daha Azərbaycana dəstəyimizi göstəririk”.

Sonda Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahaya və Özbəkistanın Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimova xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, xarici işlər nazirinin müavini Fariz Rzayev, Milli Məclisin deputatları, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video