Prezident və birinci xanımın işğaldan azad olunmuş ərazilərimizə növbəti səfəri də çoxsaylı tədbirlərlə yadda qaldı
Xəbər verildiyi kimi, bu günlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər ediblər - bir güllə belə atılmadan döyüşsüz, itkisiz azad edilən Laçın və Kəlbəcərə.
Uzun illər ev-eşiklərindən köçkün düşmüş kəlbəcərlilərin və laçınlıların yurd həsrətini, torpaq sevgisini onlarla birlikdə canlarında daşıyan Prezidentin və birinci xanımın zəfərdən sonra bu rayonlara etdikləri bütün səfərlərində hiss olunur ki, onlar da hər bir kəlbəcərli və laçınlı qədər sevinir, orada görülən işlərin miqyası, sürətini görəndə qəlbləri ətrafdakı dağlar qədər böyüyür. Bu duyğular son səfər zamanı da hiss olundu.
Hər dəfə olduğu kimi, bu dəfə də Prezident və birinci xanım regionda görülən irimiqyaslı işlərin sürətini gözləri ilə gördülər. Öncə Kəlbəcərdəki "Soyuqbulaq" Kiçik Su-Elektrik Stansiyasının, "İstisu" Mineral Sudoldurma Zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular. "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su-Elektrik stansiyalarının açılışında iştirak etmələri də səfər çərçivəsində baş tutdu. Qarabağa və Şərqi Zəngəzura hər səfərində bir kəndin, yaxud bir neçə yaşayış məntəqəsinin təməlini qoyan Prezident bu dəfə də Zar kəndinin təməlini qoydu.
Kəlbəcərdən sonra elə həmin gün Laçına gedən Prezident və Birinci vitse-prezident Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Laçın rayonunda "AzərEnerji"nin "Mişni" və "Alxaslı" Kiçik Su-Elektrik stansiyalarının açılışında iştirak edən Prezident daha sonra Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlini qoydu. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olduqdan sonra Laçın rayonunun sənaye zonasında fəaliyyətə başlayacaq mebel fabrikinin açılışında iştirak etdi. Bu tədbirin iştirakçıları cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan razı qaldıqlarını, onlarla birlikdə olmalarından məmnunluq hissi keçirdiklərini dilə gətirdilər.
Prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olan Prezident və birinci xanım "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında da iştirak etdilər. Təhsilə çox böyük diqqət yetirən dövlət başçısı və təhsilin inkişafında Heydər Əliyev Fondunun rəhbəri kimi önəmli işlər görən Mehriban xanım Əliyeva həmin gün 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışına da qatıldılar. "Həkəri Balıq Təsərrüfatı"nın açılışındakı iştirak da İlham Əlyevin regiona səfərinin əhəmiyətindən xəbər verirdi. Prezidentin və Birinci vitse-prezidentin Zabux kəndinin sakinləri ilə görüşü isə bir ayrı sevinc, bir ayrı qürur idi.
Bu qüruru Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Kəlbəcər və Laçından fotolar paylaşmaqla hər kəsə çatdırdı. Paylaşımda deyilir: "Kəlbəcər və Laçında! Allaha min şükür. 25.08.2023". Həmin qürurun davamı olaraq dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən Laçın Şəhəri Günü bayram şənliklərində iştirak etdilər.
Xatırladaq ki, "Laçın Şəhəri Günü" Prezident İlham Əliyevin imazaladığı sərəncama uyğun olaraq ötən il avqustun 26-dan etibarən qeyd edilir. Bayramın bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun ötən ilin avqustunda Laçın şəhərində yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident köçkün laçınlıların doğma yurdlarına dönməsi ilə bağlı xoş xəbəri özünün tviter səhifəsində paylaşmışdı: "Bu gün avqustun 26-da biz-azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Həyatın əlamətdar günləri taleyüklü illərdir. Bu illər taleyin xoş anlarını, kədərli məqamlarını özündə saxlayan bir "sandıq" kimi insan ömrünün naxışına çevrilir. Al-əlvan naxışlardan hörülmüş həmin ömür illərin yükünü sahibi ilə birlikdə belədən-belə, elədən-elə daşıyır. Və bir gün gəlir ki, o yük insanın ən gözəl dostuna çevrilir, ömrün uğurlarını taleyinə yazır. Belə tale yazıları insanı yaşadan, böyük işlər görmək üçün güc verən, həyatın qəribəlikləri ilə qoşa addımlamağa həvəsləndirən mistikadır.
Hər insanın taleyində bir hikmət var. Belə bir hikmət bizim Mehriban xanım Əliyevanın da taleyinə yazılıb. Laçın Şəhəri Günü ilə xanım Mehriban Əliyevanın da özəl günü - doğum günü üst-üstə düşür. Nə xoş təsadüf! Bəlkə də alın yazısıdır. Bəlkə də Birinci vitse-prezidentin ömrünə Tanrının hədiyyə etdiyidir. Bəlkə də təkcə Mehriban xanıma yox, qoşa qanad olan Əliyevlər ailəsinin tarix qarşısındakı xidmətlərinə verilən Tanrı mükafatıdır.
Prezident bir ölkənin təkcə rəsmi rəhbəri deyil. Prezident həm də xalq adlı böyük bir ailənin başçısıdır. O, xalqın sevinci ilə yaşayır, kədərini bölüşür. Xalqının xoş gününə baxıb fərəhlənir, dərdindən sarsılır. Azərbaycan Prezidenti
İlham Əliyev məhz bu cür rəhbərdir. O, təkcə Ulu Öndər Heydər Əliyevin övladı deyil, həm də Azərbaycan xalqının oğludur. Xalqın oğlu olmaq ən böyük dəyərdir, ən qiymətli statusdur. İlham Əliyev bu statusu 2003-cü ildə alıb və 20 ildir yorulmadan çiyinlərində daşıyır. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" deyən İlham Əliyev bu sözləri ilə xalqın oğlu olduğunu dünyaya bəyan edir. Ona görə də təkcə Azərbaycanda deyil, dünyanın başqa yerində yaşayan azərbaycanlılar da onu sevir, ona etimad edir, güvənirlər.
Xalqın böyük rəhbəri və layiqli oğlu ənənəvi olaraq hər il doğum gününü keçmiş köçkün və şəhid ailələri ilə, işğaldan azad olunmuş rayonlarda keçirir. Artıq bu bir ənənəyə çevrilib. Birinci vitse-prezidentin də doğum gününü Laçında - Laçın Şəhəri Günündə qeyd etməsi bu ənənənin davamıdır. Ənənələr həm xalqın, millətin varlığına dəlalət edir, həm də xalqın övladlarını yaşadır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"