03 Fevral 2024 09:50
759
CƏMİYYƏT
A- A+
Səsvermə prosesi, səslərin sayılması, nəticələrin və yekunların müəyyən olunaraq ictimailəşdirilməsi

Səsvermə prosesi, səslərin sayılması, nəticələrin və yekunların müəyyən olunaraq ictimailəşdirilməsi

 

Səsvermə prosesi seçkilərin əsas mərhələlərindən biri olmaqla, müəyyən edilmiş məkan və zaman daxilində, qanunda nəzərdə tutulmuş qaydada seçki subyektləri tərəfindən həyata keçirilən hərəkətlərin məcmusudur. Seçkilərin təyin edilməsi günündən başlayaraq icra edilən bütün seçki hərəkətləri mərhələli şəkildə, qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada icra edilir, bir mərhələnin icrası başqa mərhələ üçün hüquqi nəticə yaradır və onun icrasının başa çatması digərinin başlamasına səbəb olur. 
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 98-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyələr seçkilər günü səsvermənin həyata keçirilməsi məqsədilə məntəqə seçki komissiyalarına əvəzsiz olaraq səsvermə otağı ayırır, səsvermə otağı daşınan və daşınmaz səsvermə qutuları, səsvermə kabinələri, məlumat lövhələri, gözə görünməyən mürəkkəblə dolu qablar, ultrabənövşəyi lampalar, stol, stul, yazı ləvazimatları, gizli səsvermə üçün lazım olan digər zəruri əşyalarla təmin olunur. 
Səsvermə otağında daimi seçici siyahısı, namizədlər haqqında məlumat (namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli olmuş və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməklə), seçki bülletenlərinin doldurulması qaydası haqqında izah və seçki bülletenlərinin nümunələri müvafiq qaydada müəyyən edilmiş məlumat lövhəsində asılır. Məlumat lövhəsində olan materialların seçicilər tərəfindən tam və sərbəst oxunması üçün o, hamının görə biləcəyi yerdə yerləşdirilir. 
Səsvermə prosesində aşkarlığın təmin edilməsi məqsədilə səsvermə otağı elə təşkil edilir ki, seçicilərin barmaqlarının yoxlanılması, seçici siyahısında adının axtarılması, seçki bülletenlərinin verilməsi, barmağın mürəkkəblənməsi, səsvermə kabinələri və qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünsün.
Səsvermə günü məntəqə seçki komissiyaları tərəfindən səsvermənin başlanmasınadək olan müddətdə (saat 08:00-dək) bir sıra hərəkətlərin icra edilməsi zəruridir. Məntəqə seçki komissiyasının sədri tərəfindən komissiya üzvləri arasında vəzifə bölgüsü aparılmalı, seçki materialları və avadanlıqları hazırlanmalı, səsvermənin başlanmasına 24 saat qalmış təşviqat materialları (seçicilərin maariflənməsi üçün nəzərdə tutulmuş materiallar istisna olmaqla) seçki məntəqəsindən çıxarılmalı, seçki bülletenləri sayılmalı və möhürlənməli, əgər istifadə edilməmiş qeydiyyatdan çıxma vəsiqələri varsa, onlar ləğv edilməli və bu barədə akt tərtib edilməli, səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələri məlumat lövhəsindən asılmalıdır. 
Səsvermə günü saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib onları kilidləyir, saat 08:00-da səsvermənin başlandığını elan edir.
Səsvermə günü seçici səhhətinə və ya digər üzrlü səbəblərə görə seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsilə bildirə bilər. Bu istək şifahi şəkildə bildirilibsə, o, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Bu halda məntəqə seçki komissiyası həmin vətəndaşın səsvermədə iştirakını təmin etmək üçün onun yaşadığı ünvana müvafiq qaydalara uyğun olaraq daşınan seçki qutusu göndərməlidir.
Müəyyənləşdirilmiş vəzifə bölgüsünə uyğun olaraq məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözə görünməyən mürəkkəblə əvvəl işarələnib-işarələnmədiyini ultrabənövşəyi lampadan istifadə etməklə yoxlamalı və sonra səsvermə otağına daxil olmağa icazə verilməlidir. Əgər seçici yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səs verirsə, onda səxsiyyət vəsiqəsi çip oxuyan qurğudan istifadə etməklə oxunur və orada göstərilən vətəndaşın yaşadığı ünvanla onun seçicilər siyahısındakı yaşayış yerinin ünvanının uyğunluğu yoxlanılır. Onu da qeyd edək ki, hazırkı növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində yeni nəsil şəxsiyyət vəsiqələrindəki məlumatları oxumaq üçün ölkə üzrə bütün məntəqə seçki komissiyaları 2 ədəd çip oxuyan qurğu ilə təmin ediliblər. Məntəqəyə daxil olmuş seçicinin adının seçicilərin daimi siyahısında olduğu yoxlanıldıqdan sonra ona səs vermək üçün seçki bülleteni verilir.
Səsverməyə gələn seçici seçki bülleteni almaq üçün komissiya üzvünə şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən digər sənədi təqdim etməlidir. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi, hərbi bilet, istintaq təcridxanalarında saxlanılan şəxslər təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər məhkumun şəxsiyyətini təsdiq edən sənəd, Azərbaycan Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər icazə vəsiqəsi və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi əsasında səs verirlər. Həmin sənədlər təqdim edildikdən sonra məntəqə seçki komissiyasının üzvü tərəfindən sənədlərin seriya və nömrəsi seçicilər siyahısında qeyd edilir. 
Seçki komissiyasının üzvü tərəfindən seçki bülleteninin nömrələnmiş sol küncü  müəyyən edilmiş hissədən kəsilərək seçiciyə təqdim edilir. Bundan sonra seçici səsvermə kabinəsinə daxil olur və seçki bülletenini  doldurduqdan sonra onu səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salaraq məntəqəni tərk edir. Seçici tərəfindən seçki bülleteni korlanarsa, o, yenidən bülleten almaq üçün ərizə ilə məntəqə seçki komissiysına müraciət edə bilər. Bu halda korlanmış bülleten ortadan kəsilərək ləğv edilir, müvafiq akt tərtib olunur, seçiciyə yeni bülleten verilir və seçicilər siyahısında seçicinin soyadından sağda bu barədə qeyd aparılır.  
Səslərin sayılması prosesi səsvermə günündə həyata keçirilən əsas həlledici seçki hərəkətlərindəndir. Səsvermə başa çatdıqdan sonra məntəqə seçki komissiyasının sədri səsvermənin başa çatmasını, yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilərin səs verə biləcəyini ucadan elan edir.  Seçki məntəqəsində olan seçicilərin səs verməsi başa çatdıqdan sonra istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin, müşahidəçilərin, media nümayəndələrinin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və onların ləğv ediməsinə dair akt tərtib olunur. Seçki məntəqəsi üzrə səsvermənin nəticələri yuxarıda qeyd edilən şəxslərin müşahidəsi altında Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş formaya uyğun olan və hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla 3 nüsxədən ibarət karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanmış protokolda komissiyanın həlledici səs hüquqlu üzvü tərəfindən əlyazısı qaydasında qeyd olunur. Məntəqə üzrə seçici siyahılarında olan seçicilərin, qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin, Dairə Seçki Komissiyasından məntəqə seçki komissiyasına verilmiş seçki bülletenlərinin, seçki bülleteni almış seçicilərin, istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin və korlanmış seçki bülletenlərinin sayı  yekun protokolunda seçki qutuları açılmazdan əvvəl yazılır. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və kilidlərinin salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.
Əvvəlcə daşınan seçki qutusu açılır və bülletenlər sayılır. Daşınan seçki qutusunda olan bülletenlərin sayı kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır.  Daşınan seçki qutusu üzrə səslər hesablanarkən, bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, oradakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız hesab edilir.
Səslər sayıldıqda, seçki qutularından yalnız Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş  formada (nömrələnmiş, yuxarı sol küncü kəsilmiş, yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə möhürlənmiş) çıxan seçki bülletenlərində olan səslər hesablanılır. Seçki qutularından müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri çıxdıqda, həmin bülletenlər sayılaraq məntəqə seçki komissiyası tərəfindən aktlaşdırılır.    
Seçki qutusundan çıxmış seçki bülletenində namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamışdırsa və ya birdən çox işarə qoyulmuşdursa, həmin bülleten etibarsız hesab edilir. Bundan başqa, seçki bülletenində səsin etibarlığına şübhə yaranarsa, məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Əgər səsin etibarsız sayılması haqqında qərar qəbul edilərsə, bülletenin arxa tərəfində onun etibarsız sayılmasının səbəbləri qeyd edilir və bu hal MSK sədrinin və katiblərinin imzası ilə təsdiq edilir. Etibarsız və etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı, eləcə də etibarlı hesab edilmiş seçki bülletenlərindəki səslərin sayı məntəqə seçki komissiyasının yekun protokolunun müvafiq bəndlərində göstərilir. 
Yuxarıda qeyd edilənlər icra edildikdən sonra etibarlı hesab edilmiş səslərin sayı (hər bir namizədin lehinə verilmiş səslər) namizədlər arasında bölünür və yekun protokolunda seçki bülleteninə daxil edilmiş namizədlərin siyahısına uyğun olaraq  tərtib edilmiş cədvəldə hər bir namizədin qarşısında göstərilməklə qeyd edilir.   
Məntəqə seçki komissiyasının yekun protokolunun birinci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına daxil olmuş müraciətlər, həmin müraciətlərə baxılması barədə komissiyanın qərarları, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınmasına dair akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi barədə akt, seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayına dair akt, korlanmış seçki bülletenlərinin sayı barədə akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvün və müşahidəçilərin müşayiəti ilə Dairə Seçki Komissiyasına göndərilir. Yuxarıda sadalanan sənədlərin surətləri əlavə edilməklə protokolun ikinci nüsxəsi məntəqə seçki komissiyasının katibində saxlanılır, protokolun üçüncü nüsxəsi tərtib edildikdən sonra məlumat lövhəsində asılaraq 5 gün orada qalır.
Səsvermə günü məntəqə seçki komissiyasına daxil olmuş  müraciət və şikayətlərə Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"da nəzərdə tutulmuş müddətdə və qaydada baxılır.
Prezident seçkiləri zamanı ölkə hüdudlarından kənarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsul idarələrində yaradılmış seçki məntəqələrində də səsvermə yuxarıda qeyd edilən qaydalar əsasında hazırlanıb həyata keçirilir.
Səsvermə günündən ən geci 2 gün keçənədək Dairə Seçki Komissiyasının protokolu seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Səsvermənin nəticələri haqqında DSK-nın yekun protokolunda ilkin olaraq məntəqə seçki komissiyalarının sayı, məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı, səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı və səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı göstərilir. Bundan sonra protokol müvafiq bəndlər üzrə - seçici siyahılarında olan seçicilərin, qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin, Dairə Seçki Komissiyasından məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin, seçki bülleteni almış seçicilərin, istifadə edilmədən ləğv olunmuş seçki  bülletenlərinin, korlanmış seçki  bülletenlərinin, seçki qutularında olan seçki bülletenlərinin, etibarsız hesab edilmiş seçki bülletenlərinin,  etibarlı hesab edilmiş seçki bülletenlərinin və etibarlı hesab edilmiş səslərin sayı, o cümlədən etibarlı hesab edilmiş səslərin namizədlər arasında bölünməsi, seçilmiş namizədin adı göstərilməklə tam və dəqiq doldurulur.
 Dairə Seçki Komissiyası protokolunun birinci nüsxəsi, Seçki Məcəlləsində nəzərdə tutulmuş sənədlər əlavə edilməklə,  lakin səsvermə günündən iki gündən gec olmayaraq, Dairə Seçki Komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir, ikinci nüsxəsi Dairə Seçki Komissiyasının katibində saxlanılır, üçünci nüsxə və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.
Seçki prosesinin sonuncu mərhələsi seçkilərin nəticələrinin və yekunlarının müəyyən olunaraq ictimailəşdirilməsidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203-cü maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.

İlkin ŞAHBAZOV,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!