20 Aprel 2023 02:12
1352
SİYASƏT
A- A+

Səbrimizlə oynamayın!

 

İlham Əliyev revanşistlərə, təlxəklər toplusuna qurtuluş yolunu göstərdi

 

İşğalçı Hayastanla Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, hələ də tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına rəvac vermir. Bunun da yeganə səbəbi cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən Hayastanın cəfəng iddiaları, bəhanələri və hərbi təxribatlarıdır. 
Aprelin 18-də Hayastanın baş naziri Nikol Paşinyan ölkəsi və region üçün sülh formulundan danışarkən bir daha reallıqları etiraf edib. Parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən baş nazir deyib ki, İrəvan heç bir ölkəyə ərazi iddiasının olmadığını açıqladıqdan sonra Hayastan və region üçün sülh gələcək. Onun sözlərinə görə, sülhə nail olmaq - dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Burada söhbət Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir. Paşinyan bildirib ki, vətəndaşları buna inandırmaq Hayastan hakimiyyətinin funksiyasıdır. İrəvan onlara rəhbərliyin düşüncə tərzini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar anladıqdan sonra bu qərarlarla razılaşacaqlar. 
Paşinyanın bu açıqlamaları da göstərir ki, Hayastanın rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları isə Azərbaycanla normal münasibətlərdən keçir. 

 

Paşinyan Hayastanın xilas formulunu Azərbaycanda görsə də...

 

Əgər ölkə rəhbərliyi bütün reallıqları etiraf edirsə və çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görürsə, sual olunur, nədən Hayastan sülh sazişini imzalamaqdan yayınır?!
Belə çıxır ki, bir tərəfdən sülh müqaviləsinin imzalanmasını qurtuluş yolu hesab edən Hayastan rəhbərliyi, digər tərəfdən revanşist qüvvələrə, yəni öz ordusunun tör-töküntüsünə rəhbərlik edə bilmir. Bunu "əsaslandıran" baş nazir orduda 5-ci kolonun olduğunu iddia edir. 
Bu isə o deməkdir ki, sülh müqaviləsi bağlanmayana və delimitasiya, demarkasiya prosesi getməyənə qədər Hayastanın təxribatları davam edəcək. Yəni sülh müqaviləsinin imzalanmaması da birbaşa Ermənistan rəhbərliyinin siyasi iradəsizliyindən irəli gəlir. Qarşı tərəf Azərbaycanla sülh danışıqlarına getməsə, məsələ daha da uzanacaq. Tərəflər arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə reallaşan sülh danışıqlarının nəticəsi olmayacaq. 
Aprelin 18-də Salyan rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən qalib komandan İlham Əliyev bir daha bu məsələlərə toxunaraq sülh istəməyən qüvvələrə sonuncu xəbərdarlığını edib.  
Sülh danışıqları ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslərin bu gün əsas amil olduğunu vurğulayan Prezident deyib ki, bu prinsiplər beynəlxalq hüququn normalarının təməl prinsipləridir. Ona görə də Azərbaycan əvvəlcədən bəyan edib ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və bu istiqamətdə danışıqlar aparmaq mümkündür və sülh müqaviləsi imzalana bilər.
Dövlət başçısı bir daha Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdiyini söyləyərək Praqa və Soçi görüşlərində əldə olunan razılığa toxunub. Xatırladaq ki, həmin görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu da bir daha göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. 
Beləliklə, bu addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Görünən odur ki, Ermənistan da prinsip etibarilə Azərbaycanın məsələyə yanaşması ilə razıdır. Çünki başqa variant da yoxdur: "Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir. Çünki əgər "A" deyibsə "B" də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır".

 

Azərbaycan heç kimə imkan verməz ki, ərazisində "at oynatsın"

 

İlham Əliyev hesab edir ki, işin gedişatı bunu göstərir, çünki Hayastanın başqa yolu yoxdur. 
O ki qaldı Qarabağın erməni əhalisinin durumuna, bu məsələ artıq Azərbaycanın daxili məsələsidir və tarixinin ən qüdrətli dövrünü yaşayan bir ölkənin daxili işlərinə heç bir qüvvə qarışa bilməz. Prezidentin də söylədiyi kimi, Azərbaycan heç vaxt daxili işlərini heç bir ölkə ilə müzakirə etməyəcək: "Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun".
Ali Baş Komandan Hayastana və onun havadarlarına bir daha mesaj ünvanlayaraq vurğulayıb ki, məğlub ölkə və ona dəstək verənlər İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində "dəmir yumruğ"un qətiyyətini, gücünü əyani şəkildə görüblər. Azərbaycan Ordusunun qəhrəman oğulları həm Vətən müharibəsi, həm də savaşdan sonrakı dövrdə dəfələrlə bu torpaqların əsl sahiblərinin kim olduqlarını göstəriblər. Ona görə də Azərbaycan heç kimə imkan verməz ki, ərazisində kimsə "at oynatsın".

 

Ya Azərbaycan bayrağı altında yaşamalı, ya da ki, rədd olub getməli

 

Prezident həmçinin separatçılara da sonuncu xəbərdarlığını edərək artıq seçim vaxtı olduğunu bəyan etdi. Bildirdi ki, indi onların iki seçimi var, ya Azərbaycan bayrağı altında yaşamalı, ya da ki, çıxıb getməlidirlər: "Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar". 
Prezident əmin olduğunu bildirdi ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar xalqa imkan vermirlər. Nəinki insanları rahat yaşamağa qoyurlar, hətta onları 30 ildir girov kimi saxlayırlar. 
Məhz bütün bunları aydın şəkildə görən Azərbaycan Prezidenti bir daha mövqeyini bəyan edib: "Bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada".
Göründüyü kimi, yenə də gündəliyi Azərbaycan Prezidenti ortaya qoyur. Bütün ağrılı məqamlara, işğala, törədilmiş erməni vəhşiliklərinə baxmayaraq, İlham Əliyev bölgənin gələcəyi naminə sülh gündəliyi təqdim edir. Ermənistanın düşdüyü sosial-iqtisadi bataqlıqdan qurtulması üçün yol göstərir. 
İlham Əliyevin bu mesajı 2 yol göstərir. Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" revanşistlərin başını əzməlidir. Təbii ki, 44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Bu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Görünən odur ki, Ermənistan rəhbərliyi ölkənin daha acınacaqlı duruma düşməməsi üçün Azərbaycanın bütün tələblərini yerinə yetirməklə sülh sazişini imzalamağa məcburdur. Yəni Ermənistanın qurtuluşu barış  sazişindən keçir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video