09 May 2025 08:20
591
SİYASƏT
A- A+
"Sağlam xalq güclü dövlətin təməlidir"

"Sağlam xalq güclü dövlətin təməlidir"


Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün yeni bir səhiyyə strategiyası formalaşdırıb


Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onların adı zamanla ölçülməz, əməlləri illərə deyil, əsrlərə bərabər olar. Məhz belə şəxsiyyətlərdən biri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və müdrik dövlət başçısı Heydər Əliyevdir.

Azərbaycan xalqı hər il Ulu Öndərin doğum gününü böyük ehtiramla yad edir. Çünki 10 may yalnız Ulu Öndərin doğum günü deyil, eyni zamanda Azərbaycanın qürur və dövlətçilik salnaməsinin də yenidən yazılmağa başladığı tarixdir.

Azərbaycanın müasir tarixində dərin izlər qoyan, yeni dövlətçilik ideyalarının müəllifi olan Ümummilli Lider Heydər Əliyev yalnız siyasi arenada deyil, sosial-iqtisadi və humanitar sahələrdə də mühüm islahatlara imza atıb. Onun fəaliyyəti təkcə ölkənin siyasi sabitliyini təmin etməklə kifayətlənməmiş, eyni zamanda xalqın rifah halının yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və sağlam həyat tərzinin formalaşdırılmasına da yönəlmişdi. Bu mənada səhiyyə sahəsi Heydər Əliyevin xüsusi diqqət ayırdığı, strateji əhəmiyyət daşıyan sahələrdən biri kimi önə çıxmışdır.

Səhiyyə - istənilən dövlətin sosial dayaqlarından biri olmaqla yanaşı, cəmiyyətin sağlam inkişaf səviyyəsinin də göstəricisidir. Azərbaycanın ən mürəkkəb siyasi-ictimai mərhələlərdən keçdiyi dövrlərdə belə Ümummilli Lider bu sahənin inkişafını daim prioritet vəzifələr sırasında saxlamışdı. Həm sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə, həm də Azərbaycanın müstəqillik dönəmində Heydər Əliyevin səhiyyə  siyasəti dərin strateji baxışı və humanist yanaşması ilə seçilirdi.

Heydər Əliyev üçün Azərbaycan insanının sağlamlığı, rifahı və həyat keyfiyyəti əsas prinsiplərdən biri idi. O, dəfələrlə vurğulayırdı: "İnsan sağlamlığı - cəmiyyətin əsas sərvətidir". Bu yanaşma təkcə sözlərlə deyil, konkret addımlar və ardıcıl tədbirlərlə reallığa çevrilmiş, onun rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən islahatlar uzunmüddətli və dayanıqlı inkişafın bünövrəsini formalaşdırmışdır.

Heydər Əliyevin səhiyyə siyasəti təkcə keçmişin deyil, həm də bu günün və gələcəyin sağlam cəmiyyətinin təminatına yönəlmiş böyük dövlətçilik nümunəsidir.


Sağlam cəmiyyət güclü dövlətin əsasıdır


14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın ictimai-siyasi, sosial və iqtisadi həyatında yeni bir mərhələ başlandı. Həmin dövr Azərbaycanda səhiyyənin vəziyyəti ozamankı tələblərə cavab vermirdi: infrastruktur köhnəlmişdi, bölgələrdə tibbi xidmətin səviyyəsi aşağı idi, ixtisaslı tibbi kadr çatışmazlığı ciddi hiss olunurdu. Bu reallıqlar həyata keçirilən köklü islahatların zəruriliyini ortaya qoyurdu.

Belə bir dövrdə Heydər Əliyevin uzaqgörənliyi və sosial siyasətə verdiyi önəm nəticəsində Azərbaycanın səhiyyə sistemi yenidən formalaşmağa başladı. Ulu Öndər səhiyyənin yalnız müalicəyönümlü deyil, həm də profilaktik xarakterli bir sistemə çevrilməsini əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu məqsədlə respublikada yeni xəstəxanalar, poliklinikalar, sanatoriyalar və digər tibbi müəssisələr inşa edildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir olundu, onların maddi-texniki bazası müasirləşdirildi. 1970-1980-ci illər ərzində Azərbaycanın şəhər və kəndlərində yüzlərlə yeni tibb müəssisəsi istifadəyə verildi ki, bu da əhalinin tibbi xidmətlərə çıxış imkanlarını xeyli genişləndirdi. Səhiyyə üçün ayrılan dövlət xərclərinin həcmi bu illər ərzində təxminən 2,5 dəfə artdı.

Bununla yanaşı, Heydər Əliyev səhiyyə sistemində kadr potensialının gücləndirilməsini də əsas prioritetlərdən biri kimi müəyyən etmişdi. Onun təşəbbüsü ilə Azərbaycan Tibb İnstitutu üçün yeni tədris korpusları tikildi, tibbi kadrların hazırlanması və ixtisasartırma imkanları genişləndirildi. Gənc mütəxəssislərin Sovet İttifaqının nüfuzlu tibb mərkəzlərində təcrübə keçməsi üçün şərait yaradıldı. Bu addımlar nəticəsində respublikamızda yüksəkixtisaslı həkimlərin və orta tibb işçilərinin sayı əhəmiyyətli dərəcədə artdı.

Profilaktik tədbirlərin genişləndirilməsi, sanitar-gigiyenik maarifləndirmə işinin gücləndirilməsi, uşaqlar və qadınlar üçün xüsusi tibbi xidmətlərin təşkili kimi məsələlər də diqqət mərkəzində saxlanılırdı. Uşaq bağçaları və məktəblərdə müntəzəm tibbi baxışlar keçirilir, infeksion xəstəliklərin qarşısının alınması üçün peyvəndləmə tədbirləri sistemli şəkildə aparılırdı.

Heydər Əliyevin bu dövrdə atdığı addımlar nəticəsində Azərbaycan SSR ümumittifaq miqyasında səhiyyənin inkişaf səviyyəsinə görə qabaqcıl respublikalar sırasına yüksəldi. Çünki Ulu Öndər sovet dönəmində milli maraqlara sadiq bir siyasət yürüdürdü. Bu siyasət iqtisadiyyatdan tutmuş elmə, sənayedən mədəniyyətə, kadr siyasətindən tibb sisteminə qədər bütün istiqamətləri əhatə edirdi. Azərbaycanın ən həssas və ən çox qayğıya ehtiyac duyan sahələrindən olan səhiyyə də məhz Heydər Əliyevin siyasi iradəsi, qayğısı və prinsipial yanaşması sayəsində yenidən dirçəldi. Ulu Öndər əbəs yerə dəfələrlə vurğulamırdı ki, insanın saglamlığı dövlətin məsuliyyətidir.

Bütün bu nailiyyətlər məqsədyönlü, ardıcıl və elmi əsaslara söykənən siyasətin təzahürü idi. Məhz bu zamanda qoyulan təməl sonrakı illərdə - müstəqillik dövründə də sağlamlıq sisteminin inkişafı üçün dayanıqlı baza rolunu oynadı.


Müstəqil Azərbaycan və yeni səhiyyə strategiyası 


1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm də sosial-iqtisadi baxımdan son dərəcə mürəkkəb və ağır bir dövr idi. Ölkədə hökm sürən siyasi xaos, iqtisadi tənəzzül, Ermənistan-Azərbaycan müharibəsinin doğurduğu humanitar fəlakət və kütləvi məcburi köçkünlük səhiyyə sistemini də dərin böhran vəziyyətinə salmışdı. Dərman təminatı zəifləyən, tibbi avadanlıqları sıradan çıxan səhiyyə sahəsi daha ağır bir sınaqla üz-üzə idi - illərlə formalaşan ixtisaslı kadrlar xaricə üz tutmağa başlamışdı.

Hər bir sahədə olduğu kimi, səhiyyə sahəsi də tənəzzülə doğru gedirdi. Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ölkənin həyatında dönüş nöqtəsi oldu. O, dövlət idarəçiliyini yenidən bərpa etməklə yanaşı, səhiyyə sahəsinin də xilası üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə başladı.

Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün yeni bir səhiyyə strategiyası formalaşdırdı. Bu strategiyanın əsasını milli maraqlara əsaslanan, insan amilini önə çəkən və beynəlxalq təcrübəni nəzərə alan yanaşma təşkil edirdi. İlk mərhələdə səhiyyə infrastrukturunun bərpası və tibbi xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi istiqamətində addımlar atıldı. Maliyyə vəsaitlərinin son dərəcə məhdud olduğu bir dövrdə belə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin artırılması təmin olundu. Respublikanın bir çox bölgəsində yeni xəstəxanalar, doğum evləri, poliklinikalar tikildi, mövcud müəssisələr əsaslı şəkildə təmir olundu və müasir tibbi avadanlıqlarla təchiz olundu.

Eyni zamanda dərman təchizatı sistemində köklü dəyişikliklər edildi. Xarici ölkələrlə əməkdaşlıq çərçivəsində ölkəyə yüksəkkeyfiyyətli dərman vasitələrinin idxalı təmin olundu, tibbi cihaz və texnologiyalar yeniləndi. Səhiyyə sahəsinə xarici investisiyaların cəlb edilməsi istiqamətində hüquqi bazanın formalaşdırılması da bu dövrdə aparılan islahatların mühüm tərkib hissəsinə çevrildi.

Müstəqillik dövründə səhiyyə sahəsindəki ən mühüm nailiyyətlərdən biri də ana və uşaq sağlamlığının qorunmasına dair tədbirlərin genişləndirilməsi oldu. Xüsusilə gənc ailələrə, hamilə qadınlara və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldildi, doğum və uşaq xəstəxanalarının şəbəkəsi genişləndirildi. Ölkədə infeksion xəstəliklərə qarşı genişmiqyaslı peyvənd kampaniyaları aparıldı və bir sıra xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altına alındı.

Bütün bu islahatların mərkəzində bir ideya dayanırdı: sağlam cəmiyyət qurmaq. Heydər Əliyev inamla bildirirdi: "Güclü dövlətin təməli sağlam və savadlı vətəndaşdır." Onun bu yanaşması müstəqil Azərbaycanın səhiyyə siyasətinin əsasını təşkil etdi və illər keçsə də, həmin prinsiplər bu gün də aktual olaraq qalır.

Bütün bu işlərin fövqündə isə ilk növbədə səhiyyə sahəsində milli qanunvericilik bazasının yaradılması dururdu. Heydər Əliyev dövlət başçısı kimi sağlamlığın qorunmasını fundamental insan hüquqlarından biri kimi dəyərləndirir və bu istiqamətdə hüquqi mexanizmlərin formalaşdırılmasına xüsusi əhəmiyyət verirdi.


Yeni səhiyyə sistemi mütərəqqi qanunvericilik bazası tələb edirdi


1990-cı illərin ortalarından başlayaraq, Ümummilli Liderin təşəbbüsü və siyasi iradəsi ilə səhiyyə sahəsində əsaslı qanunvericilik islahatlarına start verildi.

Ən mühüm sənədlərdən biri - 26 iyun 1997-ci ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu oldu. Bu sənəd səhiyyə sahəsində ilk sistemli və mütərəqqi qanun kimi yadda qaldı. Qanunda Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqları, dövlətin bu sahədə məsuliyyəti, tibbi yardımın növləri və təşkili, sanitariya nəzarəti, profilaktika, icbari və könüllü tibbi sığorta, habelə özəl səhiyyə müəssisələrinin fəaliyyəti kimi məsələlər ətraflı şəkildə öz əksini tapdı. Bu sənəd səhiyyə sektorunun bazar iqtisadiyyatı şəraitinə uyğun inkişaf etməsinə imkan verdi və idarəetmənin hüquqi əsaslarını formalaşdırdı.

Bununla yanaşı, bir çox mühüm qanun və normativ sənəd də məhz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq qəbul edildi:

"Sanitar-epidemioloji salamatlıq haqqında" qanun. Bu qanun ölkədə sanitariya və epidemioloji nəzarət sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirdi.

"Donorluq və qan komponentləri haqqında" qanun - təhlükəsiz qan dövriyyəsini və donorluğun təşkili qaydalarını tənzimlədi.

"Psixi sağlamlıq yardımı haqqında" qanun - psixi xəstələrin hüquqlarını qoruyan və bu sahədə etik normaları müəyyən edən mühüm sənəd oldu.

"İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanun - bu sahədə tibbi və hüquqi normaları tənzimləyən ilk milli qanunvericilik aktlarından biri kimi mühüm əhəmiyyət daşıdı.

Sadalanan qanunlar həmin dönəmdə görülən işlərin sadəcə bir qismi idi. Ümumiyyətlə, Ulu Öndərin "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 13 mart 1998-ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrində islahatların daha geniş və daha sürətli aparılmasına şərait yaratdı. Keçid dövrü ərzində səhiyyədə mütərəqqi dəyişikliklərin edilməsi və yeni səhiyyə sisteminin yaradılması məqsədilə 1994-cü ilin dekabrında ölkə prezidenti və UNICEF rəhbərliyi "Əməkdaşlıq Proqramı" imzaladı. İslahatların əsas nailiyyətlərindən biri gələcəkdə özəl səhiyyə sisteminin və sığorta sisteminin tətbiq edilməsindən ibarət oldu. Bu istiqamətlərdə normativ-hüquqi baza yaradıldı, "Özəl tibbi fəaliyyət haqqında" qanun qüvvəyə mindi, eləcə də "Tibbi sığorta haqqında" qanun qəbul edildi.

Bu qanunvericilik aktlarının hazırlanması və həyata keçirilməsi nəticəsində Azərbaycan səhiyyə sistemi yeni bir mərhələyə qədəm qoydu. Heydər Əliyev bu sahədə müasir və beynəlxalq standartlara cavab verən hüquqi bazanın formalaşmasına şəxsən rəhbərlik edir, bir çox hallarda bu qanunların ideya müəllifi kimi də çıxış edirdi. Ulu Öndər səhiyyə ilə bağlı qəbul edilən hər bir qanunu sadəcə hüquqi sənəd deyil, insan həyatına və rifahına yönəlmiş bir dövlət qayğısı kimi dəyərləndirirdi. Bu baxımdan Heydər Əliyevin səhiyyə sahəsində qanunvericilik təşəbbüsləri təkcə bir dövrün ehtiyaclarını deyil, eyni zamanda gələcək nəsillərin sağlamlığını da təmin etməyə yönəlmiş strateji qərarlar idi.


"Həkim olmaq təkcə peşə deyil, bu, ali bir missiyadır"


Ulu Öndərin imzaladığı qanunlardan birini xüsusilə vurğulamaq istərdik. 17 iyun 1918-ci ildə Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə 17 İyun günü 2001-ci ildə Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Tibb İşçilərinin Peşə Bayramı Günü elan edildi. Həmin il peşə bayramı ərəfəsində Heydər Əliyevin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubunda deyilirdi: "Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz".

Bir məqamı da xüsusi olaraq vurgulamaq yerinə düşər. 2000-ci ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan Hərbi-tibb fakültəsi yaradıldı. Çox keçmədi ki, Qarabag ugrunda haqq savaşımızda həmin fakültənin məzunları olan qəhrəman həkimlərimizin fədakar əməyinin şahidi olduq.

Azərbaycan səhiyyə sisteminin inkişafını daim prioritet istiqamət kimi qiymətləndirən Ulu Öndər bir sıra tibb müəssisələrinin bünövrəsinin qoyulmasında, o cümlədən Azərbaycan Tibb Universitetinin yeni tədris korpuslarının, Naxçıvan Muxtar Respublikasında bir neçə səhiyyə ocağının, eləcə də əsaslı yenidənqurma işlərindən sonra Respublika Diaqnostika Mərkəzinin açılışında şəxsən özü iştirak edib.

"Həkim olmaq təkcə peşə deyil, bu, ali bir missiyadır. İnsan həyatını xilas etmək, onu qorumaq - bu, ən müqəddəs vəzifədir" söyləyən Ulu Öndər səhiyyə işçilərinin fəaliyyətinə hər zaman yüksək dəyər verərək onların cəmiyyətin sağlamlığının qorunmasındakı rolunu xüsusi vurgulayırdı. Heydər Əliyev bir çox çıxışında həkimlərin məsuliyyətini yalnız peşə borcu ilə deyil, həm də mənəvi və vicdani vəzifə kimi xarakterizə edirdi: "Sizin peşəniz elə bir peşədir ki, hər bir insan üçün vacibdir və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir".

Heydər Əliyevin səhiyyə sahəsinə dərindən bağlılığının daha bir danılmaz səbəbi də var - onun ömür-gün yoldaşı, tanınmış alim-oftalmoloq Zərifə Əliyeva. Zərifə xanım oftalmologiya sahəsində SSRİ miqyasında ilk kompleks elmi araşdırmalar aparan alim kimi tanınırdı. Onun əsərləri iqlim, istehsalat və texniki faktorların insan gözünə təsirinin elmi təhlili baxımından əvəzsizdir. 170-dən çox elmi məqalə, 12 monoqrafiya müəllifi olan Zərifə xanımın nailiyyətlərini Heydər Əliyev hər zaman yüksək qiymətləndirirdi, onunla fəxr edirdi. SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı qadın oftalmoloq olan Zərifə xanımın elmi fəaliyyəti Azərbaycanda oftalmologiya sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun təşəbbüsü və rəhbərliyi ilə bir sıra müəssisələrdə göz xəstəliklərinin erkən diaqnostikası və profilaktikası məqsədilə xüsusi kabinetlər yaradıldı.

Heydər Əliyev hər zaman Zərifə xanımın elmi uğurlarına qürurla yanaşaraq, onun əzmini, zəhmətini və müdrikliyini ictimaiyyətə bir örnək kimi təqdim edirdi. Çünki Zərifə xanımın uğurları təkcə onun ailəsi üçün deyil, bütün Azərbaycan üçün qürur mənbəyi idi.

Heydər Əliyevin milli səhiyyə siyasəti onun müəyyən etdiyi sosialyönümlü dövlət quruculuğu strategiyasının ayrılmaz tərkib hissəsi olaraq, bu gün də uğurla davam edir. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi səhiyyə siyasətini dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirir. Ölkədə səhiyyənin rəqəmsallaşdırılması, icbari tibbi sığortanın tətbiqi, regionlarda yüksəksəviyyəli tibb mərkəzlərinin yaradılması və əhalinin bütün təbəqələrinin tibbi xidmətə əlçatanlığının artırılması bu strategiyanın yeni mərhələdə reallaşmasıdır.

Bununla yanaşı, Heydər Əliyev Fondu xəstələrin birbaşa qayğı mərkəzinə çevrilib. Fondun həyata keçirdiyi minlərlə əməliyyat, müalicə və humanitar layihə Heydər Əliyev irsinin təkcə siyasi deyil, həm də mənəvi gücünü göstərir. Ümummilli Liderin özünün də dediyi kimi: "Biz elə bir dövlət qurmalıyıq ki, burada hər bir insanın sağlamlığı dövlətin qayğısı altında olsun. Sağlam xalq güclü dövlətin təməlidir".


Afət HƏSƏNOVA, 

tibb üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

11:02
20 May

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:56
20 May

“Azeri Light” markalı neft bahalaşıb

10:55
20 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  

10:54
20 May

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

10:54
20 May

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

10:33
20 May

Baş prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır  

10:30
20 May

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!