27 Yanvar 2023 02:17
1972
SİYASƏT
A- A+

Sadiq dost, əsl tərəfdaş

 

Beynəlxalq təşkilatlara sədrlik missiyası İlham Əliyevin liderlik keyfiyyətlərinə verilən yüksək qiymətdir

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan son illərdə dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. 
Çünki Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi imkanlara malik ölkə kimi çıxış edir, ortaya qoyduğu siyasi iradə, təşəbbüskarlıq ilə region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bütün bunlar ölkənin lideri İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun yaratdığı reallıqdır. 
Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirən İlham Əliyev bu istiqamətdə daim ardıcıl və sistemli addımlar atır, qlobal təşəbbüslərlə çıxış edir. Elə bunun nəticəsidir ki, son 20 ildə xarici siyasətin bütün istiqamətləri üzrə Azərbaycan diplomatiyası böyük uğurlar əldə edib. Ölkəmiz dünyada sayılıb-seçilən, sözü eşidilən, təşəbbüsü dəstək qazanan dövlət kimi nüfuzunu yüksəldib.

 

Müstəqil xarici siyasətin yaratdığı reallıq

 

Azərbaycanın son illərdə beynəlxalq imicinin daha da yüksəlməsi, respublikamızın ən ali səviyyəli tədbirlərdə ön cərgədə iştirakı, qlobal miqyasda ölkəmizin rəyinə hörmətlə yanaşılması və digər belə qürurverici olaylar, əlbəttə ki, hansısa təsadüfün nəticəsi deyil. Bu nailiyyətlər birbaşa olaraq İlham Əliyevin nümayiş etdirdiyi əzmkarlığın, rəhbərlik qabiliyyətinin, yüksək diplomatik bacarığının, qətiyyətli siyasətinin məntiqi nəticəsidir, desək, yanılmarıq.
İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə ortaya qoyur.
Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. 

Bu gün dünya xəritəsində yer tutan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Diqqət etsək görərik ki, həqiqətən də Azərbaycanın xarici siyasətinin uğurları kifayət qədərdir. Ölkəmizin BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına və Türk Dövlətləri Təşkilatına sədrlik etməsi və bu ilin yanvar ayından isə İqtisadi Əməkdaşlıq Təşkilatına rəhbərliyin icrasına başlaması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi və ölkəmizə, onun lideri İlham Əliyevə inam və etibarın bariz təcəssümüdür.
Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini və iki il ərzində uğurlu fəaliyyətini qeyd etmək lazımdır. Şübhəsiz, hələ 2011-ci ilin oktyabrında BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsi idi.

 

Etimad və inamın göstəricisi

 

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. 
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda Qoşulmama Hərəkatına sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaratdı. Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, ümumbəşəri problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha 1 il artırılması ölkəmizə olan etimadın, dövlətimizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. Məlumdur ki, sədrlik müddətinin uzadılması ilə bağlı təsisata üzv dövlətlər müraciət ünvanlayıb və Azərbaycan tərəfi bu müraciəti müsbət cavablandırıb. Bu, eyni zamanda Azərbaycan Prezidentinin qlobal liderlik keyfiyyətlərinə verilən yüksək qiymətdir.
Pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək Qoşulmama Hərəkatına sədrliyini müvəffəqiyyətlə davam etdirdi. Yəni Azərbaycanın bu nüfuzlu təşkilata sədrliyi çox mürəkkəb dövrə təsadüf etdi. Qısa müddətdə Prezident İlham Əliyev COVID-19 ilə mübarizə sahəsində qlobal təşəbbüslər irəli sürdü. BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamənin qəbul edilməsi və sair dünyada böyük rəğbətlə qarşılandı. Bu, ilk növbədə Qoşulmama Hərəkatının imicinin möhkəmləndirilməsinə böyük töhfə idi.

 

Türk dünyasının ən ali mükafatı

 

Qoşulmama Hərəkatından əlavə, Azərbaycan 2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına (əvvəlki adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) da uğurla sədrlik etdi. Ölkəmiz sədrliyi dövründə türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərdi. 
Bu təşkilata sədrliklə bağlı Azərbaycan Prezidentinin fəaliyyətinə ən yüksək dəyər ötən il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşündə verildi. Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün qonaqları İstanbulda salamladı, Zirvə görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə etdi: "Sədrliyi təhvil aldığımız Can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram". 
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərək dedi: "Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb".
Bu mükafat Azərbaycan Prezidentinin xarici siyasətinə, dost və qardaş ölkələrlə qurduğu münasibətlərə verilən ən yüksək dəyər idi. 

 

İƏT-ə sədrlik - Azərbaycanın diqqət yetirəcəyi məsələlər

 

Bu ildən isə ölkəmiz İƏT-ə sədrlik missiyasını yerinı yetirəcək. Təbii ki, təşkilatın strategiya və proqramlarının uğurla icra olunması, habelə "İƏT-2025" baxışlarının irəlilədilməsi, iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd-keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksəksəviyyəli görüşlərin keçirilməsi Azərbaycanın sədrlik dönəmində diqqət yetirəcəyi məsələlər olacaq.
Xatırladaq ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, onların  davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi və İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.
Azərbaycan İƏT Nazirlər Şurasının 28 noyabr 1992-ci ildə İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul edilib. Həmin gün Azərbaycanla yanaşı, daha 5 digər ölkə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da təşkilata daxil olublar. İƏT-in bu genişlənməsi hazırda "İƏT Günü" kimi qeyd olunur. Genişlənəndən sonra İƏT Avrasiyada əhəmiyyətli bir regional birliyə çevrilib və nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlayıb. 
İƏT həm də artıq həllini tapmış Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib. Təşkilatın 2021-ci il martın 4-də keçirilən XIV onlayn Zirvə toplantısında isə çıxış edən dost və qardaş Türkiyə, Pakistan dövlətlərinin liderləri, o cümlədən təşkilatın Baş katibi Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik etmişdilər.
Bütün bunlar Azərbaycana və onun rəhbəri İlham Əliyevin xarici siyasət kursuna verilən ən yüksək qiymətdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri isə həm İlham Əliyevin, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video