COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Britaniya Memarlarının Kral İnstitutunun (RIBA) prezidenti Muyiva Oki Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə AzMİU ilə RIBA arasında mövcud əməkdaşlıq, onun nəticələri və perspektivlər geniş müzakirə olunub.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova RIBA-nın vacib bir tərəfdaş olduğunu vurğulayıb. O, universitetin Memarlıq fakültəsinin bakalavriat səviyyəsi üzrə RIBA akkreditasiyasından növbəti dəfə uğurla keçməsindən məmnunluğunu ifadə edib: “RIBA akkreditasiyası AzMİU-nun memarlıq təhsilində dünya standartlarına cavab verdiyini təsdiq edir və bu, universitetin beynəlxalq səviyyədə tanınmasında mühüm addımdır”.
Muyiva Oki, öz növbəsində, AzMİU-nun nailiyyətlərini yüksək qiymətləndirib, Bakı memarlığından təsirləndiyini bildirib: “Azərbaycan memarlığı, xüsusilə Bakı şəhərinin memarlıq mənzərəsi zəngin ənənələri və müasir yanaşmaları özündə birləşdirir. AzMİU isə bu irsi qoruyub saxlayan və inkişaf etdirərək gələcək nəsillərə ötürən aparıcı təhsil ocağıdır”.
AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə Azərbaycan memarlığının inkişafı tarixindən, bu əməkdaşlığın milli memarlığın beynəlxalq müstəvidə tanıdılmasına verdiyi töhfələrdən bəhs edib.
Görüş zamanı RIBA-nın təkcə bakalavriat səviyyəsində deyil, həm də magistratura səviyyəsində akkreditasiya prosesinin həyata keçirilməsi məsələsi müzakirə edilib. Universitet rəhbərliyi və RIBA prezidenti arasında lazımi prosedurlar və meyarlar ətraflı təhlil olunub.
Muyiva Oki AzMİU-nun bakalavr proqramının 2024-2029-cu illər üçün RIBA akkreditasiyası sertifikatını rektor Gülçöhrə Məmmədovaya təqdim edib. Qeyd olunub ki, bu, universitetin tədris keyfiyyətinə verilən yüksək qiymətin rəmzidir.
RIBA-nın prezidenti AzMİU-nun Memarlıq fakültəsinin tələbələri tərəfindən hazırlanmış kurs işləri ilə tanış olub. Dekan Zahidə Məmmədova qonağa fakültənin fəaliyyəti, tədris proqramı və tələbələrin innovativ yanaşmaları haqqında ətraflı məlumat verib. Muyiva Oki tələbələrin işlərini yüksək qiymətləndirib, gənclərin yaradıcılıq potensialının Azərbaycan memarlığının gələcək inkişafında mühüm rol oynayacağını qeyd edib.