06 May 2024 14:24
491
Mədəniyyət
A- A+

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir  

 

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ötən müddət ərzində coğrafiyası çox genişlənib, tədbirdə iştirak edən ölkələrin və qurumların sayı xeyli artıb. Tanınmış alimlərin, ekspertlərin, ictimai-siyasi xadimlərin cəlb olunduqları “Bakı Prosesi” qlobal humanitar problemlərin müzakirəsi üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında xüsusilə vurğuladı: “Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.

İcraçı direktor qeyd edib ki, bu Forum qlobal miqyasda mədəniyyətlərarası dialoqun və əməkdaşlığın təşviqi üçün katalizator rolunu oynayır. Bu platforma fərdləri deyil, eyni məqsədə və niyyətə inanan, müxtəlifliyin və qarşılıqlı anlaşmanın qorunması istiqamətində birgə addım atmağa hazır olan insanları bir araya gətirir. Dialoq Forumu Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu Forum müxtəlifliyə dəyər verən və sivilizasiyalararası dialoqu fəal şəkildə təşviq edən ölkə kimi Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Belə ki, Forum müxtəlif mədəniyyətlərin, dinlərin və dillərin daşıyıcıları olan insanlar arasında dialoqu, anlaşmanı təşviq edir.

R.Həsənov bildirib ki, Azərbaycanın belə bir mötəbər tədbirin təşəbbüskarı və təşkilatçısı olması heç də təsadüfi deyil. Çünki qloballaşan dünyamızda dini ayrı-seçkiliyin gücləndiyi, dini zəmində qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanda multikulturalizmin, tolerantlığın dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunması da ölkəmizdə bəşəri sülhə xidmət edən mühitin mövcudluğundan xəbər verir. Bu da ondan irəli gəlir ki, multikulturalizm və tolerantlıq Azərbaycan xalqının genetik xüsusiyyətləri ilə bağlıdır. Prezident İlham Əliyevin dediyi kimi: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar”.

“Prezident İlham Əliyev Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bir daha bəyan etdi ki, Azərbaycanın daxili və xarici siyasət gündəliyinin əsas istiqamətləri mədəni müxtəlifliyi, dialoqu və əməkdaşlığı təşviq etməkdir. Dövlətimizin başçısı Azərbaycanın mədəniyyətlər arasında körpülərin qurulmasına, dünya miqyasında sülh və anlaşmanın möhkəmləndirilməsinə sadiq məsuliyyətli qlobal aktor kimi rolunu vurğuladı. Eyni zamanda, ölkəmizdə multikulturalizmin zəngin tarixinə, burada müxtəlif etnik və dini qrupların əsrlərdən bəri dinc yanaşı yaşamasına diqqət çəkdi. Azərbaycanın inklüziv cəmiyyətlərin qurulması üçün mühüm dəyərlər kimi mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı hörmətə sadiqliyini bir daha bəyan etdi. Qlobal çağırışların həllində və xalqlar arasında sülhsevər münasibətlərin möhkəmləndirilməsində dialoqun vacibliyini, Azərbaycanın regionda sabitliyi, əməkdaşlığı və iqtisadi inteqrasiyanı dialoq və diplomatiya vasitəsilə təşviq etmək səylərini vurğuladı. Forum iştirakçılarını mədəniyyətlərarası dialoqun təşviqi və ekstremizm, ksenofobiya və mədəni dözümsüzlük kimi ortaq çağırışların həllində beynəlxalq əməkdaşlığın artırılmasına çağırdı”, - deyə icraçı direktor diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq və birgəyaşayış ənənələrindən irəli gələn müsbət mədəniyyətlərarası dialoqun uzun tarixi var. Bu gün Azərbaycanda çoxsaylı etnik qruplar yaşayırlar, onların hər birinin öz dili, adət-ənənələri var. Lakin müxtəlif etnik, dini icmalar arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan hər zaman onu Vətən bilənlərə qucaq açıb. Bu gün özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgəyaşayışın parlaq nümunəsidir. Azərbaycanda mövcud olan bu dəyərləri dünyada tanıtmaq üçün beynəlxalq platformalar mühüm rol oynayır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan üçün onun mədəni kimliyinin təbliğində, beynəlxalq əməkdaşlığın genişləndirilməsində, sülhün və uzlaşmanın təşviqində, diplomatik məqsədlərə nail olmaqda böyük əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video