SPECA-nın Bakı Zirvə görüşündə qəbul edilmiş Yol Xəritəsi daha böyük uğurlara hədəflənib
Artıq dünya Azərbaycanı, həm də onun təkcə paytaxtını deyil, bir sıra digər şəhərlərini də möhtəşəm beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkan kimi tanıyır. Bu dəfə də Bakı həmin qəbildən daha bir tədbirə, əslində, bütün regionun dayanıqlı inkişaf platforması, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsinə evsahibliyi etdi.
Həftədə geniş tədbirlər proqramı reallaşdırıldı. Noyabrın 24-də isə Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Tədbirin məqsəd və məramı Prezident İlham Əliyevin buradakı çıxışının elə əvvəlindəcə öz aydın əksini tapdı: "Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq".
Xatırladaq ki, SPECA proqramına üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Odur ki, hər birinin qarşısında çoxsaylı problemlər, çağırışlar dayanırdı. İndi həmin çağırışların əsas hissəsi artıq arxada qalıb. Bu ölkələr dövlət suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişlər. Heç uzağa getməyək, elə öz ölkəmizdəki inkişafı təsdiqləyən bir neçə rəqəmi misal göstərək, zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modelini, rəqəmsal iqtisadiyyatın irəliləməsi istiqamətində görülən işləri, getdikcə genişlənən ticarət əlaqələrini xatırladaq. Son 20 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard dollara çatıb. Bu, ÜDM-nin real həcminin 4 dəfə artması deməkdir. Dövlət büdcəsinin gəlirləri 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 dəfədən çox artaraq 18,01 milyard dollara yüksəlib. Sənayeləşmə siyasəti nəticəsində əldə olunan nailiyyətlər, istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi, sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı da ürəkaçandır. 2002-2023-cü illərdə ölkədə 4 mindən çox sənaye müəssisəsi yaradılıb.
Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Əlverişli investisiya mühiti yaradılıb. Son iki onillikdə ölkə iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Ölkəmiz artıq Avrasiyanın "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində genişmiqyaslı işlər görülür. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb.
SPECA həftəsi digər üzv dövlətlərin də uğurlarının bir növ nümayişinə çevrildi. Məsələn, təşkilatın yaradılmasının 25 illiyi ilə bağlı Azərbaycanın xüsusi təşəbbüsü ilə "Bakı-Ekspo" Mərkəzində təşkil olunan sərgidə SPECA ölkələrinin stendlərində bu uğurlar aydın göründü. Burada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət müəssisələrinin və özəl şirkətlərinin məhsulları nümayiş olundu. Həm də maraqlıdır ki, stendlər vahid dizayn formatında quraşdırılmışdı.
Bu və digər faktlar da təsdiq edir ki, SPECA-ya üzv dövlətlər müstəqildirlər, müstəqil xarici, daxili, iqtisadi siyasət aparırlar. SPECA həftəsi də onların məhz həmin zəmindən çıxış edərək bir-birilə əlaqələrini getdikcə möhkəmləndirmək istiqamətində irəliyə doğru daha bir yeni addım oldu. Bu, SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə görüşlərindəki söhbətlərin məzmunundan da aydın göründü. Məsələn, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məmnuniyyətlə qeyd olundu. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması və ölkəmizin nəqliyyat imkanlarından istifadə edilməsi, bütövlükdə nəqliyyat-logistika imkanlarının və Trans-Xəzər nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin "Rəqəmsal İpək yolu" layihəsinin və Xəzər dənizinin dibi ilə xəttin çəkilməsi məsələsinin əhəmiyyəti və burada ölkələrimizin işbirliyi məmnuniyyətlə qeyd edildi. Eləcə də Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Orta dəhliz üzrə multimodal əməkdaşlığın qurulması və bu xüsusda ayrıca şirkətin yaradılması həmin istiqamətdə nəqliyyat-logistika imkanlarının inkişaf etdirilməsi baxımından müsbət irəliləyiş kimi vurğulandı. Energetika sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli əməkdaşlığı, Xəzərin dibi ilə elektrik xəttinin çəkilməsi və bunun gələcəkdə Avropa istiqamətində ixracı qeyd olundu.
Prezident İlham Əliyev Azərbaycanın hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, ölkəmizin cənub regionları istiqamətində İran ərazisindən keçməklə Naxçıvana və Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin qurulması ilə yeni bir alternativ nəqliyyat dəhlizi formalaşdırmasının ötürücülük qabiliyyətinin və nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini diqqətə çatdırdı.
Əslində, bunlar bütün region, hətta daha geniş bir məkan üçün mühüm əhəmiyyət daşıyan məsələlərdir. Qeyd olunduğu kimi, Macarıstanın Baş naziri Viktor Orban SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak etdi. Bu da bir daha onu göstərdi ki, ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dənizlə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir. Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsi böyük əhəmiyyətə malik bir hadisədir. Bu layihə macar şirkətlərinin iştirakı ilə icra olunacaq.
Prezident İlham Əliyev tərəfindən SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvət olunanlardan biri də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili idi. Dövlətimizin başçısı və qonşu ölkənin Baş naziri arasında söhbətin əsnasında Azərbaycanla Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu. Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu.
Son olaraq onu da qeyd edək ki, SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edildi. Yollar isə daha yeni hədəflərə çağırır, daha böyük nailiyyətlərə doğru aparır.
Flora SADIQLI,
"Azərbaycan"