Hava limanlarına, banklara və şirkətlərə böyük maddi ziyan dəyib
Dünən baş vermiş qlobal kiberqəza bütün dünyada və Avropada aviadaşıyıcıların, media şirkətlərinin, bankların və telekommunikasiya firmalarının fəaliyyətini iflic edib.
Texniki nasazlıqlar barədə məlumatlar "Microsoft"un onlayn xidmətlərinin işində fasilələr elan edildikdən sonra daxil olmağa başlayıb. Nəticədə, Avropanın hava yolları və hava limanları müxtəlif növ fasilələr etməyə məcbur olub. Almaniyanın DPA agentliyinin xəbərinə görə, Berlin hava limanı işini dayandırıb.
Amsterdamdakı Shiphol hava limanının nümayəndəsi bildirib ki, "Microsoft"un işindəki kəsilmələr uçuşlara əhəmiyyətli dərəcədə təsir göstərib. Hazırda dəyən zərər hesablanır və aeroport sərnişinlərə cari uçuş məlumatları üçün öz hava yolları şirkətləri ilə əlaqə saxlamağı tövsiyə edib.
London Stansted hava limanında ödəniş sistemləri də işləmir. Air France-KLM aviadaşıyıcısının Niderland bölməsi əksər əməliyyatları dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.
Praqa hava limanı çoxlu sayda aviaşirkətin istifadə etdiyi qlobal qeydiyyat sistemindəki nasazlıqdan əziyyət çəkdiyini bildirib. Nəticədə bəzi reyslər gecikib.
Röyter agentliyi xəbər verir ki, İspaniya bütün hava limanlarında "kompüter insidenti" barədə məlumat verib. Sərnişinlərin sayına görə Avropanın ən böyük hava yolu kompaniyası olan Ryanair sərnişinlərə mümkün problemlər barədə xəbərdarlıq edib və bunun şəbəkədə fəaliyyət göstərən bütün aviaşirkətlərə təsir edəcəyini bildirib.
London Fond Birjası bildirib ki, onun informasiya xidməti RNS xəbərlərin öz saytında dərc edilməsinə mane olan texniki problemlə üzləşib. Eyni zamanda nasazlıq səbəbindən Britaniyanın "Sky News" telekanalı dünən səhər canlı yayıma çıxa bilməyib. İnfoqrafika və loqotiplər olmadan qısa müddətə efirə qayıtsa da, bir müddətdən sonra yenidən sönüb.
Danimarkanın paytaxtı Kopenhagendə avtomatik yanğın siqnallarının işləmədiyi barədə məlumat verilib. Bu səbəbdən yerli hakimiyyət orqanları yanğın baş verdikdə əhalini təcili yardım xidmətlərinə zəng etməyə çağırıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"