04 Mart 2025 08:35
522
SİYASƏT
A- A+
Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdışa israrlıdırlar

Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdışa israrlıdırlar


İndiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illər olmaqla böyük bir dövrü əhatə edir. Ötən bu dövr ərzində etnik təmizləməyə məruz qalan, yurd-yuvasını tərk etməyə məcbur edilən soydaşlarımızın əksəriyyəti hazırda Azərbaycanda yaşayır. Hətta Türkiyəyə, Almaniyaya, Gürcüstana, Qazaxıstana, Özbəkistana və digər ölkələrə köçənlər də çoxdur.  Təkcə Türkiyə Cümhuriyyətində 1,5 mindən çox qərbi azərbaycanlı var və onlar Qərbi Azərbaycan İcmasının Qarsda yaradılmış ofisinə müraciət edərək ata-babalarının vaxtı ilə zorla qovulduqları o yurda qayıdışa hazır olduqlarını bildiriblər.

Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı ilk gündən nəinki Azərbaycanda, dünyanın bir çox xarici ölkəsində yaşayan qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və onların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qaytarılmasına dair geniş iş aparır. Təəssüf ki, icma tərəfindən Ermənistana edilən müraciətlərə hələ də cavab verilməyib. Əksinə, erməni tərəfi diqqəti yayındırmaq, məsuliyyətdən qaçmaq üçün uydurma iddialar irəli sürür.

Ölkəmizdə rəsmi dairələrdə, ictimaiyyətlə görüşlərində, eləcə də xarici səfərləri zamanı mötəbər məclislərdə çıxışlarında Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə fəaliyyətinin vacibliyini vurğulayan Prezident İlham Əliyev deyib ki, biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, bu həqiqətləri də çatdırmalıyıq: "Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da icmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur".

Azərbaycan Prezidentinin bu istiqamətdə tapşırıq və tövsiyələrini özlərinin proqram sənədi kimi qəbul edən icma rəhbərliyi və üzvləri bu istiqamətdə fəaliyyət dairələrini və əlaqələrini daha da genişləndirir, ölkəmizin müxtəlif bölgələrinə səpələnmiş qərbi azərbaycanlılarla əlaqələr qurur, şəhər, rayon, qəsəbə və kəndlərdə, eləcə də xarici ölkələrdə ofisini yaradır, qərargah təşkil edir, görüşlər keçirir və sairə. 

Bu istiqamətdə fevralın son günlərində Qərbi Azərbaycan İcmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və icmanın birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Qərbi azərbaycanəsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri" adlı konfrans keçirilib.

Konfransda icmanın Ağsaqqallar Şurasının üzvü İlqar Abasov, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Səbinə Xasayeva, Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, həmçinin yeniyetmə gənclər iştirak ediblər.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında bildirib ki, soydaşlarımız tarixi torpaqları olan Qərbi Azərbaycandan mərhələlərlə deportasiya olunub və bu proses zamanı ağır insan haqları pozuntularına məruz qalıblar. O vurğulayıb ki, soydaşlarımızın ata-baba yurdlarından zorla qovulmaları, onların fiziki və mənəvi əzablara düçar edilməsi təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı törədilmiş cinayətdir.

Deputat qeyd edib ki, minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz Qərbi Azərbaycandakı soydaşlarımızın izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq başqa xalqlara aid edilib.

Əziz Ələkbərli vurğulayıb ki, tarixi ədalətin bərpa edilməsi, soydaşlarımızın öz doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquqa əsaslanan, legitim bir tələbdir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında tədbirin əsas məqsədinin gənclərlə fikir mübadiləsi aparmaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və gələcəyimiz üçün vacib məsələləri müzakirə etmək olduğunu bildirib.

Qərbi Azərbaycan mövzusu yalnız qərbi azərbaycanlıların deyil, bütün azərbaycanlıların milli məsələsidir. O, gənclərin Qərbi Azərbaycanla bağlı həqiqətləri öyrənərək beynəlxalq ictimaiyyətə çatdırmalarının, bu məsələdə milli maraqları müdafiə etmək üçün üzərlərinə düşən tarixi məsuliyyəti dərk etmələrinin vacibliyini xüsusi vurğulayıb.

Hər bir xalqın mövcud olduğu ərazidə tarixən varlığını təsdiqləyən, bölgəyə aidliyini sübut edən ən önəmli dəlillər maddi və mənəvi mədəniyyət abidələridir. Məhz buna görə, düşünülmüş şəkildə həmin abidələrin məhv edilməsi, mənimsənilməsi mədəni soyqırımı adlandırılır. İstər Qərbi Azərbaycan ərazilərində, istərsə də, Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin 30 il işğal altında saxladığı dövrdə arxeoloji irsin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti yeritdiyini sübut edən çoxsaylı təkzibolunmaz fakt məlumdur. Ermənilər müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səy göstəriblər. Çox qədim tarixə malik Qarabağ və ona bitişik ərazilərdə yaşı min illiklərlə ölçülən daş və torpaq sədlərə, ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqlarına, dini xarakterli ərazilərə, ziyarətgahlara, məbəd və monastrların qalıqlarına, dini mərasimlərin keçirildiyi güman edilən ərazilərə, qəbiristanlıqlar və kurqanlara vəhşiliklə divan tutublar. 

Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını Ermənistanın hər vəchlə danmağa çalışdığını, Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtdığını, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan bir çox müəyyən sənət sahələrinə ciddi zərər vurduğunu öz çıxışlarında dəfələrlə qeyd edən Prezident İlham Əliyev demişdir: "...Tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və islam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy məscid salamat qalmışdır. Lakin Ermənistan Göy məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir".

Ermənistanın bununla da kifayətlənmədiyini, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etdiyini, etnik təmizləmə törətdiyini, şəhər və kəndləri dağıtdığını, talan etdiyini, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan xalqının heç vaxt bu ədalətsizliklə barışmadığını, haqq səsini dünyaya çatdırmağa çalışdığını diqqətə çatdırıb. Bu və bundan da betər insani və hərbi cinayətlər törədən, 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı həbs edilən bir qrup Ermənistan vətəndaşı bu günlərdə Bakı Hərbi Məhkəməsində ədalət məhkəməsi qarşısında mühakimə olunur. 

Bulanıq suda balıq tutmaq sevdası ilə utanmadan, çəkinmədən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanda hazırda məhkəmələri davam edən bu müharibə cinayətkarlarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirmişdir.

Beynəlxalq hüququn tələb və tövsiyələrini tapdalayan, müharibə cinayətlərini ört-basdır etməyə çalışan Ararat Mirzoyana etiraz olaraq Qərbi Azərbaycan İcması dünya dövlətlərinə, insan hüquqları müdafiəsi ilə məşğul olan Qeyri-Hökumət Təşkilatlarına və tərəqqipərvər bəşəriyyətə bəyanat ünvanlayıb.

Ararat Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Əslində Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi öz ərazisindən zorla çıxardığı qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

İcmanın bəyanatında vurğulanır: "Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal etmiş və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoymuşdur. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə edilir. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir. 

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edirik".

Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı qaçılmaz proses hesab olunur. Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, dədə-baba yurdlarından zorla didərgin salınmış soydaşlarımızın geri qayıtmaq istəyi qanuna, haqqa, ədalətə söykənir. Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdışa israrlıdırlar və bunun üçün Ermənistandan beynəlxalq səviyyədə təminat tələb edirlər. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!