Belə deyirdi Məhəmmədəli İbrahimli: "Qələbə sadəcə, inamdır"…
O, həyata sevgi ilə, gələcəyə ümidlə baxan gənc idi. Qələbəyə inam isə Məhəmmədəlinin ən böyük inancı, amalı, məqsədi idi. Məhəmmədəli İbrahimlinin qalibiyyət düşüncəsinin ön sırasında isə Vətən dayanırdı.
Məhəmmədəli İbrahimlinin atası Füzuli rayonunun Cuvarlı kəndindəndir. Ancaq Məhəmmədəli o kəndi, isti ata ocağını görməmişdi. Erməni quldurları 1993-cü ildə onun ata yurdunu işğal etmişdilər. Valideynləri məcburi köçkünlük həyatının məşəqqətlərinə qatlaşmalı olmuşdular.
Hamının sevimlisi…
Məhəmmədəli İbrahimlinin anası İlhamə xanım danışır: "Mən beyləqanlıyam. Ancaq qohumlarımızın çoxu Füzulidə yaşayırdı. Həyat yoldaşımla da bibinəvəsi, dayınəvəsiyik. 1992-ci ildə Füzuliyə gəlin köçdüm. Qarabağın ağır günləri idi. Silahlı ermənilər dinc azərbaycanlılara hücum edir, günahsız insanları qətlə yetirirdilər. Azərbaycanın mərd, qeyrətli övladları erməni vəhşiliklərindən, zülm və işgəncələrindən fəryad edən soydaşlarımızın harayına hay verir, torpaqlarımızın işğal olunmaması üçün sinəsini düşmən güllələrinə sipər edirdilər. Həyat yoldaşım Mütəllim Xəlilov da onlardan biri idi. O da könüllü olaraq vətənimizin müdafiəsinə qoşulmuşdu. İndiki kimi güclü, nizamlı ordumuz, silah-sursatımız yox idi. Odur ki, qəsbkar ermənilər Qarabağı işğal etdilər. Yağılar bizim də elimizi, obamızı ələ keçirdilər. Yurdumuzdan didərgin düşdük. Başqa yeri tanımadığımıza görə elə Beyləqanda məskunlaşdıq".
Məhəmmədəli İbrahimli 1996-cı il noyabrın 22-də Beyləqanda dünyaya gəlib. Məhəmmədəli bir yaş səkkiz aylıq olanda Bakıya köçüblər. O, bu şəhərdə uşaq bağçasına gedib. 2003-cü ildə isə Sabunçu rayonunda yerləşən 215 saylı tam məktəbdə təhsil almağa başlayıb.
Ailədə iki qardaş olublar. Məhəmmədəli və ondan iki yaş böyük olan Məhəmməd. Anası Məhəmmədəlinin uşaqlıq illərindən danışır: "Qardaşı ilə xasiyyətcə bir-birlərinə oxşamırdılar. Məhəmmədəli çox ərköyün, küsəyən idi. İstəyirdi ki, hamı onu sevsin, əzizləsin. Evimizin sonbeşiyi idi. Ancaq onu yalnız biz əzizləmirdik, bütün nəslin, qohum-əqrabanın sevimlisi idi Məhəmmədəli. Bu sevgini kiçik yaşlarından özü qazanmışdı".
Təhsil aldığı orta məktəbdə də çox tez fərqlənməyə başlayıb. Dərs əlaçısı, sinif nümayəndəsi olub. Məktəbdə Məhəmmədəliyə dərs deyən müəllimlərin hər biri əmin idi ki, o, hansı fənni, ixtisası seçsə, uğur qazanacaq, fərqlənəcək. Məhəmmədəli İbrahimli kiçik yaşlarından hərbçi olmaq arzusunda idi. O, hələ ibtidai sinifdə oxuyanda təhsil aldığı məktəbin əlaçı şagirdlərinin sırasında olub. Əlaçılardan bəhs edən kitab da çap olunub. Həmin kitabda Məhəmmədəlinin gələcəkdə hərbçi olacağı barədə fikirləri qeyd edilib. Hərbçi olacaq, atasının Birinci Qarabağ müharibəsində döyüşdüyü, yağıların ələ keçirdikləri dədə-baba yurdunu xilas edəcəkdi…
Ancaq anası ona başqa bir ixtisası seçməyi məsləhət görüb. Məhəmmədəli onun sözünü yerə salmayıb. 2014-cü ildə o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra universitetdə qalıb.
2018-ci ildə Azərbaycan Dövlət Texniki Universitetində magistr təhsili alıb. Və ixtisası üzrə işə başlayıb. Anası danışır ki, Məhəmmədəli iş yerində qısa müddətdə savadı, bacarığı ilə seçilib, ona etimad göstəriblər: "Amma Məhəmmədəli universitetdə çalışmaq, elmi fəaliyyət göstərmək istəmədi. Bilirəm ki, o, heç mühəndis də işləməyəcəkdi. Çünki uşaqlıq arzusu qəlbindəydi. Hərbçi olmaq istəyirdi. Şəhid olmasaydı, hərbi xidmətdə qalacaqdı".
Ən böyük arzusu Xocalının qisasını almaq idi
Uşaqlıqdan atasından çox eşitdiyi Füzulidə və başqa ərazilərimizdə düşmənin at oynatması Vətənin bütün qeyrətli övladları kimi, Məhəmmədəli İbrahimlinin də qüruruna toxunurdu. Ən böyük arzusu Xocalının qisasını almaq, Qarabağın, Şərqi Zəngəzurun bütün ərazilərini Ermənistan silahlı qüvvələrinin işğalından xilas etmək və ata yurdu Füzuliyə getmək idi.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Məhəmmədəli İbrahimli üç ay idi ki, hərbi xidmətdə idi. Anası deyir ki, o, hələ universitetdə oxuduğu illərdə kəşfiyyatçı olmaq üçün kursa yazılmışdı: "Müharibənin başlaması xəbərini eşitdiyim gündən yuxum ərşə çəkildi. Gecə-gündüz cəbhədə döyüşən bütün əsgər və zabitlərimizə dua edirdim. Həyəcanla televiziya vasitəsi ilə yayımlanan xəbərləri izləyirdim. Məhəmmədəli telefon əlaqəsi saxlayırdı. Ancaq çox qısa danışırdı. Ölüm-dirim savaşında olduğunu, qızğın döyüşlərdə iştirak etdiyini mənə söyləmirdi. Ona ehtiyatlı olmağı tapşıranda cavab verirdi ki, mən heç hara getmirəm ki… Ya da deyirdi ki, ana, böyürtkən yeyirəm…"
Məhəmmədəli İbrahimli oktyabrın 3-də Suqovuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşdə qolundan və ayağından yaralanır. Ailəsinin xəbər tutmasını, narahatlıq keçirməsini istəməyib. Anası deyir: "Yaxın dostu ilə telefonla danışanda deyib ki, yaralanmışam, hospitaldayam, qardaşıma demə. Dostunun gizlətməyə ürəyi gəlməyib. Bacımın həyat yoldaşına zəng edib. Deyib ki, Məhəmmədəli mənə and verdi, ona görə də qardaşına deyə bilmərəm… Məhəmmədəli yaralanıb… Məhəmmədəli Bərdədə xəstəxanada müalicə olunurdu. Oktyabrın 4-ü qardaşı getdi. Məhəmməd ora çatanda, telefonu Məhəmmədəliyə verdi. Onunla görüntülü danışanda huşumu itirdim. Mənə ürək-dirək verdi ki, bax, görürsən, sağam, narahat olma, gəl. Oktyabrın 5-də mən də Bərdəyə yollandım. Məhəmmədəli oktyabrın 18-dək xəstəxanada qalmalı idi. Amma 4 gündən sonra, oktyabrın 7-də cəbhəyə qayıdıb".
Oktyabrın 12-si axşam saat 8-in yarısı Məhəmmədəli zəng edib. Anası ilə danışanda onu arxayınlaşdırıb ki, üç gün sənə zəng etməyəcəyəm… Anası göz yaşları içində xatırlayır: "Tapşırdım ki, özünü gözlə… Son danışığında da dedi ki, ana, narahat olma, fikir eləmə, hər şey yaxşı olacaq, bircə üç gün məni gözlə, üç gün sonra xəbər alacaqsan… Oktyabrın 13-ü səhər saat 6 idi. Gördüm Məhəmməd ağlayır. Dedi ki, ana, gecə Məhəmmədəlini yuxuda görmüşəm, qardaşıma nəsə olub. Ona təsəlli verdim ki, nə olacaq Məhəmmədəliyə? Onu inandıra bilmədim. Cavab verdi ki, sən nə deyirsən de… Məhəmmədəliyə nəsə olub... İki qardaş əkiz kimi idilər. Bir-birləri ilə nəfəs alırdılar".
İndi Vətəndir adın..
Məhəmmədəli İbrahimli müharibənin ilk günündən şiddətli döyüşlərdə iştirak edib. Talış kəndi yüksəkliyindən başlayan döyüş yolu oktyabrın 13-də Ağdərə istiqamətində ən uca məqamla sona çatıb. Məhəmmədəli İbrahimli şəhid olub. Dörd gün sonra onun ata yurdunu - Füzuli rayonunun Cuvarlı kəndini qəhrəman Azərbaycan Ordusu işğaldan azad edib.
Qəhrəman şəhidin nəşini döyüş ərazisindən götürmək mümkün olmayıb. Anası yana-yana danışır: "Altmış üç gün onu axtardılar. Oğlumun şəhid olduğu əraziyə döyüşçülərimiz girə bilmirmişlər. O müddətdə nələr çəkdim… Mənə balamın şəhid olduğunu demirdilər. Hamı bilirmiş. Mənə isə deyirdilər ki, Məhəmmədəli kəşfiyyatçı olduğu üçün danışa bilmir, hərbi sirdir. Mən onun sağ-salamat dönməsini gözləyirdim. Dekabrın 15-də oğlumun nəşini gətirdilər. Torpağa tapşırdılar. Ancaq dəfnini görsəm də, yasını saxlasam da, mən indi də onu sağ gözləyirəm. Məhəmmədəlidən sonra heç yerə getmirəm. Evdən, demək olar ki, çıxmıram. Günümün çox hissəsini onun muzeyinə çevirdiyimiz bu otaqda keçirirəm. Ancaq onun şəhid olduğu yerə getmək ən böyük arzum idi. Getdim… Qəbələdən olan döyüş yoldaşı ilə telefonla görüntülü əlaqə saxladıq, o, bizə isiqamət verdi. Ana üçün gedib balasının şəhid olduğu yeri görmək nə deməkdi… Məhəmmədəlinin və döyüş yoldaşlarının rabitə qurduqları, döyüşdükləri yeri öz gözlərimlə gördüm. Mənə demişdilər ki, onlar sonuncu tapşırığı yerinə yetirəndə ac-susuz olublar. Özümlə qablarda çoxlu su götürmüşdüm. Oğlumgilin əziyyətlə irəlilədikləri o yerlərə su səpdim. Dedim ki, mənim balam, döyüş yoldaşları burda susuz, vətənləri naminə vuruşublar. Onların 17-si də orda şəhid olub. Məhəmmədəli, Rövşən, İsmayıl, Azər, Adəm…"
Məhəmmədəli 23 yaşında şəhid olub. Ona toy qismət olmayıb. Qardaşının övladlarını görüb. Qardaşının ikinci oğlu dünyaya gələndə Məhəmmədəli İkinci Qarabağ müharibəsindəydi. Xəbəri alanda çox sevinib. Qardaşına uşağı görmək istədiyini söyləyib, xahiş edib ki, xəstəxanadan görüntülü telefon bağlantısı yaratsın. Onun arzusunu yerinə yetiriblər. Uşağın adını da əmisi - Məhəmmədəli Murad qoyub. Kim bilir bu adı qoyanda o, nələr xəyal edib, hansı arzularına, muradına çatmağı düşünürmüş…
İlhamə xanım danışır: "Oğlanlarımın - Məhəmmədin də, Məhəmmədəlinin də soyadları İbrahimli, atalarının və mənim soyadım isə Xəlilov idi. Bütün ailə üzvlərimiz onun adını özümüzə soyad götürdük. Artıq sənədlərimizdə soyadımız Məhəmmədəli yazılıb".
Kədər üstə köklənmiş söhbətimizə Məhəmmədin böyük oğlu Nihat gəlişi ilə sevinc qatır. Atası ilə əmisinin təhsil aldığı məktəbdə oxuyur. O da dərs əlaçısıdır. Nihat bizə gələcək arzularından danışır, idman kursunda öyrəndiyi fəndləri göstərir. Sonra bu evdə qəhrəman əmisinə ithaf olunmuş şeiri deyir balaca Nihat:
Böyüyüb şəhid oldun.
Yolundan çəkdin yadı.
Nə vaxtsa, Məhəmmədəliydin.
İndi Vətəndir adın.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"