Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür. Azərbaycan xalqı bu günü böyük qürur və fəxarətlə qeyd edir. Öz təşəkkülünü 1918-ci il iyun ayında tapmış 107 yaşlı Azərbaycan Silahlı Qüvvələri torpaq və dövlət təhlükəsizliyinin təmin edilməsində misilsiz tarix yaradıb və hazırda dünyanın ən güclü ordularından sayılır.
Azərbaycan Silahlı Qüvvələrinin intibah dövrü Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra başladı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində görülən işlər sayəsində güclü və mütəşəkkil Silahlı Qüvvələr formalaşdı. Milli hərbi kadrların hazırlanması prioritet kimi müəyyənləşdirildi və 1971-ci ildə Azərbaycanda zabitlərin təhsili sahəsində böyük əhəmiyyət kəsb edən Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil almaq imkanını qazandılar. Peşəkar azərbaycanlı zabitlərin yetişməsi ölkəmizdə hərb sənətinə marağı artırdı, beləliklə, müasir Azərbaycan Ordusunun milli təhsil bazasında hazırlanmış şəxsi heyəti formalaşdı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ilk atdığı addımlardan biri məhz ordu quruculuğu ilə bağlı idi. Azərbaycan Ordusunun hərbi təhsil sisteminin inkişafı məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Bu akademiyanın təsis edilməsi milli hərbi kadr ehtiyatının formalaşmasında keyfiyyətcə yeni mərhələ oldu. 2001-ci il avqustun 20-də imzalanan fərmanla Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bu addımlar peşəkar hərbi kadrların hazırlanmasını daha da təkmilləşdirdi.
Hazırda müasir Azərbaycan Ordusu öz inkişaf tempi və uğurları ilə heyranlıq doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçib və davamlı olaraq modernləşdirilir. Ordu quruculuğuna yönəlik kompleks tədbirlər hərbçilərin peşəkarlığını artırır, şəxsi heyətin döyüş ruhunu və mənəvi-psixoloji hazırlığını gücləndirir. Silahlı Qüvvələr ən müasir silah və texnika ilə təchiz olunur. Bu effektiv ordu quruculuğu siyasətinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Nüfuzlu "Global Fire Power" mərkəzinin hesabatına görə, Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünya reytinqində isə ilk 50 ordu sırasında yer alır.
Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin və hazırlığının nəticəsində, 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi ölkəmizə şanlı zəfər qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında aparılan güclü əks-hücum əməliyyatı ilə ordumuz düşmən üzərində əzmkar qələbə çaldı və torpaqlarımızı işğaldan azad etdi. Döyüş meydanında tarix yazan Azərbaycan Silahlı Qüvvələri bir addım belə geri çəkilmədən hədəfə doğru irəlilədi. Nəticədə, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Şuşa işğaldan azad edildi. Möhtəşəm qələbə əldə olundu - Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 200 ildən sonra ilk dəfə idi ki, itirdiyimiz torpaqlarımızı geri aldı. Bu qələbə qəhrəman hərbçilərimizin rəşadəti, şəhidlərimizin canı və qanı bahasına əldə olundu. Azərbaycanın hərbi və siyasi gücünün sintezinin təntənəsi olan bu zəfər xalqımızın birliyinin, iradəsinin və milli ruhunun təntənəsi idi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə təkcə hərbi cəhətdən deyil, siyasi müstəvidə də mühüm nəticələr doğurdu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan üçtərəfli Bəyanatla müharibə rəsmi olaraq başa çatdı. Bu sənəd Azərbaycan Ordusunun qətiyyətli hücumları nəticəsində düşmənin tam məğlubiyyəti və Ermənistanın faktiki kapitulyasiyası demək idi. Bəyanata əsasən, işğal altında olan rayonların mərhələli şəkildə Azərbaycana təhvil verilməsi razılaşdırıldı. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə atılmadan, heç bir itki verilmədən Azərbaycana qaytarıldı. Bu, təkcə diplomatik uğur deyil, ordumuzun döyüş meydanında qazandığı parlaq zəfərin siyasi nəticəsi idi. Xüsusilə 44 günlük Vətən müharibəsində innovativ silahların tətbiqi ordumuzun qələbəsində mühüm rol oynadı. Pilotsuz uçuş aparatları ilə kəşfiyyat və döyüş əməliyyatlarının effektivliyi artdı, yüksək dəqiqlikli raket və artilleriya sistemləri düşmənin müdafiə xətlərini darmadağın etdi.
2020-ci ildəki şanlı Zəfərimizin təntənəsi olaraq, dekabrın 10-da Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu tarixi tədbirdə birgə iştirak etdilər. Paradda işğaldan azad edilmiş ərazilərimizdə qaldırılmış bayraqlarımız, düşməndən ələ keçirilmiş silah və texnika nümayiş etdirilərək, qələbənin gücü və haqqın zəfəri bir daha dünyaya göstərildi.
Azərbaycanın müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması daim prioritetdir. Ölkəmizin iqtisadi inkişafı silahlı qüvvələrin büdcəsinin davamlı artmasına şərait yaradır. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti ilə ordunun döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir və hərbçilərin sosial vəziyyəti yaxşılaşdırılır. 2025-ci ildə müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq, 8 milyard 396,3 milyon manata çatdırılıb.
Ordu quruculuğu çoxşaxəli və mürəkkəb bir prosesdir ki, onun uğurlu həyata keçirilməsi üçün müxtəlif amillərə həm ayrılıqda, həm də vəhdətdə xüsusi diqqət yetirmək tələb olunur. Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması bu prosesin əsas tərkib hissələrindən biridir. Bu baxımdan, taktiki və strateji təlimlərin keçirilməsi mühüm rol oynayır. Təlim ordunun peşəkarlığını və hərbi effektivliyini təmin edən ən vacib amildir. Azərbaycan Silahlı Qüvvələri müasir döyüş taktikaları, beynəlxalq standartlar və ən yeni hərbi texnologiyalar əsasında əsgər və zabitlərin davamlı təliminə böyük önəm verir. Ordumuzun zabitləri dünyanın ən qabaqcıl hərbi kurslarında təhsil alırlar. Bu təlimlər sayəsində ordumuz sürətli, çevik və operativ cavab hazırlığı vəziyyətində olur.
Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan hərbi sənaye kompleksi Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edir. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılıb. Azərbaycanın hərbi məhsulları beynəlxalq sərgilərdə nümayiş olunur və bu nailiyyətlər ordumuzun zəruri silah, sursat və texnika ilə təmin olunmasına böyük imkanlar yaradır. Bunlarla yanaşı, Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir.
Müharibədən əldə edilən təcrübə Azərbaycan Ordusunun inkişafını da yeni mərhələyə çıxardı. Prezident İlham Əliyevin göstərişi ilə yüksək döyüş hazırlığına malik, xüsusi təlim keçmiş Komando hərbi hissələri yaradıldı. Bu briqadalar çətin coğrafiyada sürətli və dəqiq əməliyyatlar aparmaq imkanına malikdir. Bütün bu addımlar göstərir ki, Azərbaycan Ordusu yalnız regionun deyil, geniş coğrafiyanın ən güclü və müasir ordularından birinə çevrilmək yolunda inamla irəliləyir. Azərbaycanın müdafiə sənayesi müasir texnologiyalara əsaslanaraq, yerli istehsal və idxal yolu ilə yüksək dəqiqlikli silahlar, pilotsuz uçuş aparatları, zirehli texnika və digər qabaqcıl hərbi vasitələrlə ordunu təchiz edir.
Prezident İlham Əliyevin rəhbərliyi altında şərəfli döyüş yolu keçmiş Azərbaycan Ordusu təkcə silahlı qüvvələr deyil, həm də qələbənin, iradənin və milli həmrəyliyin simvoluna çevrilib və Azərbaycanın regional güc statusunu daha da möhkəmləndirir.
Sevil MİKAYILOVA,
Milli Məclisin deputatı