31 Iyul 2024 09:20
103
CƏMİYYƏT
A- A+

Qəhrəmanların abidəsini  yaradan heykəltaraş

 

Gənc heykəltaraş Zamiq Rzayev qəhrəmanlarımıza, qələbəmizə, azadlığa və əsl sahiblərinə qovuşan dəyərlərimizə çoxlu əsərlər ithaf edib. Onun sənət dostu Rahib Qarayevlə birgə hazırladıqları, paytaxtımızın Nərimanov rayonunda ucaldılmış Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun tank üzərində abidəsi çoxları tərəfindən maraqla qarşılanıb.

Sənət əsəri şəhid tankçının komandiri olmuş Hacı Əzimovun istəyi ilə 5 ay müddətinə hazırlanıb. Və məsələnin təqdirəlayiq cəhəti həm də odur ki, görülən işin müqabilində zəhməthaqqı alınmayıb, yəni müəlliflər heykəli Albertin ruhuna hədiyyə olaraq düzəldiblər: "Bizə qəhrəmanın heykəlini hazırlamaq şərəfi qismət olmuşdu. Təklifi məmnuniyyətlə qəbul etdik və təmənnasız işə başladıq.  Albert Aqarunov Vətən üçün həyatını verib, bizsə vaxtımızı. Bu, insan həyatı ilə müqayisədə heç nədir". 

Müharibədən söz düşmüşkən, torpaqlarımızın işğalı, Birinci və İkinci Qarabağ savaşları hər bir azərbaycanlı kimi, Zamiqin də yaradıcı qəlbində, kövrək xatirələrində dərin iz buraxıb. O, xalqımızın mərd oğullarının şərəfinə hazırlanmış çoxsaylı heykəl və büstlərin müəllifidir. Vətən müharibəsi qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevin büstü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, şəhid heykəltaraş Samir Kaçayevin barelyefi, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq Tağıyev və Sakit Tağıyevin abidələri, Vətən müharibəsi şəhidləri Cavid Səfərli və Nicat Şükürlünün büstləri məhz bu qəbildəndir. Qanında, canında vətənpərvərlik hissi hərbi mövzuda əsərlər yaratmasına da öz təsirini göstərir. Zamiq hələ uşaqlıqda rəsmləri ilə müxtəlif müsabiqələrə qatılıb və həmişə də birinci, ikinci yerləri tutub.

Zamiq Süleyman oğlu Rzayev 1989-cu il avqustun 14-ü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. 2005-ci ildə 9 illik təhsilini tamamlayaraq Əzim Əzimzadə adına rəssamlıq kollecinin Heykəltaraşlıq fakültəsinə qəbul olunub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsində bakalavr təhsili alıb. 2017-ci ildə həmin akademiyanın magistr bölməsini bitirib. Gənc heykəltaraşın yaradıcılıq spektri təkcə hərbi vətənpərvərliklə ümumiləşmir, sənət hüdudlarının daha geniş və ən müxtəlif mövzularını əhatə edir. Ölkə üzrə və bir sıra beynəlxalq sərgilərin iştirakçısıdır. 2007-ci ilin fevralında Azərbaycan İstiqlal Muzeyində "Xocalı - qan yaddaşımız", 2008-ci ilin mayında Azərbaycan Dövlət Filarmoniyasında "İnsan alverinə yox deyək" xeyriyyə marafonunda, 2010-cu ilin martında Muzey Mərkəzində keçirilən "Susa bilmirəm", 2011-ci ildə "Crescent Beach Hotel"də rəsm müsabiqəsində, Dövlət Rəssamlıq Akademiyasının muzeyində "AZNAR" adlı sərgidə, 2014-cü ilin avqustunda Gənclər Fondunun maliyyə dəstəyi ilə İçərişəhər, Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində "Yaşayan tarix", heykəltaraşlıq üzrə portret müsabiqələrində, 2014-ci ildə "Küknar " müsabiqəsində, 2015-ci ildə Moskva simpoziumunda, 2016-cı ildə İtaliya səfirliyinin təşkilatçılığı ilə "Futurizm" sərgisində, 2019-cu ildə Danimarkada keçirilən portret sərgisində iştirak etmişdir. 2015-ci ildə Rəssamlar İttifaqının gənclər bölməsinə üzv seçilib, Gənclər Günü münasibətilə xüsusi mükafata layiq görülüb.

Zamiq 2017-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllimlik fəaliyyətinə başlayıb. Tələbələrinə həm sənəti, həm də Vətəni sevməyi, müqəddəs amallar uğrunda mübarizəni, hətta lazım gələrsə, şirin candan keçməyi bacarmağı aşılayıb.

Gənc tişə ustasının həqiqi sənət və sənətkar barədə fikirləri də çox maraqlıdır. Düşünür ki, rəssam, heykəltaraş, yaxud başqası insanlar üçün yaradır, amma özü də həmin cəmiyyətin bir hissəsidir. Yəni ətrafındakı mühitlə, adamlarla, proseslərlə bir tamdır.

 

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video