07 May 2024 09:25
198
CƏMİYYƏT
A- A+

Qəhrəmanları tarixdə yaşadan izlər

 

Qələm, silah və qəhrəmanlıq. Bunlar bir-birini tamamlayan dost-doğma ifadələrdir. Tarixdən bilirik ki, qələmin yazdığı söz bir çox məqamlarda silahdan da üstün və kəsərli olub. Həm də baxır sözün yazılan anına, sözü yazan müəllifin təfəkkürünün zənginliyinə, idrakının ənginliyinə. 
Tarixdən yazdıqlarımıza çoxlu misallar gətirə bilərik. Görkəmli yazıçımız Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanında sərkərdə Fəxrəddin qılıncı, dahi şairimiz Nizami Gəncəvi isə qələmi, sözü təmsil edir. Nəsrəddin Tusi cəmiyyəti təhlil edəndə insanları "qələm əhli" və "qılınc əhli" kimi səciyyələndirir. Xalq qəhrəmanı Koroğlunun həm misri qılıncı, həm də telli sazı, yəni sözü var idi. Tariximizdə həm qılınc, həm də qələmlə fatehlik zirvəsinə çatan şəxsiyyətlərimiz çox olub. Bu, Azərbaycan xalqının hansı potensiala malik olduğunun göstəricisidir.
Dövlətçiliyimizin tarixində həm qılınc, həm də qələm dahisi Şah İsmayıl Xətai şəxsiyyəti olub. Müharibədə, döyüş meydanında sözün qüdrətindən danışanda böyük sərkərdə və gözəl şair Şah İsmayıl Xətainin dərin məzmunlu bu misraları yada düşür: "Söz vardır kəsər savaşı, söz də vardır kəsdirər başı..."
Tarixin bəzi dövrlərini nəzərdən keçirəndə qələmlə yazılanın qılıncla qorunmasını da çox görmüşük. Bu ondan irəli gəlir ki, qələmin yazdıqlarının səsi eşidilməyəndə qılıncların işə düşmək zərurəti yaranır. 
Hər bir xalq tarixində qılınc və qələm çalanlara minnətdardır. Çünki hər ikisi haqq işinə xidmət edir. Hər ikisindən bacarıqla istifadə edənlər qəhrəmandırlar. Qələm yazmaq, silahsa döyüşüb qoynunda dünyaya göz açdığın yurdunu, torpağını, təmsil etdiyi xalqını düşməndən qorumaq, bu yolda qəhrəmanlıq göstərmək üçündür. Qələm əsgərin, zabitin, sərkərdənin hərb meydanlarında göstərdiyi cəsarəti və hünəri vəsf edib tarixləşdirmək qüdrətinə malikdir. Mütəfəkkirlər qəhrəmanlığa müxtəlif yönlərdən yanaşmış, çeşidli forma və məzmunda vəsf etmişlər. Onlar bütün dövrlərlə səsləşən, zamanla ayaqlaşan dəyərli əsərləri ilə oxucularının qəlbinə qəhrəmanlıq toxumu səpməyə çalışmışlar. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, məqsədlərinə nail olmuşlar, istəklərinə çatmışlar. Çünki illər sonra yazıçı və şairlər dəyərli əsərləri ilə səpdikləri toxumlardan yeni qəhrəmanlar boy vermiş, yeni igidlər doğulmuşdur. Böyük zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi buna canlı misaldır. 
Məlum həqiqətdir ki, misilsiz qələbələr qazanaraq tarixdə qəhrəman kimi ad qoymaq yalnız iradəli, dəyanətli və qürurlu insanlara nəsib olur. Qələbələr isə asanlıqla qazanılmır, bunun üçün həyatını riskə qoyaraq qorxu bilmədən çarpışmalı və vuruşmalısan. Qələbəyə gedən yollar cəng meydanlarından, hünər və rəşadət pillələrindən keçir. Cəsarətli addımlar atıb hünər göstərmək zəiflərin işi deyil. Mübarizə və döyüş meydanları yalnız cəsurların yeridir. İradəsi möhkəm olmayanlardan heç qələbə gözləməyə də dəyməz. Çünki zəiflər geriyə, güclü və qürurlular isə daim irəliyə can atırlar. Güclülər yaxşı bilirlər ki, irəlidə onları igidlik və qəhrəmanlıq gözləyir. 
Qəhrəmanlıq bulağından su içən zabit və əsgərlərimiz 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük cəsarətlə vuruşaraq torpaqlarımızı erməni işğalçılarından azad etdilər. İgidlikləri ilə qəhrəmanlıq tariximizdə dərin izlər qoydular. Hərbçilərimizin Vətən müharibəsində silahla göstərdiyi qəhrəmanlıq bu gün qələmlə yazılmalıdır və yazılır da. Yazılır ki, gələcək nəsillər qəhrəmanlığı, igidliyi onlardan öyrənsinlər. Bu cəsur oğulların qəhrəmanlıq yollarını şərəflə davam etdirsinlər. İgidlikdə, cəsarətdə onlara oxşasınlar.
Göründüyü kimi, qələmlə silah əbədi yollarına, yol yoldaşlığına davam edir. Bir-birindən ayrılmırlar, bir-birindən uzaq düşmürlər. Heç vaxt da düşməyəcəklər, tarixin səhifəsində qoşa addımlayacaqlar, qoşa iz salacaqlar. 
 
 Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video