12 Yanvar 2022 00:17
1100
SİYASƏT
A- A+

Qədim Qarabağın yeni növrağı

 

Prezident İlham Əliyevin birbaşa nəzarəti altında azadlığına qovuşan mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr həyata keçirilir

 

“Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır”.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdiyi kimi, Şuşa işğaldan azad olunduqdan dərhal sonra mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr həyata keçirilib. Şuşaya səfər edən hər kəs burada erməni vandallığının izlərinin silindiyinin, qalanın milli ruhunun özünə qaytarıldığının, günbəgün çiçəkləndiyinin şahidi olur. Bütün bu işlər birbaşa ölkə Prezidentinin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Qarabağın baş tacının dirçəldilməsi, tarixi əzəmətinə qovuşdurulması dövlət başçımızın ən ümdə prioritetlərindəndir.

Bu il təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşanın 270 illiyi təntənəli şəkildə qeyd olunacaq. Həmçinin Prezidentin sərəncamına əsasən, 2022-ci ili möhtəşəm “Şuşa ili” kimi qeyd edəcəyik. Sərəncamda da vurğulandığı kimi, Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına da başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, böyük şairimiz Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

 

Qarabağı və Şərqi Zəngəzuru dirçəldən möhtəşəm səfərlər

 

Azərbaycan 2021-ci ili başdan-başa uğurla, qarşısına qoyduğu bütün hədəf və məqsədlərə çataraq arxada qoydu və elə yeni ilə də sürətli inkişaf, perspektivli layihələrlə qədəm basdı. Bütün bu uğurlu inkişafın göstəricisidir ki, bu gün Azərbaycan dünyada daha güclü dövlət kimi tanınır. Xüsusilə də Vətən müharibəmizin Zəfərlə başa çatmasından çox qısa zaman sonra işğaldan azad edilən torpaqlarımızda böyük quruculuq, bərpa işlərinə başlanılması beynəlxalq aləmdə heyrətlə qarşılanır. Çünki dünya müharibələrinin tarixində savaşdan sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb və bu gün bu parlaq nümunənin əsasını da Azərbaycan qoyub. Özü də ölkəmiz həyata keçirdiyi bu genişmiqyaslı işləri təkbaşına, heç kimdən kömək almadan öz gücünə görür. Bütün bunlar isə onun göstəricisidir ki, respublikamızda iqtisadi inkişaf sürətlə gedir və bu həm bütövlükdə Azərbaycanı, həm də işğaldan azad edilən yurdlarımızı tərəqqiyə doğru aparır.

Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifə isə keçmiş məcburi köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaq, onların doğma yurdlarında xoşbəxt həyat sürmələrinə nail olmaqdır.

Təsadüfi deyil ki, ötən il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edən dövlət başçısı bunun 32-sini işğaldan azad edilmiş torpaqlara edib, 7 dəfə Şuşaya üz tutub.

Prezident Qarabağa, Şərqi Zəngəzura hər səfərində tarixi torpaqlarımızda daimi həyatın var olması üçün möhkəm bünövrələr atır, əhəmiyyətli layihələr gerçəkləşdirir. 30 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, mənfur düşmənin viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir. Azadlığına qovuşan yurdlarımızda əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda vəhşi ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədaları yüksəlir. Onu da qeyd edək ki, Qarabağda, Şərqi Zəngəzurda anbaan baş verən yeniliklər Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə həmin bölgələrə səfərləri zamanı bir daha əyani şəkildə gözlər önündə canlanır. Mütəmadi olaraq həyata keçirilən bu səfərlər sayəsində bütün dünya bir daha Azərbaycan xalqının, dövlətinin böyük potensialını, Prezidentinin qətiyyətini, əzmini görür.

 

Yeni uğurlu təməllər, başdan yaradılan şəhərlər, kəndlər

 

Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan olaraq işğaldan azad etdiyi vətən torpaqlarında təkcə yolların, hava limanlarının, mədəniyyət, dini mərkəzlərin və s. deyil, neçə-neçə şəhərlərin təməlini, bünövrəsini, özülünü qoyur. Bu şəhərlərin müfəssəl hazırlanan baş planlarını təsdiq edir, “ağıllı kənd”lər salır...

Tezliklə öz dədə-baba yurdlarına qayıdacaq insanlar üçün dünyanın ən müasir imkanlarını yaradır, infrastrukturlar qurur, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait yaradır.

2021-ci ilin başlanğıcında Şərqi Zəngəzurda da quruculuq-bərpa işlərinə, böyük infrastruktur layihələrinin həyata keçirilməsinə start verən İlham Əliyevin fevral ayında Laçına səfəri zamanı “Güləbird” SES işə salındı. Bu stansiyadan 7000 nəfər əhali gecə-gündüz işıq alacaq. Rayonun cənub hissəsi və ərazidə yaradılan zəruri infrastruktur obyektləri elektrik enerjisi ilə təmin ediləcək.

Dövlət başçısı avqust ayında Laçına səfər edərək orada hava limanının təməlini də qoydu. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı mühüm strateji əhəmiyyət daşıyır. Burada yaradılan aeroport bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialından istifadə edilməsinə səbəb olacaq.

Ötən ilin ən əlamətdar hadisələrindən biri ermənilər tərəfindən yerlə-yeksan olunan, bir salamat bina belə qalmayan Ağdamda Prezident İlham Əliyev tərəfindən bərpa işlərinə start verilməsi, Ağdamın Baş planının təsdiq edilməsi oldu. Mayın 28-i - Müstəqillik Günümüzdə İlham Əliyev bütün ağdamlılara xoş müjdə verdi ki, yeni Ağdam dünya üçün örnək olacaq. Bütövlükdə Ağdam şəhəri 100 min nəfərin yaşayışı üçün nəzərdə tutulub. Şəhərin ərazisi işğaldan əvvəlki ərazi ilə müqayisədə iki dəfədən çox artırılır. Prezident Ağdamda yaşayış binasının, 1 nömrəli məktəbin, Qələbə və İşğal muzeylərinin əsasını qoydu. Həmçinin Ağdamın Baş planında “Qarabağ” Universitetinin yaradılması da nəzərdə tutulub ki, bu da şəhərin elm, təhsil və innovasiya mərkəzi olacağından xəbər verir.

Avqustun 16-da yolunu bir daha Şərqi Zəngəzurdan salan İlham Əliyev Kəlbəcər və Laçına səfərə gəldi. Dövlət başçısı Kəlbəcərə möhtəşəm səfəri zamanı burada bir çox açılışlarda iştirak etdi, əhəmiyyətli layihələrin təməlini qoydu. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı müstəsna əhəmiyyətli tunellərin təməlini qoyan İlham Əliyev Lev çayı üzərində tamamilə yenidən qurulan 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasını işə saldı. “İstisuya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir” söyləyən cənab Prezident uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlandı.

Kəlbəcərdə olarkən quruculuq işlərindən bəhs edən İlham Əliyev Azərbaycanın bütün bərpa proseslərinin öhdəsindən layiqincə gəlmək iqtidarında olduğunu söylədi: “Biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq”.

 

“Xoş gəlmisiniz, cənab Prezident”

 

2021-ci ildə İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura erməni işğalından azad olunduqları qurtuluş günlərində o yerlərin doğma sakinləri, keçmiş məcburi köçkünlərlə birgə yollanması isə hər birimizin yaddaşında unudulmaz izlər buraxdı. O görüşlərin hər birində İlham Əliyev keçmiş köçkünləri ev sahibi kimi salamladı, “Xoş gəlmisiniz” dedi. Eyni zamanda əminliklə vurğuladı ki, tezliklə onlar vətənlərinə dönəcək və özləri ona doğma ocaqlarında “Xoş gəlmisiniz, cənab Prezident” söyləyəcəklər.

Müzəffər Ali Baş Komandan 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə birgə şəhərin bərpasının ilk təməl daşını qoydu.

Daha sonra Prezident oktyabrın 10-da xocavəndlilərlə birgə Xocavəndin azadlıq gününü qeyd etdi. Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı olan böyük planların icrasına start verdi.

Oktyabrın 17-də Füzuli rayonunda şəhərin təməl daşını qoyan İlham Əliyev bildirdi ki, Füzulinin Baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb, birinci infrastruktur layihələri də məhz burada başlayıb. Cəmi 9 gün sonra, oktyabrın 26-da yenidən Füzuliyə səfər edən Prezident İlham Əliyev qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını həyata keçirdi. Qısa zamanda Füzulidə beynəlxalq hava limanının tikilərək istifadəyə verilməsi və icra edilən digər böyük layihələr dövlətimizin həm niyyətini, həm də potensialını bir daha göstərdi.

Zəngilanın azadlığının bir ilində - oktyabrın 21-də rayonun doğma sakinləri ilə Zəngilanda görüşən İlham Əliyev vurğuladı ki, məqsədimiz Azərbaycanın ən gözəl yerlərindən biri olan Zəngilanı yenidən qurmaqdır. “Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək” söyləyən İlham Əliyev məlumat verdi ki, burada turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür.

Qısa müddətdə bu rayonda həyata keçirilən mühüm işlər onu deməyə əsas verir ki, tezliklə Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək.

Prezident xalqımızı, bütün qubadlılıları oktyabrın 25-də Qubadlıdan salamladı. Qubadlıda da açılış və təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı rayon sakinləri ilə görüşü zamanı qeyd etdi ki, şəhər və bütün kəndlər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək.

 

“Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq”

 

Prezident ötən il dəfələrlə Şuşaya səfər etsə də, mədəniyyət paytaxtımızın azadlığının biri ilini də Qarabağımızın baş tacı ilə birlikdə qeyd etdi. Bu gəlişində də dövlət başçısı möhtəşəm açılışlara imza atdı, səfəri çərçivəsində ilk növbədə Füzuli rayonunda “Zəfər yolu”nun açılışında iştirak etdi. Həmçinin Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayımı qülləsinin, Şuşa Şəhər Xəstəxanasının təməllərini qoydu. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldu.

İşğaldan azad edilən torpaqlarımızda həyata keçirilən işlərlə bağlı toxunduğumuz qısa nümunələrin özü belə onu deməyə əsas verir ki, İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru başdan yaradır, bu qədim torpaqlara yeni həyat bəxş edir. “Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq” deyən İlham Əliyev bildirir ki, qarşıya qoyulan bütün hədəflər təmin edilir. Ən əsası isə, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün azad edilmiş yurdlarımızda misilsiz layihələr gerçəkləşdirilir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video