22 Avqust 2024 16:33
219
CƏMİYYƏT
A- A+

Qazaxıstanlı nazir: Ümumdünya Köçəri Oyunlarında iştirak Azərbaycana zəngin mədəniyyətini nümayiş etdirmək imkanı verəcək MÜSAHİBƏ

 

Qazaxıstanın turizm və idman naziri Yermek Marjikpayev bu ölkədə keçiriləcək Ümumdünya Köçəri Oyunları ərəfəsində AZƏRTAC-ın müxbirinə müsahibə verib. O, qarşıdan gələn tədbirin ölkə üçün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, idmanın və xalqlar arasında mədəni mübadilənin inkişafında mühüm mərhələyə çevriləcək genişmiqyaslı tədbirə hazırlıqdan danışıb.

- Ümumdünya Köçəri Oyunları türk xalqları arasında mədəni və idman əlaqələrinin möhkəmlənməsində hansı rolu oynayır?

- Ümumdünya Köçəri Oyunları türk xalqları arasında mədəni və idman əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Oyunlar türk mənşəli köçəri irsə malik xalqları bir araya gətirən ənənəvi idman növləri üzrə yarışmaq, eləcə də mədəni kimlikləri nümayiş etdirmək üçün unikal beynəlxalq tədbirdir.

Ümumdünya Köçəri Oyunlarının əsas məqsədləri mədəni irsin qorunub saxlanılması və təbliği, ümumi dəyərlərin formalaşdırılması və əlaqələrin möhkəmləndirilməsi, türk mədəniyyətinin beynəlxalq aləmdə təbliği, dövlətlərarası əməkdaşlığın gücləndirilməsidir.

- Oyunlarda nə qədər nümayəndənin iştirakı gözlənilir və onlar hansı ölkələrdən olacaqlar?

- Ənənəvi olaraq, Ümumdünya Köçəri Oyunları çoxlu sayda iştirakçı cəlb edir. Qazaxıstan ən böyük nümayəndə heyətlərindən biri ilə iştirak edir. Ümumilikdə, Oyunlarda idmançılar, məşqçilər və mədəniyyət nümayəndə heyətlərinin nümayəndələri də daxil olmaqla minlərlə nümayəndənin iştirakı gözlənilir. İştirakçılar arasında 89-dan çox ölkədən, o cümlədən Mərkəzi Asiyanın əksər ölkələrindən (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan), Türkiyə və Azərbaycandan, eləcə də köçəri irsinə malik digər regionlardan nümayəndələr olacaq.

- Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin, o cümlədən Azərbaycanın da Ümumdünya Köçəri Oyunlarında iştirakının əhəmiyyəti nədən ibarətdir?

- TDT ölkələrinin Ümumdünya Köçəri Oyunlarında iştirakı onların milli mədəniyyətlərinin və adət-ənənələrinin beynəlxalq aləmdə inkişafı və təbliği üçün vacibdir. Bu tədbir türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə və onların dünyada mədəni nüfuzunun artmasına kömək edən güclü mədəni diplomatiya vasitəsi rolunu oynayır. Oyunlarda iştirak etməklə TDT ölkələri milli mədəniyyətlərinin qorunub saxlanmasına və inkişafına sadiq olduqlarını nümayiş etdirirlər ki, bu da onların mədəni köklərinə hörmət edən və dəstəkləyən dövlətlər kimi beynəlxalq arenada imicini gücləndirir.

Azərbaycan üçün Ümumdünya Köçəri Oyunlarında iştirak onun mədəni kimliyini gücləndirmək və mədəniyyətinin zənginliyini, o cümlədən ənənəvi güləş, muğam və milli rəqslər kimi elementləri nümayiş etdirmək imkanıdır. Bu, həm də beynəlxalq mədəni əməkdaşlığın inkişafı və digər türk xalqları ilə möhkəm əlaqələrin qurulması istiqamətində mühüm addımdır.

- Ümumdünya Köçəri Oyunlarının Qazaxıstanın və ümumilikdə türk ölkələrinin beynəlxalq imicinə təsiri ilə bağlı fikirlərinizi bölüşərdiniz.

- Qazaxıstan və Ümumdünya Köçəri Oyunlarında fəal iştirak edən digər ölkələr mədəni irsin qoruyucusu və müdafiəçisi kimi öz imicini gücləndirə bilər. Tədbir onların ənənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğinə sadiqliyini nümayiş etdirir ki, bu da beynəlxalq aləmdə müsbət rəy yaradır.

- Ümumdünya Köçəri Oyunlarının Mərkəzi Asiya regionunda turizmin inkişafına təsirini necə qiymətləndirirsiniz?

- Ümumdünya Köçəri Oyunları Mərkəzi Asiya regionunda turizmin inkişafına mühüm təsir göstərir, turistlərin cəlb edilməsində güclü katalizator rolunu oynayır və regionun unikal mədəni-etnoqrafik məkan kimi tanıdılmasına xidmət edir. Oyunlar beynəlxalq diqqəti Mərkəzi Asiyanın mədəni irsinə cəlb edir. Ümumdünya Köçəri Oyunlarının kütləvi informasiya vasitələrində işıqlandırılması sayəsində bölgəyə maraq xeyli artır ki, bu da köçəri xalqların adət-ənənələri ilə tanış olmaq və nadir mədəni tədbirlərdə iştirak etmək istəyən turistlərin axınına töhfə verir.

Ümumdünya Köçəri Oyunları çərçivəsində keçirilən idman və mədəni tədbirlər - səfərlər, ənənəvi sənətkarlıq üzrə ustad dərsləri, eləcə də köçəri mədəniyyəti ilə bağlı tarixi yerlərə ekskursiyalar yeni turizm marşrutları və məhsulları formalaşdırır. Bu, bölgənin turizm təkliflərini genişləndirir və daha çox ziyarətçi cəlb edir.

Etnoqrafiya və mədəniyyətlə maraqlanan turistlər üçün ənənəvi idman növləri, xalq rəqsləri, musiqi və əl işlərini canlı izləmək imkanı diqqəti cəlb edir. Ümumdünya Köçəri Oyunları bu turizm növü üçün unikal platforma yaradır ki, bu da onun regionda böyüməsini stimullaşdıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video