Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Qarabağda həyata keçirdikləri layihələri çox yüksək dəyərləndirdi
Azərbaycan dövləti 30 il düşmən tapdağında qalan, talan edilərək xarabazara çevrilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Şəhərlər, qəsəbələr, kəndlər yenidən salınır, mərhələli şəkildə həmin ərazilərə Böyük qayıdış prosesi həyata keçirilir.
İşğaldan azad edilən torpaqlarımızda qardaş ölkələr - Qazaxıstan, Özbəkistan, Qırğızıstan tərəfindən quruculuğa dəstək verilməsi isə həm xalqımız, həm də ümumilikdə "türk dünyası ailəsi" adına yaşanan qürurverici məqamlardandır.
Avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə bu məsələyə xüsusi toxunaraq bildirdi ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərinin təzahürlərindən biridir. Dövlətimizin başçısı bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü çatdırdı.
Dost töhfələri
Ötən il Füzuli rayonunda Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına orta məktəbin açılışı olub. Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir.
Bu il isə Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb.
"Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir", - deyə, Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində Prezident Kasım-Jomart Tokayev bildirdi ki, bu, şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.
Eyni zamanda bu il Ağdamda Qırğızıstan tərəfindən tikiləcək orta məktəb binasının təməlqoyma mərasimi reallaşıb. Sözügedən açılış və təməlqoyma mərasimləri qardaş ölkələrin dövlət başçılarının iştirakı ilə həyata keçirilib və bütün bunlar Azərbaycana dost hədiyyələridir.
Qürur ünvanı
Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə cənab İlham Əliyev diqqətə çatdırdı ki, son iki ildə o, Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları isə Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.
Xüsusi vurğulayaq ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan liderləri həm də Qarabağ və Şərqi Zəngəzura səfər etmələri ilə ölkəmizlə həmrəyliklərini nümayiş etdiriblər. Ümumiyyətlə, türk dünyasının həmrəyliyinin təntənəsinə iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı bir daha hər kəs şahidlik etdi. Azərbaycanın mədəniyyət paytaxtında keçirilən görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Qırğız Prezidenti Sadır Japarovun, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin, ümumiyyətlə türkdilli dövlətlərdən olan xeyli mötəbər şəxsin iştirak etməsi, burada Qarabağ Bəyannaməsini imzalamaları mühüm hadisə kimi tarixə yazıldı.
Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev söylədi ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür: "Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər".
Türk dünyası ailəsinin həmrəyliyi
Türk dövlətləri ilə hərtərəfli əlaqələr Azərbaycanın xarici siyasətində daim üstünlük təşkil edib. Hələ Vətən müharibəsinə qədərki dövrdə də ölkəmiz türkdilli dövlətlərlə yüksəksəviyyəli əlaqələr quraraq, ümumilikdə bir amal - türk dünyasının birliyi naminə mühüm fəaliyyət gerçəkləşdirirdi.
Qarabağ zəfəri isə "türk dünyası ailəsi"nin həmrəyliyini zirvəyə daşıyan müstəsna tarixi hadisə oldu və bu qələbə milli köklərimizlə, ortaq dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin birgəliyini daha da möhkəmləndirdi. Qürurverici məqamlardandır ki, müharibənin 44 günü ərzində bütün türk dünyasının qəlbi Azərbaycanla döyünür, zəfərlərimiz böyük coşquya səbəb olurdu.
Türk birliyinin güclənməsində qardaş Türkiyə və Azərbaycan arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin də böyük əhəmiyyəti var.
Bu gün Türk Dövlətləri Təşkilatı dünyadakı mövqeyini durmadan möhkəmləndirir və təşkilatın beynəlxalq güc kimi müəyyənləşdirilməsində məhz Prezident İlham Əliyevin xüsusi səyləri, təşəbbüsləri, əməli fəaliyyəti əsas rol oynayır.
Göründüyü kimi, türk dünyasının birliyi uğurlu bəhrələrini verir. Qardaş xalqlar və ölkələr bir-birilərinə dəstək, arxa-dayaq duraraq bütün çətinliklərə qarşı təsirli mübarizə aparır, kədərdə də, sevincdə də bir yerdə olurlar.
Bu, 44 günlük Vətən müharibəsinin, Türkiyədə baş verən dəhşətli zəlzələnin, Qarabağ və Şərqi Zəngəzurun bərpasına qardaş ölkələrin dəstəklərinin timsalında da aydın görünür...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"