07 Fevral 2026 08:55
191
SİYASƏT
A- A+
Qarabağın və Şərqi Zəngəzurun xilaskarı indi bu əraziləri cənnətə çevirir 

Qarabağın və Şərqi Zəngəzurun xilaskarı indi bu əraziləri cənnətə çevirir 


Xalqının və dövlətinin yolunda dayanmadan çalışan, hər addımını milli mənafelərə uyğun ataraq tarix yazan liderlər zamanın arxasınca getmirlər, əksinə, zamanı özləri ilə aparır, gələcəyi formalaşdırırlar. Prezident İlham Əliyev məhz belə liderlərdəndir. Ərazicə böyük olmayan, əhali baxımından nəhəng dövlətlərlə müqayisə edilə bilməyən Azərbaycan bu gün təkcə regional deyil, qlobal proseslərin də diqqət mərkəzində dayanır. Bu reallığın arxasında İlham Əliyevin düşünülmüş siyasəti, ardıcıl qərarları və gələcəyə hesablanmış siyasət yürüdən liderlik bacarığı dayanır. Onun yenidən Prezident seçilməsindən ötən iki il Azərbaycanın yalnız zamanla irəliləmədiyini, həm də məzmun etibarilə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə göstərir.

Son iki il ölkəmizin daxili sabitliyinin möhkəmləndirilməsi, xarici siyasətdə balansın qorunması, sülh təşəbbüslərinin irəli sürülməsi, Qarabağa qayıdışın sürətlənməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması ilə yadda qaldı. İlham Əliyev fəaliyyəti ilə sübut etdi ki, əsl lider yalnız güc nümayiş etdirən deyil, sülh gətirən, sözünə inandıran, ölkəsini zəkası  ilə dünyaya qəbul etdirən liderdir.

Dövlətimizin başçısı vəd etdiklərini konkret proqramlara, proqramları isə real nəticələrə çevirir. Dövlət idarəçiliyində çeviklik, qərarvermədə sürət və milli maraqlara sadiqlik son iki ilin əsas xüsusiyyətləri oldu.

Prezident İlham Əliyev Qarabağa ilk səfərləri zamanı və sonrakı çıxışlarında işğaldan azad olunan torpaqlarla bağlı tarixi bir vəd verdi: "Biz Qarabağı cənnətə çevirəcəyik". Bu ifadə sadəcə bir çağırış olmadı, dövlət siyasətinin strateji xəttinə çevrildi. Bu sözlərin arxasında dağıdılmış şəhərlərin yenidən qurulması, viran qoyulmuş kəndlərin həyata qaytarılması, yolların, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının inşası dayanırdı. Prezident bu vədi ilə dünyaya göstərdi ki, Azərbaycan torpaqlarını yalnız işğaldan azad etməklə kifayətlənmir, onları yaşamaq, yaratmaq və insanların xoşbəxt gələcək qura bilmələri üçün gözəl bir məkana çevirir. Bu gün Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri həmin sözlərin siyasi iradəyə, iradənin isə real nəticələrə çevrildiyini təsdiqləyir. Bu gün iftixarla qeyd edə bilərik ki, Qarabağ müasir Azərbaycanın gələcək simasıdır. "Ağıllı şəhər" və kənd konsepsiyaları, yeni yollar, hava limanları, sosial obyektlər Qarabağı regional inkişaf mərkəzinə çevirməyi hədəfləyir. 

Daxili siyasətdə əsas prioritetlərdən biri postmünaqişə dövrünün düzgün idarə olunması idi. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri təkcə fiziki infrastrukturu deyil, sosial və mədəni həyatın da bərpasını hədəfləyib. Böyük qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr insanların doğma torpaqlarına təhlükəsiz, layiqli və davamlı şəkildə qayıdışını təmin etməyə yönəlib.

Son iki ildə Şuşa, Laçın, Xocalı, Ağdam, Kəlbəcər, Zəngilan və digər rayonlarda aparılan abadlıq, bərpa və quruculuq işləri ölkənin ən prioritet layihələrindən biri olaraq davam edir. Azərbaycan hökuməti Böyük qayıdış dövlət proqramı çərçivəsində bu ərazilərdə genişmiqyaslı infrastruktur layihələrini həyata keçirərək geniş yollar, su və enerji xətləri, təhsil və səhiyyə obyektləri, yaşayış məntəqələri və mədəni infrastruktur formalaşdırıb. Ağdamda dəmir yolu və avtovağzal kompleksi, regional idarəetmə mərkəzləri, su anbarları və digər ictimai obyektlərin istifadəyə verilməsi  bu  şəhərdə  sosial-iqtisadi həyatın yenidən bərpasına xidmət edir. 

Eyni zamanda Kəlbəcər və Laçın şəhərlərinə, kəndlərinə qayıdış davam edir. Artıq  Kəlbəcər şəhərində də məskunlaşma layihələri reallaşdırılır və burada məcburi köçkünlər üçün yaşayış sahələri təmin olunur.

İşğaldan azad olunan Zəngilan rayonuna da qayıdış prosesi sürətlə həyata keçirilir. Məmmədbəyli kəndi kimi yaşayış məntəqələrinə çoxsaylı ailələrin geri dönüşü davam edir, sosial infrastruktur, xidmət obyektləri yaradılır. Ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda artıq on minlərlə insan - keçmiş məcburi köçkünlər, bərpa-quruculuq layihələrində çalışan işçilər, eləcə də dövlət orqanlarında xidmət edən əməkdaşlar bu torpaqlarda yaşayışa başlayıblar.

Bir zamanlar separatizm yuvasına, nifrət və qarşıdurma ideologiyasının mərkəzinə çevrilmiş Xankəndi bu gün tamamilə yeni bir sima qazanıb. İndi bu şəhər sülhün, sabitliyin və dövlət suverenliyinin real təcəssümüdür. Xankəndi artıq silah səslərinin eşidilməsi ilə deyil, tələbə gənclərin səsi gələn, elm və düşüncə mühiti, beynəlxalq tədbirlərin verdiyi mesajlar məkanı kimi tanınır. Burada formalaşan yeni həyat tərzi göstərir ki, şəhər arzuların, gələcəyə inamın və birgəyaşayış mədəniyyətinin məkanına çevrilib. Prezident İlham Əliyevin məhz Xankəndidə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə xüsusi önəm verməsi təsadüfi deyil - bu, dünyaya ünvanlanan açıq və qəti bir mesajdır: Azərbaycan müharibəni yox, sülhü, intiqamı yox, ədaləti, dağıntını yox, quruculuğu seçib. Xankəndidə dalğalanan Azərbaycan bayrağı İlham Əliyevin liderliyi ilə regionda yeni siyasi reallığın, qalib dövlətin və sülhə açıq gələcəyin simvoluna çevrilib.

Son iki ildə Azərbaycanın yaşıl və bərpaolunan enerji sahəsində atdığı addımlar xüsusilə diqqətəlayiqdir. Günəş və külək enerjisi layihələri, beynəlxalq enerji şirkətləri ilə imzalanan sazişlər ölkəni regionu "yaşıl enerji" mərkəzinə çevirməyi hədəfləyir. Bu gün Qarabağ və digər azad olunmuş ərazilər "yaşıl enerji zonası" kimi formalaşdırılır və bu sahədə ciddi işlər görülür. Regionda ümumilikdə günəş, külək və su enerjisi üzrə potensial 10 min meqavatdan çox qiymətləndirilir ki, bu da bölgənin enerji tələbatını uzunmüddətli perspektivdə tam ödəməyə imkan verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq istehsal gücü 1100 MVt-a çıxan "yaşıl enerji" layihələri icra olunur ki, bu da ərazilərin mövcud enerji tələbatından 12-15 dəfə çoxdur.

Qarabağ və Şərqi Zəngəzurda BP ilə 240 MVt gücündə Günəş-Elektrik Stansiyası (GES) qurulması üçün müqavilə imzalanıb və stansiyanın 2027-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. 

Bundan başqa, ölkə üzrə "Qaradağ" Günəş-Elektrik Stansiyası 230 MVt gücü ilə fəaliyyət göstərir. Stansiyada hər il 500 milyon kilovat-saatdan çox təmiz enerji istehsal olunur ki, bu da böyük həcmdə təbii qaza qənaət və karbon emissiyalarının azalmasına gətirib çıxarır.

Regionda həmçinin su-elektrik stansiyalarının bərpası da davam edir: Laçın, Kəlbəcər və Suqovuşan istiqamətlərində 20,2 MVt gücündə kiçik SES-lər artıq işə düşüb. Cəbrayıl ərazisində 200 MVt "Xudafərin" və 80 MVt "Qız Qalası" SES-lərinin tikintisi də davam edir ki, bu obyektlərin yaxın illərdə enerji balansına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Son illər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında bərpaolunan enerji sahəsində strateji əməkdaşlıq sürətlə genişlənib. BƏƏ ilə 2024-cü il yanvarın 9-da dörd sənəd imzalanıb: elektrik enerjisinin ötürülməsi layihələri üzrə investisiya əməkdaşlığı barədə Anlaşma Memorandumu, günəş və külək enerjisi infrastrukturunun gücləndirilməsini nəzərdə tutan Strateji Əməkdaşlıq Çərçivə Müqaviləsi, 1 GW-lıq günəş və külək layihələri üçün Yol Xəritəsi, eləcə də SOCAR ilə ADNOC arasında strateji tərəfdaşlıq sazişi. Bu sənədlər bərpaolunan enerji sahəsində həm investisiya, həm də texniki əməkdaşlıq platformasını formalaşdırır.

Ən böyük tərəfdaşlardan biri olan BƏƏ-nin "Masdar" şirkəti ilə imzalanmış müqavilələr 1 000 MVt gücündə 445 MW-lıq Biləsuvar və 315 MW-lıq Neftçala günəş-elektrik stansiyaları ilə yanaşı, 240 MW-lıq Abşeron-Qaradağ külək stansiyasının layihələndirilməsi, enerji satışı və ötürülməsi üzrə sənədləri də əhatə edib. Bu sahədə bağlanmış investisiya, enerji alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri Azərbaycanın "yaşıl enerji" sektorunu gücləndirməkdədir.

Bundan əlavə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb ki, bu da bərpaolunan enerji, enerji səmərəliliyi və elektrik enerjisi sahələrində iki ölkə arasında müqavilə əsasında yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur. 

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ərəb Əmirlikləri və Səudiyyə Şahzadəlikləri Azərbaycan üçün əsas "yaşıl enerji" investorlarındandır və onların dəstəyi ilə 2030-cu ilə qədər 6 GW-a yaxın günəş və külək enerji gücü əldə etmək məqsədi müəyyən olunub.

Bu əməkdaşlıq təkcə investisiya və texnologiya transferi ilə məhdudlaşmır, eyni zamanda "yaşıl enerji" məhsullarının ixracı və regional "yaşıl enerji dəhlizi" siyasətinə inteqrasiyası üçün də strateji körpü rolunu oynayır, Azərbaycanın qlobal enerji keçidində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Bu siyasət Azərbaycanın təkcə enerji ixracatçısı deyil, eyni zamanda qlobal iqlim gündəliyində məsuliyyətli aktor olduğunu göstərir. İlham Əliyev sübut etdi ki, təbii resurslara malik olmaq gələcəyi düşünmədən istifadə etmək demək deyil.

Eyni zamanda sosial rifahın artırılması, məşğulluğun genişləndirilməsi, regionlararası inkişaf fərqlərinin azaldılması dövlət siyasətinin mərkəzində saxlanıldı. Bu dövrdə qəbul edilən sosial paketlər, minimum əməkhaqqı və pensiyalarda artımlar dövlətin vətəndaşa olan məsuliyyətinin bariz nümunəsi kimi çıxış etdi.

İlham Əliyevin xarici siyasət kursu bu iki il ərzində də balanslı və praqmatik xəttini qorudu. Azərbaycan eyni anda müxtəlif qütblərdə dayanan böyük dövlətlərlə əməkdaşlıq etməyi bacaran nadir ölkələrdən biridir. 

Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin nəticəsi olaraq Azərbaycan-ABŞ münasibətləri son illər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bir zamanlar Azərbaycanın qarşısında ciddi  məhdudiyyət yaradan ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na əlavə edilmiş 907-ci düzəlişin tətbiqi Donald Tramp administrasiyası tərəfindən dayandırıldı. 

ABŞ-nin vasitəçiliyi və iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüş Azərbaycanın sülh təşəbbüslərinə beynəlxalq səviyyədə dəstək verilməsi və regionda yeni siyasi nizamın formalaşması baxımından tarixi əhəmiyyət kəsb etdi. 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirərək 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan tarixi sülh sammitində çıxış zamanı demişdir: "Otuz beş il idi ki, müharibə idi, indi isə onlar dostdurlar və bundan sonra uzun müddət dost qalacaqlar. Bu gün Ağ Evdə Ermənistan ilə Azərbaycan arasında sülh sammitində hər kəsi qəbul etməkdən böyük şərəf duyuram. Bu, iki böyük lider - Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən həyata keçirilmiş vacib sənəddir".

Dövlətimizin başçısının təşəbbüsü ilə sülh sazişinin paraflanması region üçün yeni mərhələnin başlanğıcı oldu. Bu addım təkcə müharibənin yekunu deyil, davamlı sülhə aparan yolun siyasi manifesti idi. Bu siyasət göstərdi ki, İlham Əliyev üçün qələbə yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. O, bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq mühitinin yaradılmasını strateji hədəf kimi müəyyənləşdirib. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də anlayışla qarşılandı və dəstəkləndi.

Prezident İlham Əliyev, Əl-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunarkən qlobal əməkdaşlıq və regional etimadın vacibliyinə diqqət çəkərək demişdir: "Tranzit xətlərinin açılışı yalnız yükdaşıma deyil, eyni zamanda etimad mühitinin formalaşmasıdır". Bu sözlər Azərbaycanın strateji mövqeyini və liderliyin uzaqgörənliyini vurğulayır. Cənab İlham Əliyev bir daha göstərdi ki, iqtisadi əməkdaşlıq yalnız mal mübadiləsi ilə ölçülmür, o, dövlətlər arasında etimadın, sabitliyin və birgə inkişafın körpüsü rolunu oynayır. 

Ölkəni böyük edən onun xəritədə tutduğu yer deyil, dünya siyasətində olduğu mövqedir. Prezident İlham Əliyev Qarabağın xilaskarı, insanların könüllərini fəth edən lider, Azərbaycanın adını dünyada təsdiq edən dövlət başçısıdır.  


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!