Azərbaycan xalqı əsrlər boyu özünün milli-mənəvi dəyərləri, tarixi, mədəni, dini abidələri ilə fəxr edib. Eyni zamanda özünün milli dəyərlərini qoruyub saxlayaraq inkişaf etdirib. Lakin uzun müharibələr, istilalar, xüsusilə son illərdə erməni təcavüzkarlarının Qarabağı işğal etməsi tarixi abidələrimizə ciddi ziyan vurub və onların bir çoxu məhv edilib.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda çox mühüm bərpa, tikinti-quruculuq işləri gedir. Bu işlərin görülməsi, əlbəttə ki, Azərbaycanın iqtisadi imkanlarından, inkişafından xəbər verməklə yanaşı, həm də öz torpaqlarından məcburi köçkün düşən, uzun illər çətin günlər keçirən insanlara qayğısından xəbər verir. Bərpa-quruculuq işləri nəinki Azərbaycan xalqını, eləcə də Azərbaycanı istəyən, onun uğurlarına sevinən hər bir insanı qürurlandırır, sevindirir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, müntəzəm olaraq işğaldan azad edilən ərazilərə xarici qonaqlar, dövlət başçıları, siyasətçilər, mədəniyyət xadimləri dəvət olunur: "Onlar həmin yerlərdə görülən işlərlə tanış olur və Azərbaycanın sülh, əmin-amanlıq yolunda atdığı addımları dəstəklədiklərini bildirirlər. Bu günlərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, media təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura səfərləri də məhz bu məqsədə xidmət edirdi: Qarabağda görülən işlərlə tanışlıq, erməni faşistlərinin törətdikləri əməlləri gözləri ilə görmək və gələcək üçün vəzifələri bəyan etmək".
Deputat söyləyib ki, ancaq çox təəssüflər olsun ki, bu səfər əksər dövlətlər tərəfindən yüksək qiymətləndirildiyi halda Ermənistanda geniş əks-səda yaratdı və qısqanclıqla qarşılandı: "Bir çox diplomatın, xüsusilə Fransanın, Hindistanın, Amerikanın diplomatik korpus nümayəndələrinin Qarabağda və Şərqi Zəngəzurda olması Ermənistan tərəfindən təəssüflə qeyd edilir və bunun guya beynəlxalq normalara zidd olduğunu bəyanatlarla səsləndirirlər. Əlbəttə ki, söylənilən fikirlər və Ermənistanın mövqeyi gələcək sülhə yox, müharibənin, münaqişənin qızışdırılmasına, qarşıdurmanın yenidən alovlanmasına xidmət edir".
Tahir Rzayev söyləyib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və hər bir dövlətin nümayəndəsi, diplomatlar, media nümayəndələri, eləcə də istənilən hər bir kəs Azərbaycanın razılığı ilə bu bölgəyə səfər edə və həmin ərazilərdə görülən işlərlə tanış ola bilərlər: "Azərbaycan uzun illər Qafqazda sülhün, əmin-amanlığın yaradılması üçün səylər ortaya qoyub və bu gün ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ və Şərqi Zəngəzurda insanların məskunlaşması, bu ərazilərdə möhtəşəm işlərin görülməsi nədənsə Avropada bəzilərini, eləcə də Ermənistan hakimiyyətini narahat etməkdədir".
Deputat qeyd edib ki, bu torpaqlar otuz il təcavüz nəticəsində çox ciddi dağıntıya məruz qalıb: "Bu məkanda Qafqaz Albaniyasının irsi, tarixi abidələri mövcuddur və təcavüz dövründə Ermənistan hakimiyyəti, təcavüzkar qüvvələr daim bu irsi məhv etməyə və həmin ərazidə yerləşən tarixi abidələri özgələşdirməyə səy göstəriblər. Qurama adlar, saxta əməllər nəticəsində həmin abidələr erməni irsi kimi dünyaya təqdim olunmuş və bir çox halda özünün təsdiqini tapmışdır.
Erməni təbliğatı Azərbaycan xalqının tarixi-mədəni irsinin saxtalaşdırılması sayəsində fəaliyyətini daim artırmasına baxmayaraq, bu, həmişə əyani faktlarla iflasa uğramışdır. Bu gün də erməni revanşistlər yenidən Qarabağ torpaqlarında münaqişə yaratmaq, hadisələri təhrif etmək, sülhə əngəl yaratmaq fikrindədirlər".
Tahir Rzayev bildirib ki, Ermənistanın rəhbərliyi bu barədə ciddi düşünməlidir: "Çünki Azərbaycan qalib dövlətdir. 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində Azərbaycan Ordusu öz qüvvəsini göstərmiş, Azərbaycan xalqı birliyi, qüdrəti, iqtisadi gücü ilə nəyə qadir olduğunu dünyaya sübut etmişdir. Ona görə də Ermənistanın hakim dairələri bir daha gələcək taleləri üçün düşünməlidirlər. Yollar axtarmalıdırlar və bayağı bəyanatları, saxta düşüncələri, fikirləri ilə sülhə əngəl yaratmaqdan çəkinməlidirlər. Əks halda onları daha acınacaqlı tale gözləyə bilər".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"