19 Sentyabr 2026 08:30
262
SİYASƏT
A- A+
Dövlət suverenliyi xalqımızın tarixi nailiyyətidir

Dövlət suverenliyi xalqımızın tarixi nailiyyətidir


2003-cü ilin 15 oktyabrından etibarən ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu proseslərinin, sosial-iqtisadi inkişafın, ordu quruculuğunun, həmçinin ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsi istiqamətində aparılan ardıcıl fəaliyyətin növbəti mərhələsi Ulu Öndərin siyasi varisi və layiqli davamçısı Prezident İlham Əliyevin missiyası ilə bağlı olmuşdur.

Onun rəhbərliyi ilə aparılan köklü dövlətçilik islahatlarının birinci mərhələsi 18 mart 2009-cu ilədək (Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum) davam etmiş, bu dövr əsasən demokratik islahatların, dövlət quruculuğu proseslərinin davam etdirilməsi ilə səciyyələnmişdir. Bu mərhələdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi, həmçinin ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər keçid dövrünün 2009-cu ildə başa çatdığını təsdiqləyən mühüm göstəricilər kimi qiymətləndirilə bilər.

2009-cu ildən etibarən cənab İlham Əliyevin prezidentliyi hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsi mərhələsinə daxil oldu. Bu dövr dövlət idarəetməsində institusional inkişaf, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və idarəetmədə şəffaflığın artırılması ilə səciyyələndirilir. Həmçinin 21 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin olunması dövlət idarəçiliyində davamlılığı və möhkəm strukturların formalaşmasını təmin edən strateji addımdır.

Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr hər cəhətdən Azərbaycanın yüksəliş dövrüdür, bu intibah dövlət və vətəndaş birliyinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu prosesin əsas dayağı ölkə rəhbərinin strateji və yaradıcı vizyonu, eləcə də Azərbaycan vətəndaşlarının dövlət başçımızın yürütdüyü siyasətə dəstəyi olmuşdur. Bu dövr eyni zamanda Azərbaycan siyasi-mədəni həyatında xalq və hakimiyyət birliyinin yeni, daha məhsuldar epoxasının başlanğıcını təşkil etmişdir.

Böyük dövlət xadimi İlham Əliyevin prezidentliyi Azərbaycanın xarici siyasətində də yeni mərhələni təmsil edir. Bu mərhələ özündən əvvəlki dövrün təməlləri üzərində qurulmuş və onları daha da dərinləşdirərək, xarici siyasətin məzmun və əhatəliliyini genişləndirmişdir. 2003-cü ildən etibarən Azərbaycanın xarici siyasətinin əsas məqsədləri dövlətin müasir, rəqabətədavamlı və dayanıqlı iqtisadi-mədəni struktura malik ölkəyə çevrilməsindən, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasından, Azərbaycanın beynəlxalq enerji, nəqliyyat-kommunikasiya və tranzit mərkəzlərindən birinə çevrilməsindən, vətəndaşların rifahının yüksəldilməsi üçün əlverişli beynəlxalq şəraitin yaradılmasından ibarət olmuşdur.

Bu məqsədlərin həyata keçirilməsi üçün çevik, tarazlaşdırılmış və səmərəli xarici siyasət xətti müəyyən edilmiş, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxsaylı xarici səfərləri, beynəlxalq platformalarda fəal iştirakı, Azərbaycanın qəbul etdiyi beynəlxalq nümayəndə heyətləri ölkənin xarici siyasətinin dinamikliyini və effektivliyini nümayiş etdirmişdir.

Ötən onilliklər ərzində ölkəmizdə keçirilmiş ikitərəfli, regional və beynəlxalq toplantılar, həmçinin Azərbaycan tərəfinin dövlətlərarası ziddiyyətlərin həllində vasitəçilik fəaliyyəti ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirmiş, qlobal səviyyədə rolunu artırmışdır. Bu dövr Azərbaycanın diplomatik imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrinin dərinləşdirilməsi baxımından son dərəcə strateji əhəmiyyət daşıyır.

Azərbaycanın bu mərhələdəki xarici siyasətində ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi mühüm yer tutur. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən 2013-cü il dekabrın 31-nə qədər davam etmiş, bu müddət ərzində Azərbaycan dünya siyasətini müəyyən edən 15 dövlətdən birinə çevrilmiş, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi diqqəti çəkmişdir.

Azərbaycan 2011-ci ilin mayından Qoşulmama Hərəkatının da tamhüquqlu üzvü olmuş, 2019-2023-cü illərdə isə BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan bu quruma uğurla sədrlik edərək Qoşulmama Hərəkatının institusional inkişafına, qlobal güc mərkəzi kimi təsir imkanlarını artırmasına misilsiz töhfələr vermişdir.

Bu illərdə Azərbaycanın xarici siyasət prioritetlərinin ən mühümü, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələləri ilə bağlı olmuş, güclü ordu quruculuğuna paralel şəkildə ölkəmiz münaqişənin insan itkilərinə, yeni faciələrə yol vermədən həlli üçün sülh prinsiplərinə sadiq qalmış, danışıqlar prosesi cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də səbir və təmkinlə davam etdirilmişdir.

2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair təkliflər paketi hazırlamış və bu sənəd "Madrid prinsipləri" adı ilə tarixə düşmüşdür. Onun ilkin versiyası tərəflərə təqdim edilmiş, 2009-cu ilin sonunda isə yenilənmiş variantı hazırlanaraq müzakirəyə çıxarılmışdır. Hər iki sənəd münaqişənin mərhələli nizamlanmasını nəzərdə tutur, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını, kommunikasiya xətlərinin bərpasını və digər mühüm elementləri əhatə edirdi. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən bu dəfə də gözlənilən nəticə əldə olunmamışdır.

Sonrakı mərhələdə keçirilən görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə dialoqun davam etdirilməsi barədə razılığa gəlmiş, problemin humanitar aspektlərinə xüsusi diqqət yetirmişlər. Bununla belə, danışıqların intensivləşməsi və prosesin Ermənistanın maraqlarına uyğun inkişaf etməməsi fonunda qarşı tərəf hərbi təxribatlara əl ataraq siyasi dialoqu pozmağa çalışmışdır. Xüsusilə Fransanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 27-də keçirilmiş Paris görüşündən dərhal sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 min nəfərdən artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirmiş, eyni zamanda Ermənistan silahlı qüvvələrinin təmas xəttində hücum xarakterli uçuşlarla təxribat törətməsi danışıqlar prosesinin intensivliyinin azalmasına səbəb olmuşdur. Bunun nəticəsində iki ölkə prezidentləri arasında dialoq yalnız 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilmişdir.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə bağlı konkret planların müzakirə edildiyi bir vaxtda Ermənistan silahlı qüvvələri yenidən təxribat xarakterli addımlara əl atmışdır. Belə ki, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri intensiv atəşə tutulmuşdur. Bu hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 6 nəfər mülki şəxs həlak olmuş, 33 nəfər isə ağır yaralanmışdır.

Ermənistan 2017-ci ildə də siyasi və hərbi təxribatlarını davam etdirmiş, iyun və iyul aylarında, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini intensivləşdirdiyi və beynəlxalq ictimaiyyətin substantiv danışıqlara dair çağırışlarının gücləndiyi bir şəraitdə, Ermənistan tərəfi qoşunların təmas xətti boyunca vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə cəhd göstərmişdir. Ermənistan silahlı birləşmələri ağır artilleriya vasitələrindən istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və mülki əhalinin yaşadığı məntəqələri intensiv atəşə tutmuşdur.

Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyi dəstəklənmişdir. Bu sənədlər münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkünlüyünü bir daha təsdiq etmişdir.

2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.

Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi. Tərəflər arasında imzalanan 9 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ arasında əlaqəni Azərbaycan ərazisindən - Laçın üzərindən qurmalı idi. Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi bu yoldan sosial problemlərini həll etməkdənsə, Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına ara vermirdilər.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.

Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

20 Sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycanın tarixində yalnız bir tarixin deyil, milli iradənin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təntənəsinin ifadəsidir. Bu gün biz suverenliyimizin bərpasının yaratdığı yeni reallıqları dəyərləndirməklə yanaşı, əldə olunan nailiyyətlərin qorunmasının və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsinin məsuliyyətini də dərk edirik.

Suverenlik yalnız dövlət sərhədlərinin toxunulmazlığı deyil. O, xalqın öz taleyini müəyyən etmək hüququ, dövlətin öz qərarlarını sərbəst qəbul etmək iradəsi və milli dəyərlər üzərində gələcəyini qurmaq əzmidir.

 

Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir Vətən sevdalısı Xəzər vardı...  

10:10
19 Sentyabr

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu

10:00
19 Sentyabr

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

09:50
19 Sentyabr

Türk dünyasının aparıcı gücü

09:40
19 Sentyabr

Sahibkarlığa yeni dəstək mexanizmləri müzakirə olunub

09:30
19 Sentyabr

Prezidentin hər səfəri iqtisadi inkişafa yeni təkan verir

09:25
19 Sentyabr

Əsrlərə hesablanmış saziş

09:20
19 Sentyabr

Bir Zəfər - dörd şəhər, əbədi qürur

09:10
19 Sentyabr

Tarixə yazılan antiterror tədbirləri

09:00
19 Sentyabr

Yurduna əbədi qayıdan müqəddəs bayraq

08:50
19 Sentyabr

Qalib və suveren Azərbaycan

08:40
19 Sentyabr

Dövlət suverenliyi xalqımızın tarixi nailiyyətidir

08:30
19 Sentyabr

Qarabağ Azərbaycanın suveren ərazisidir və hər bir dövlətin nümayəndəsi bura səfər edə bilər

08:20
19 Sentyabr

Xalqımızın dövlətçilik salnaməsinin qürur doğuran səhifəsi

08:10
19 Sentyabr

23 saatlıq Zəfərin qüruru

08:00
19 Sentyabr

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

20:49
18 Sentyabr

Qaradağ rayonunda “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib

20:49
18 Sentyabr

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

20:47
18 Sentyabr

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

20:45
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!