Dövlət suverenliyi hər bir xalqın iradəsini, milli dünyagörüşünü və taleyini müəyyən edən fundamental dəyərdir. Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı suverenliyə, dövlət müstəqilliyinə nail olmaq üçün çox sınaqlarla üz-üzə qalıb. 3 il əvvəl, 2023-cü il sentyabrın 20-də Qarabağda erməni separatizminə son qoyulması ilə Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması isə müasir tariximizin ən mühüm və şərəfli səhifələrindən birini təşkil edir.
Beynəlxalq hüquq baxımından suveren dövlət sərhədləri daxilində və əraziləri üzərində ali hakimiyyətə və hakimiyyət qollarına malik olan, daxili və xarici siyasətini müstəqil müəyyən edən, ən əsası, digər dövlətlərdən asılı olmayan dövlətdir. Dövlətin müəyyən əraziyə, ali hakimiyyətə və digər dövlətlərlə münasibətlər qurmaq imkanına malik olması suverenliyin fundamental elementləri sırasında dayanır. Bu mənada ərazi bütövlüyü ilə dövlət suverenliyi bir-birini tamamlayan anlayışlardır.
Azərbaycanın müasir tarixində suverenlik məsələsinin xüsusi aktuallıq qazanmasının əsas səbəblərindən biri ölkə ərazisinin - Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı altında qalması idi. 30 ildən artıq davam edən işğal nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində şəhər və kəndlər dağıdıldı, yaşayış məntəqələri viran edildi, mədəni və dini irsə ciddi ziyan vuruldu, yüz minlərlə vətəndaşımız öz doğma ev-eşiyindən köçkün düşdü. Təəssüflə qeyd edilməlidir ki, beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, işğal dövründə problemin həllində iştirak edən siyasi mərkəzlər ədalətin təmin edilməsində maraqlı olmadılar və dolayısı ilə Ermənistanın işğal siyasətinə dəstək verdilər. Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məsələni onların diqqətinə çatdıraraq deyib: "Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. Bildiyiniz kimi, 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı".
Fəaliyyəti 2025-ci ilin Vaşinqton görüşündən sonra hüquqi müstəvidə tam dayandırılmış ATƏT-in Minsk qrupu artıq keçmişdə qalmış Qarabağ məsələsini beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll etməkdən yayındı. Danışıqlar prosesinin nəticəsiz qalması və Ermənistanın yeni hərbi təxribatlar törətməsi Azərbaycana ərazilərini döyüş yolu ilə azad etməkdən başqa yol qoymadı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 44 gün davam edən müharibədə işğal altında olan ərazilərimizin böyük hissəsi döyüş yolu ilə azad edildi, Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını özü təmin etdi.
Lakin Qarabağın bir hissəsində separatçı rejimin mövcudluğu və Ermənistan silahlı qüvvələrinin qalıqlarının bölgədə qalması Azərbaycanın konstitusiya quruluşunun həmin ərazilərdə tam bərpasına maneə olaraq qalırdı. Və bunun fonunda Azərbaycan ictimaiyyəti əmin idi ki, 44 günlük müharibədə qazanılan böyük zəfər dövlət suverenliyinin bütün ərazilərimiz üzrə tam bərpası baxımından başladılan prosesin son mərhələsi deyil. Bu əminliyin təməlində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət və Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi dayanırdı.
Vətən müharibəsinin başa çatmasından sonra, daha dəqiq desək, 2020-2023-cü illərdə Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərindən müxtəlif bəhanələr və spekulyasiyalarla yayınmağa üstünlük verdi, hərbi təxribatlar törətməklə sülh prosesini sabotaj etdi. İrəvanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, silahlı qüvvələrinin qalıqlarını Qarabağ iqtisadi rayonundan çıxarmaması, separatçı dəstələrin tərk-silah olunmaması, Azərbaycan hərbçilərinə və işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri aparan mülki şəxslərə qarşı davamlı şəkildə təxribatların törədilməsi Ermənistanın qarşıdurma və revanşist siyasətə üstünlük verdiyini göstərirdi. Bunlarla yanaşı, Laçın yolu vasitəsilə Ermənistandan Qarabağa silah-sursat daşınır, Azərbaycan ərazilərinin müxtəlif istiqamətlərdə minalanması həyata keçirilirdi. Erməni separatçılar Qarabağın təbii sərvətlərini talan edərək Ermənistana daşıyır, ekosisteminə zərbə vururdular.
Təbii ki, Azərbaycan dövləti üçün bu vəziyyət qəbul edilməz idi. Həmin dövrdə cənab Prezident İlham Əliyev çıxışlarında Ermənistana və Qarabağdakı separatçılara dəfələrlə xəbərdarlıqlar etmişdi. Lakin ermənilər bu xəbərdarlıqlardan, Vətən müharibəsindəki məğlubiyyətdən, 2022-ci ilin sentyabr döyüşlərindən, Fərrux və Qisas əməliyyatlarından, o cümlədən 2023-cü ilin aprelində Laçın rayonunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasından nəticə çıxarmaq istəmədilər. 2023-cü il sentyabrın 19-da Qarabağdakı separatçı rejimin cinayətkar ünsürləri tərəfindən polislərimizə və mülki vətəndaşlarımıza qarşı törədilən terrorçu hücumlar isə Azərbaycan dövləti tərəfindən antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin 2023-cü il sentyabrın 19-da başlatdıqları və bir sutkadan da az davam edən lokal xarakterli antiterror tədbirləri "dəmir yumruğ"un növbəti təntənəsi oldu. 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində qarşıya qoyulan hərbi vəzifələr yerinə yetirildi, Azərbaycan ərazilərində XIX əsrdən kök atmış erməni separatizminə son qoyuldu, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq kimi sərsəm ideya iflasa uğradıldı. Beləliklə, 2023-cü il sentyabrın 20-də Qarabağda dövlətimizin konstitusion hüquqları təmin olundu, Azərbaycan Respublikası özünün bütün əraziləri üzərində hakimiyyətin aliliyini və suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi məhz bu tarixi reallığın siyasi və hüquqi mahiyyətini ifadə edir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri antiterror tədbirlərinin nəticəsində azad edildiyi üçün sentyabrın 20-si ölkəmizdə eyni zamanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Prezident İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də bu şəhərlərdə Azərbaycanın Dövlət Bayrağının ucaldılması isə bu ərazilərdə dövlət suverenliyinin bərpasının simvolik ifadələrindən biri oldu.
20 Sentyabr Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində bir mərhələnin yekununu və yeni mərhələnin başlanğıcıdır. Yeni mərhələdə dövlətimizin qarşısında dayanan bütün vəzifələr qətiyyətlə yerinə yetirilir. Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində yaranan yeni reallıqların və sülh prosesinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması, sülh sazişinin mətninin paraflanması, Qarabağ və Şərqi Zəngəzurun quruculuğu, Böyük qayıdışın sürətlə həyata keçirilməsi, Azərbaycanın Avrasiya coğrafiyasının əməkdaşlıq mərkəzinə və regionun orta gücünə çevrilməsi göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yeni mərhələdə Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir, tarixini yeni uğurlarla zənginləşdirir.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı