22 Sentyabr 2022 02:16
1457
SİYASƏT
A- A+

Qafqazda sülhün və təhlükəsizliyin yeganə təminatı Azərbaycanın şərtləridir

 

İlham Əliyevin siyasəti regionda sabitliyə, yeni qlobal layihələrin reallaşmasına zəmanət verir

 

İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi-siyasi güc mərkəzi, qlobal enerji və nəqliyyat layihələrinin müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 
2020-ci ilin Vətən müharibəsindən sonra isə bunların sırasına biri də əlavə olundu - Cənubi Qafqazın qalib dövləti.  44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, nüfuzunu daha da yüksəltdi.
Regionda postmüharibə dövrü başlandı və yaranmış yeni reallıqların gündəliyini, əlbəttə ki, qalib dövlətin lideri İlham Əliyev müəyyənləşdirməli idi. Azərbaycan Prezidenti bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımları atmağa başladı və bütün çıxışlarında bəyan etdi ki, Cənubi Qafqazda sülhün təminatı, kommunikasiyaların bərpası və yeni əməkdaşlıq formatlarının yaradılması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması mütləqdir. İlham Əliyevin bu təklifinə Ermənistan əvvəlcə dolayısı ilə "yox" desə də, sonradan yeni reallıqları anlayaraq sülh prosesinin başlanmasına razılıq verdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər isə bu prosesə təkan verdi. 

 

Tarixə qovuşan münaqişə, sülh prosesinə qarşı erməni təxribatı 

 

İlham Əliyev qalib komandan kimi öz şərtlərini irəli sürməli idi. Azərbaycan Prezidenti bununla bağlı 5 prinsipi müəyyənləşdirərək qarşı tərəfə təqdim etdi. Prezident bəyan etdi ki, Azərbaycan yalnız bu prinsiplərin əksini tapdığı sülh müqaviləsinə imza ata bilər. 
Əvvəlcə Ermənistan buna etiraz etsə də, ölkənin baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin təkliflərini qəbul etdiklərini açıqladı və Brüsseldə keçirilən 4-cü görüşdə tərəflər arasında razılıq əldə olundu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra bəyanatında müzakirə olunmuş məsələlər üzrə konkret fikirlərini səsləndirərək dedi ki, sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib.
Beləliklə, Avropa İttifaqı Şurasının və şəxsən prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur. Bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Çünki artıq ermənilər də dərk edirlər ki, nəinki Qarabağda və Azərbaycanın sərhədləri daxilində, hətta Cənubi Qafqazda baş verən proseslər qalib ölkənin  maraqlarına uyğun şəkildə həyata keçirilir. Regionda baş verən bütün proseslərin hərəkətverici qüvvəsi rolunda Azərbaycan iştirak edir. 
Brüssel görüşündə Azərbaycan Prezidentinin irəli sürdüyü və diktə etdiyi şərtlərin nəinki Ermənistan, həm də beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən qəbul edilməsi onu göstərir ki, Dağlıq Qarabağla bağlı termin müzakirə mövzusu deyil. Qarabağda ermənilərə hər hansı status verilməsi ilə bağlı məsələ də artıq həm Ermənistanın, həm də beynəlxalq təşkilatların gündəliyindən çıxarılıb. ATƏT-in Minsk qrupu kimi bir təşkilat da tarixə qovuşub. 
Onu da vurğulayaq ki, Avropa İttifaqının təşəbbüsü ilə keçirilən sülh danışıqları prosesi bir çox dövlətlər tərəfindən də təqdir edilir. 

 

Nensi Pelosinin 120 milyon dollarlıq Ermənistan "sevgisi"

 

Amma baş verən son hadisələr, Ermənsitanın ardıcıl törətdiyi təxribatlar, yenə də uydurmalar səsləndirməsi, Azərbaycanı əsassız yerə ittiham etməsi sülh prosesinə maneolma cəhdlərindən başqa heç nə deyil.
Proseslərin gedişatı göstərir ki, Ermənistan yenə də havadarlarına arxalanaraq məkrli oyunlar oynamağa başlayıb. Bir tərəfdən, məğlub ölkənin dövlət sərhədində təxribatlar törətməsi, digər tərəfdən, Fransada baş verən sonuncu hadisə, ABŞ-da Azərbaycan səfirliyinə qarşı aqressiv hücum eyni ssenarinin tərkib hissəsi sayıla bilər. 
Çox maraqlıdır ki, Amerika Birləşmiş Ştatları bir tərəfdən, Avropa İttifaqının təşəbbüsü ilə reallaşan sülh prosesinə dəstək verir, digər tərəfdən, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana qəfil səfəri və Azərbaycana qarşı ittihamlar səsləndirməsi bu ölkənin mövqeyində qeyri-müəyyənliyin olduğunu üzə çıxarır. 
Necə olur ki, ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçirilən görüşə ölkəsinin önəm verdiyini bildirir, amma N.Pelosi bölgədəki vəziyyəti təhrif edən açıqlama ilə Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham edir. 
Araşdırmalar göstərir ki, Nensi Pelosinin qəflətən Ermənistanda peyda olması çağdaş dünyamızda qalmaqallı siyasətçi kimi tanınan xanım spikerin şəxsi və korporativ maraqlarından irəli gəlir. O da bəlli olur ki, Pelosinin Ermənistana səfərini ABŞ-dakı erməni lobbi təşkilatı olan ANCA və çirkli pulların yuyulması sahəsində ad çıxarmış rusiyalı biznesmen Ruben Vardanyan təşkil edib. Təxmini hesablamalara görə, bu səfər üçün 120 milyon dollar vəsait xərclənib. Bu məbləğin 75 milyonu Ruben Vardanyanın bankından olan köçürmələrdir. 75 milyonun 50 milyonu Demokratlar Partiyasına ianə qismində ödənilib. 25 milyon isə N.Pelosinin 3 günlük səfəri və təhlükəsizliyinə xərclənib. Bu da şübhəsiz ki, Pelosinin Ermənistana səfərində korrupsiya amilinin mühüm rol oynadığını bir daha təsdiqləyir.
Ümumiyyətlə isə, Nensi Pelosinin Azərbaycanın ünvanına səsləndirdiyi reallıqdan uzaq və absurd fikirləri onun qərəzli, qeyri-obyektiv və qeyri-səmimi siyasətçi, dövlət rəsmisi olmasının göstəricisidir.

 

Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından Azərbaycana növbəti dəstəyi bəzi qüvvələrə mesaj idi

 

Bütün bunlar təbii ki, faydasız addımlardır. Çünki Azərbaycan qalib dövlət kimi regionda öz maraqlarını qətiyyətlə təmin edir və sülh prosesinin davam etdirilməsində hər zaman maraqlı olduğunu göstərir. 
Fransa və ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel gündəliyini dəstəkləməklə prosesə töhfə vermiş olarlar. Amma görünən odur ki, bu ölkənin bəzi qüvvələri Ermənistanı qızışdırır və sülh gündəliyinin irəli getməsinə imkan vermirlər. Belə çıxır ki, bu ölkələr Şarl Mişel və Avropa İttifaqının fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşırlar. Əgər belə olmasaydı, Brüssel görüşündə adı çəkilməyən, tarixin arxivinə göndərilmiş Minsk qrupunun yenidən canlandırılmasına, Ermənistana əsassız ümidlərin verilməsinə can atmazdılar. 
Ancaq reallıq budur ki, dünya birliyi Cənubi Qafqazda sülhün bərqərar olunması, yeni dəhlizlərin açılması istiqamətində İlham Əliyevin irəli sürdüyü qlobal layihələri təqdir edir.  
Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti dəstəyi də bəzi qüvvələrə mesaj oldu. Türkiyənin Azərbaycanla Ermənistan arasında davam edən normallaşma proseslərini dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox önəmli addımlar atdığını vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirdi ki, son günlərdə yaşanan gərginlik bu müsbət mühitə kölgə salmış olsa da, iki ölkə arasında ən qısa zamanda hərtərəfli sülh sazişinin imzalanmasının mümkün olduğu inandırıcıdır: "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq".
Rəcəb Tayyib Ərdoğan istənilən məsələdə Türkiyənin Azərbaycana dəstək verəcəyini əminliklə vurğulayb: "Azərbaycanlı qardaşlarımızın haqları və gələcəklərinin inşası mövzusunda verdikləri mübarizədə daim yanlarında olmağa davam edəcəyik".
Bütün bunlar onu deməyə əsas verir ki, artıq kimsə Azərbaycanla təhdid dili ilə danışa bilməz. Əsassız şər-böhtan atmaq da heç bir işə yaramayacaq. Azərbaycan regionun hərtərəfli lideri kimi öz maraqlarını təmin edir və qətiyyətli addımlar atır. Ermənistanın istənilən təxribatı, havadarlarının ikibaşlı oyunları da Azərbaycanı yolundan döndərə bilməz. 
İlham Əliyevin söylədiyi kimi, proseslərə bu cür yanaşma yalnız Ermənistanı çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə də məğlub Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Çıxış yolu yalnız sülh müqaviləsini imzalamaqdan keçir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video