Azərbaycanın suverenliyinə təhdid olan istənilən cəhdin qarşısı qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaq
İyulun 15-də Brüsseldə baş tutan və Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilən növbəti üçtərəfli görüşdən sonra İrəvanın ölkəmizə qarşı siyasi və hərbi təxribatları intensivləşib. Sayca 6-cı olan həmin Brüssel görüşündə diqqətçəkən məqamlardan biri də müzakirə olunan məsələlər arasında Bakının həm erməni icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının qarşılanması üçün öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankəndi-Ağdam yolunu təklif etməsi idi.
Hətta o zaman Aİ Şurasının lideri Şarl Mişel mətbuata bəyanatla çıxışı zamanı bildirmişdi ki, Azərbaycan tərəfinin bu addımı təmsil etdiyi qurum tərəfindən də təqdirlə qarşılanır.
Lakin hadisələrin sonrakı gedişatı onu göstərdi ki, Ermənistanı, eləcə də bəzi xarici ölkələri Cənubi Qafqazda daim mövcud olacaq münaqişə, müharibə ocağı daha çox maraqlandırır, nəinki iki ölkə arasında əldə olunacaq barışıq.
"Aclıq oyunları" bitdi
Buna görədir ki, başda Fransa olmaqla bəzi qərəzli ölkələr Azərbaycanın suveren ərazilərində separatçıların meydan sulamaq kimi murdar niyyətinə dəstək verirlər. Bu dövlətlər ölkəmizin aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsi qurmasını, üçrəngli bayrağını bütün sərhədboyu dalğalandırmasını heç cür həzm edə bilmirlər. Ermənistanın "bacılar"ı cidd-cəhdlə çalışırlar ki, separatçılar "qara yara" qismində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində pərçim olub qalsınlar...
Yoxsa, əslində Paris küçələrinin zir-zibilini yığışdırtdırmaqla məşğul olası mer Ann İdalqo iş-gücünü buraxıb Xankəndidə guya acından ölən ermənilərin yardımına gəlməzdi. Onlara öz əlləri ilə bir tikə çörək, heç olmazsa bir dilim "Napoleon" tortu yedizdirmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxmazdı...
Xarici ölkələrin poliqonuna çevrilmiş Ermənistan havadarlarına güvənərək ard-arda özü üçün acı nəticələrə gətirib çıxaracaq yanlış addımlar atır. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurmasına "blokada" donu geyindirməyə çalışır. Separatçılara açıq dəstək göstərir, ölkəmizin alternativ Ağdam-Xankəndi yolu təklifini gözardı edir, bu yolu bloklayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidəki ermənilərə göndərdiyi 40 ton un yardımından imtina edir. Bununla da Ermənistan və separatçı qurum elə özlərini "blokada" və "aclıq oyunları" ilə ifşa etmiş olurlar...
Çünki yolsuzluqdan şikayət ediblər, Azərbaycan onlara bir yox, bir neçə yol təklif edib. Acından öldüklərini car çəkiblər, ölkəmiz tonlarla unu Xankəndinin astanasına yığıb...
Anlayacağınız erməni bəhanələri daha tükənib...
Günah onların özlərindədir
Bütün bunlar həm də İrəvanın üçtərəfli görüşlərdə rəsmi şəkildə bəyan etməsinə baxmayaraq, "Qarabağ Azərbaycandır" həqiqətini qəbul etmədiyinin, ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiyinin, revanş hisslərə qapıldığının, əsl istəyinin vaxt uzadaraq sülhə əngəl yaratmaq olduğunun bariz təzahürləridir.
Elə bu günlərdə Ermənistan tərəfinin növbəti dəfə hərbi təxribatlara əl atması da sülhə bacardıqca əngəl törətmək kimi əməllərinin mənfur davamıdır.
Son günlər Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və digər atıcı silahlardan istifadə etməklə atəş açırlar. Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb. Amma hər dəfə olduğu kimi, bu dəfə də "dəmir yumruq" işə düşüb və Ermənistanın törətdiyi təxribatın qarşısını layiqincə alıb.
Gün kimi aydındır ki, hazırda bölgədə cərəyan edən proseslərdən diqqəti yayındırmaq, Laçın yolunun "blokada"sı məzhəkəsinin, Xankəndidəki "aclıq" şousunun Bakı tərəfindən fiaskoya uğradılmasından nəzərləri ayrımaq üçün İrəvan bu məkrli təxribata əl atıb və bununla beynəlxalq ictimaiyyətdə guya Azərbaycanın Ermənistan sərhədlərinə hücum etməsi görüntüsü yaratmağa çalışıb.
Amma iyrənc planı alınmadı, bu ağılsızlığının məsuliyyəti isə yenə də Ermənistanın boynunda qaldı...
Prezident İlham Əliyev də bölgədə sülhə təhdid olan Hayastana və onun xarici havadarlarına qətiyyətlə xəbərdarlıq edib ki, Azərbaycan son iki il yarım ərzində ordusunu böyük dərəcədə gücləndirib. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici himayədarları başa düşmürlərsə, onda günah onların özlərindədir.
Erməniəsilli sakinlərin reinteqrasiyasında qərarlıyıq
2020-ci il noyabrın 10-da kapitulyasiya aktını rəsmən imzalayan Ermənistan ötən dövr ərzində üçtərəfli Bəyanatla üzərinə götürdüyü müddəaları yerinə yetirməkdən müxtəlif hiyləgərliklərlə yayınır. Həmin tarixdə imzaladığı üçtərəfli Bəyanata zidd olaraq Hayastan bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törətməyə çalışır.
Erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb. Ötən müddətdə Ermənistan xarici havadarlarının dəstəyi ilə bu silahlı tör-töküntülərini qanunsuz yolla silahlandırmaqda davam edib.
Hər zaman humanizm prinsiplərini əldə əsas tutan Azərbaycan isə Ermənistana təkmil sülh modeli təklif edib. Bu təkliflər iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsini özündə ehtiva edir. Paralel olaraq ölkəmiz Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır. Bakı tərəfindən bu istiqamətdə ardıcıl addımlar da atılıb.
Onu da bildirək ki, bu il avqustun əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina edib. Təbii ki, bu imtinanın arxasında Ermənistanın, onun xarici havadarlarının və separatçıların barmağının olduğu danılmaz faktdır. O da reallıqdır ki, hazırda Xankəndidəki erməni sakinlər hərbi xunta tərəfindən girov götürülərək, onun oyunlarına alət edilib.
Amma separatçıların bu özbaşınalıqlarının da axırına çox az qalıb və bunu həm Ermənistan, həm onun xarici dəstəkçiləri, həm də xuntaçılar yaxşı bilir.
Sülhdən başqa çıxış yolları yoxdur
Göründüyü kimi, müharibə meydanında, beynəlxalq hüquq müstəvisində Azərbaycana məğlub olan Ermənistanın sülhdən başqa çıxış yolu qalmayıb.
Ya öz xoşları ilə Azərbaycanla sülh müqaviləsi bağlayacaqlar, ya da vaxtaşırı "dəmir yumruğ"un acısını dadacaqlar...
Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü ildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyərək rədd etdiyi açıqlamasında da bildirilir ki, Azərbaycan ərazilərinə hər hansı iddialarla çıxış etməyin və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaqdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"