06 Dekabr 2023 22:40
334
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin ADA Universitetindəki forumda səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyinin “Azərbaycan Prezidenti Əliyev Qərbin ölkəsinə münasibətini tənqid etdi” başlıqlı yazısında Prezidentimizin çıxışına geniş yer verib. Yazıda dövlətimizin başçısının “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”, “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər” sitatları yer alıb.

“Hurriyet.com” saytının “Sülh anlaşmasının əsas maddələri hazırlanıb Ermənistana göndərildi” sərlövhəli yazısında da Prezident İlham Əliyevin fikirləri əks olunub. Yazıda dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, Azərbaycan iki il yarım bundan əvvəl suverenliyini bərpa etdikdə, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti vardı və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Daha sonra Prezident İlham Əliyevin bu fikirlərindən sitat gətirilib: “Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”.

“Haber 16” saytı isə “Əliyev: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından belə bir sitat gətirib: “Beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

“Haber Global” media qurumunun “Əliyevdən sülh prosesi açıqlaması: Konkret nəticələr üçün dialoqa hazırıq” sərlövhəli geniş yazısı “Ermənistan bölgədə nəqliyyat dəhlizlərinin dirçəldilməsindən yayınır”, “Qarabağı tərk edən ermənilər evlərinə qayıda bilərlər” kimi yarımbaşlıqlarla verilib.

Yazıda Prezident İlham Əliyevin “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var” kimi fikirləri əks olunub.

“Aydınlık” saytının “Əliyev açıqladı: Sülh sazişində son vəziyyət necədir?” başlıqlı məqaləsi isə “Bölgəyə sülhü gətirdik”, “Ermənilər üçün lazımi şərtlər yaradılır”, “Ermənistana əlimiz uzatdıq” kimi yarımbaşlıqlarla verilib. Yazıda Prezident İlham Əliyevin “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur” - kimi fikirləri geniş yer alıb.

“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”. Prezident İlham Əliyevin bu fikirləri isə “En son haber” saytında işıqlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video