12 Oktyabr 2026 15:00
1756
Səfərlər
A- A+
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 


Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.


Prezident İlham Əliyevin
bəyanatı


-Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Baş nazir, Sizi bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, səfəriniz çox səmərəli və Sizin üçün xoş olacaqdır.

Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz və qarşıdakı günlərdə AQEM-in Zirvə görüşündə də iştirak edəcəksiniz. Sizin bu tədbirdə şəxsən iştirakınız bizim üçün böyük şərəfdir.

Həmçinin 12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq.

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.

Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.

Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.

Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.

Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.

Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.

Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.

Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır.

Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.

Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.

Cənab Baş nazir, Sizi bir daha salamlayıram. Bilirəm ki, Sizin çox zəngin səfər proqramınız var. Əminəm ki, həm rəsmi səfəriniz, həm də Zirvə görüşü çərçivəsində Azərbaycanda keçirdiyiniz vaxt Sizin üçün xoş olacaqdır. Eyni zamanda, ümid edirəm ki, ölkəmizi daha yaxından tanımaq üçün də vaxtınız olacaq. Bir daha xoş gəlmisiniz.


X X X


Sonra Kambocanın Baş naziri bəyanatla çıxış etdi.


Baş nazir Hun Manetin
bəyanatı

-Təşəkkür edirəm, cənab Prezident.

İlk növbədə, nümayəndə heyətimiz adından göstərilən səmimi qonaqpərvərliyə, həmçinin AQEM-in Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək və bu gün Azərbaycana rəsmi səfərə gəlmək üçün dəvətə görə minnətdarlığımı bildirmək istərdim.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bundan əvvəl görüşümüz oldu. Biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq.

Cənab Prezidentlə razıyam ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir.

Əminəm ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik.

Çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kamboca əvvəllər də Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləmişdir.

Hesab edirəm ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir.

Digər məsələlərə gəldikdə isə düşünürəm ki, cənab Prezident müzakirə etdiyimiz bütün mövzuları ətraflı əhatə etdi. Növbəti addım müzakirə etdiyimiz məsələlərin konkret tədbirlərə çevrilməsi, onların praktikada həyata keçirilməsi və real nəticələrin əldə olunması üçün birgə fəaliyyət yollarını müəyyənləşdirməkdir.

Bu gün günortadan sonra Azərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşmək imkanım olacaq. Biz, həmçinin Azərbaycanın işgüzar nümayəndə heyətini mövcud imkanları araşdırmaq üçün Kambocaya dəvət edəcəyik. Hesab edirəm ki, özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

Biz, həmçinin ölkələrimizin mülki aviasiya qurumlarının nümayəndələri arasında görüşün keçirilməsi və nəqliyyat bağlantılarının genişləndirilməsinə şərait yaradacaq hava əlaqələri haqqında sazişin imzalanması imkanlarını müzakirə etdik. Düşünürəm ki, müzakirələrimizin əsas məğzi bunlardan ibarətdir.

Cənab Prezident, dəvətinizə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm. Kamboca xalqı adından Azərbaycan Hökumətinə ölkəmizə ötən illər ərzində göstərdiyi dəstəyə, xüsusilə təhsil sahəsində ayırdığı təqaüdlərə görə təşəkkür etmək istərdim. Ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə digər sahələri də əhatə edəcəkdir.

Sonda Əlahəzrət Kral Norodom Sihamoninin Zati-alinizə Kambocaya səfər etmək dəvətini çatdırmaq istərdim. İnanıram ki, bu səfər ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı daha geniş müzakirələr aparmaq üçün imkan yaradacaqdır. Eyni zamanda, qarşıdakı günlərdə keçiriləcək AQEM-in Zirvə görüşündə sədrliyinizdə Sizə uğurlar arzulayıram.

Təşəkkür edirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib  

23:10
04 Noyabr

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər  

23:09
04 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram  

22:36
04 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər  

22:07
04 Noyabr

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib  

21:53
04 Noyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb 

20:36
04 Noyabr

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub  

20:13
04 Noyabr

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir  

20:09
04 Noyabr

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır  

20:01
04 Noyabr

Süni intellekt dövründə şəxsi məlumatların qorunması  

19:57
04 Noyabr

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib  

19:45
04 Noyabr

Qara dənizdə yük gəmilərinə hücumlar artır

19:45
04 Noyabr

“Kalaşnikov” “Kalitka” və “Kraken” ilə anti-dron qalxanını təqdim edib  

19:32
04 Noyabr

Ermənistan XİN rəhbəri: TRIPP vasitəsilə silah və sursat daşına bilməz  

19:24
04 Noyabr

Yaponiyada V əsrə aid şaman heykəlciyi aşkar edilib

19:16
04 Noyabr

Artıq çəki beynin qocalmasını sürətləndirə bilər

19:03
04 Noyabr

“Şəfəq” GES-də tikinti yarıdan çox yol qət edib: 444 yerli sakin çalışır

18:53
04 Noyabr

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən  

18:42
04 Noyabr

Tovuzda müəllimlər arasında Zəfər Gününə həsr edilmiş intellektual yarış keçirilib

18:41
04 Noyabr

“OpenAI” daxili təhlükəsizlik boşluqları barədə xəbərdarlıq edirmiş  

18:31
04 Noyabr

Hər gün avokado və manqo yemək ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır  

18:23
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!