Tibb əməkdaşlarının əzmkarlığının və yorulmazlığının nəticəsidir ki, koronavirus infeksiyasının yayılmasının daha təhlükəli hal almasının qarşısı alınıb
Koronavirus infeksiyası ilə mübarizədə əsas yükün məhz həkimlərin çiyninə düşdüyü isbata ehtiyacı olmayan aksiomdur. Bu, Azərbaycanda da belədir, digər ölkələrdə də. Bu gün dünyanın hər yerində yüz minlərlə tibb personalı bu ölümcül virusla mübarizədə iştirak edir.
Böyük tibbi heyət koronavirusla mübarizəyə səfərbər olunub
Qeyd edək ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda koronavirus infeksiyasının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilən bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksəkixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.
Ölkə üzrə 10-dan çox xəstəxana koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılıb. Həmçinin Bakıdakı "Bulvar Hotel”, "Qafqaz”, "Pullman” kimi beşulduzlu hotellər, Lənkəran, Lerik və Nabranda bir sıra hotellər karantində saxlanılan insanların sərəncamına verilib.
Göründüyü kimi, koronavirusun qarşısının alınmasının sırf tibbi baxımdan əhatə dairəsi kifayət qədər əhatəlidir. Ona görə də respublikamızda ilk gündən böyük tibbi heyət koronavirusla mübarizəyə səfərbər olunub. Həkimlər və digər tibbi personal həm laboratoriyalarda, həm xəstəxanalarda, həm karantin üçün ayrılmış xüsusi yerlərdə koronavirusla mübarizə aparırlar.
Həkimlər həyatlarını risk altına ataraq xidmət göstərirlər
Təbii ki, vəziyyətin ciddiliyi həkimlərdən böyük cəsarət, hünər və eləcə də əsl vətəndaşlıq məsuliyyəti tələb edir. Reallıq ondan ibarətdir ki, həkimlərimiz ilk gündən öz peşələrinə sədaqət və vətənpərvərlik nümayiş etdirərək respublikamızda koronavirusa qarşı cəsarətlə mübarizə aparırlar. Məhz həkimlərimizin əzmkarlığının və yorulmazlığının nəticəsidir ki, bu qlobal infeksiyanın yayılmasının daha təhlükəli hal almasının qarşısı alınıb.
Prezident İlham Əliyev çıxışlarında həkimlərin fədakarlığını yüksək qiymətləndirib. Eləcə də koronavirusla mübarizədə iştirak edək həkimlərin aylıq məvacibləri artırılıb. Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında Prezident həkimlərə təşəkkür edərək deyib: «Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər».
Mehriban ƏLİYEVA: "Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik”
Təsadüfi deyil ki, respublikamızda həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir. Yüz minlərlə sosial şəbəkə istifadəçisinin rəyində vətəndaşların həkimlərə alqışı öz əksini tapır.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində tibb işçilərimizlə bağlı paylaşım edib. Paylaşımda deyilir: «Ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər. Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir. Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar».
Bəli, pandemiya ilə mübarizəyə bu gün Azərbaycanda böyük tibbi heyət qoşulub. Onların arasında alimlər, həkimlər, laborantlar, tibb bacıları, könüllülər var. Məhz onların sayəsində virusun yayılmasının qarşısı cəsarətlə alınır, yoluxan xəstələr sağlam həyata qaytarılır. Məhz həkimlərimizin təcrübəsi sayəsində 26 nəfər sağalmağa müvəffəq olub.
Bu gün tibbi mübarizədə iştirak edən hər bir şəxs vəzifəsindən, statusundan asılı olmayaraq ən yüksək alqışa layiqdir. Amma unutmayaq ki, onların da ailəsi var. Onlar günlərdir övladlarından, əzizlərindən uzaq düşüblər. Ona görə bu kritik günlərdə hər kəs həkimlərə dəstək olmalı, onlarla həmrəylik nümayiş etdirməlidir. İndiki şəraitdə həkimlərə ən böyük dəstəyimiz isə evdən bayıra çıxmamaqdır.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”