28 Aprel 2024 08:55
404
İQTİSADİYYAT
A- A+

BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"

 

Hasilata başlayan yeni ACE platforması da məhz bu məqsədə xidmət edir

 

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan indiyədək 4,3 milyard bareldən çox neft hasil edilib. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" ilə işlənməsinə start verilən və  üç il sonra - 1997-ci il noyabrın 12-də  hasilata başlayan  blokun bu və digər uğurları vaxtilə AÇG-nin sərvətindən bədgüman olanlara ən tutarlı cavabdır.
Üstəlik, bu dünya səviyyəli yataqlardan hasilatın gələcək onilliklər ərzində davam edəcəyi də gözlənilir. Sadəcə, yeni texnologiya və qurğular, irihəcmli davamlı investisiyalar və digər vasitələrlə maksimum neftverməyə nail olmaq üçün  səylər tələb olunur. Cari il aprelin 16-da AÇG-nin işlənməsi çərçivəsində yeni "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından neft hasilatının alınması deyilənləri əyani təsdiq edir. ACE "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq"dan sonra yeddinci hasilat platformasıdır. 
ACE platforması eyniadlı layihə çərçivəsində inşa edilib. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yataqlarının işlənməsinin növbəti mərhələsidir. Belə ki, ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ilin sentyabrında "Azəri-Çıraq-Günəşli" üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin 2050-ci ilin əvvəlinədək uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. Layihə üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub.
ACE texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platformadır. Suyun dərinliyinin 137 metr olduğu sahədə yerləşən 48 qazma şaxtalı bu yeni hasilat, qazma və yaşayış bloklu platforma  adını  yaxın qonşuları  "Mərkəzi Azəri" və "Şərqi Azəri"dən alıb. Yeni  platformanın dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilib və 2023-cü ilin əvvəlində Xəzər dənizinə, öz daimi yerinə yola salınıb. ACE-nin çəkisi 19 min 600 ton olan üst modulları Bakı yaxınlığında yerləşən Bayıl tikinti-quraşdırma sahəsində tikilib. Üst modullar keçən ilin avqustunda dənizdə quraşdırılmaq üçün öz daimi yerinə göndərilib.  İşlərin pik dövründə Azərbaycanda ACE layihəsinin tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb olunub.
ACE platformaşı və qurğuları gündəlik 100 min  barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi  gözlənilir.  ACE-dən çıxarılan neft   platformadakı texniki emal qurğularından  keçəndən sonra  30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş   yeni yataqdaxili xətlə təxminən 130 kilometr keçərək   Səngəçal terminalına ixrac ediləcək.
ACE-dən ilk neft ötən ilin sonunda platformadan qazılmasına başlanmış birinci quyudan əldə olunub. Bu il ərzində daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.
Xatırladaq ki, AÇG layihəsinin tərəfdaşları bunlardır: BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), INPEX (9,31 faiz), "Equinor" (7,27 faiz), "ExxonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGCVidesh (2,31 faiz).
AÇG-nin əməliyyatçısı olan BP şirkəti  bəyan edir ki,   onun  strategiyası ACE kimi layihələrin işlənməsinə, bu günün və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video