Prezident göstəriş verir...
Zamanı qabaqlayan addımların, layihələrin, hadisələrin başlanğıc anı
Prezident göstəriş verdi - tez-tez eşitdiyimiz ifadədir!
Həm də hamımız yaxşı bilirik ki:
Bu, adi göstəriş deyil, ali göstəriş sayılır!
Bu göstəriş böyük dövlətin mürəkkəb icra mexanizminin hansısa bir qovşağının işə salınması deməkdir!
Belə ki, ali göstəriş gələn kimi icra sistemi işə düşərək tapşırığı yerinə yetirməyə başlayır.
Adətən, Prezident öz göstərişi ilə hansısa vaxtı çatmış məsələnin həllinə yaşıl işıq yandırır.
Beləliklə, gecikmələrə yol verilmədən hər iş vədəsində görülərək başa çatır, dalaqalma və ləngimə halları baş vermir.
Ötən dövrdə görülən işlər və icra olunan layihələr göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri həm də zamanı və hadisələri qabaqlama xarakteri daşıyır!
Bu göstəriş reallaşma mərhələsinə çatanda fərmana, sərəncama, bəzən hətta əmrə də çevrilə bilir.
Artıq sirr deyil ki, heç kimin bilmədiyi, proqnoz etmədiyi, hətta ağlına belə gətirmədiyi məsələlərdə İlham Əliyev hamını önləməyi bacarır.
Həm də artıq bu qabaqlamalar onun dəyişməz iş üslubuna çevrilib!
Bunu cənab İlham Əliyev prezidentliyinin iyirmi ili ərzində dəfələrlə sübuta yetirib!
***
Qeyd olunduğu kimi, adətən, nəhəng layihələrin icrasına Prezidentin göstərişi ilə başlanılır.
Tapşırıq əsasında işçi qrupu yaradılır, məsələ araşdırılır, öyrənilir, zəruri tədqiqatlar aparılır, müəyyən təkliflər söylənilir.
Növbəti mərhələdə ehtiyac duyularsa, layihənin geoloji əsasları, maliyyə mənbəyi, texniki parametrləri müəyyənləşdirilir.
Sonra müvafiq qərar layihəsi hazırlanır.
Göstərişdən başlayaraq fərman və ya sərəncamla başa çatan ideya gerçəkləşmə mərhələsinə qədəm qoyur.
Beləliklə, çox mühüm bir layihənin, xalqımızın və dövlətimizin maraqlarına xidmət edən, gücümüzü artıraraq rifahımızı yüksəldəcək ideyanın real işə çevrilməsinə başlanır.
***
Yalnız uzun müddət keçdikdən, layihələr işə düşdükdən sonra biz onların (həm də təkcə biz yox) dövlət başçısının uzaqgörənliyinin, siyasi fəhminin nəticəsi olduğuna inanır və sevinərək alqışlayırıq.
Bəlkə də bu hal bir dəfə baş versəydi, onu haradasa təsadüf saymaq olardı...
Ancaq Azərbaycanın reallaşdırdığı bütün meqalayihələr elə bir zamanda işə düşür ki, məhz həmin dövrdə bütün dünyanın ona ciddi ehtiyac duyduğunu görürük.
***
Bu tip layihələr üçün daha bir xarakterik məqam var:
Adətən, dünya onları vədəsində və lazımınca qavramadığından, ya da Azərbaycanın etməli olduğunu istəmədiyindən kömək göstərməkdən, maliyyə yardımı ayırmaqdan imtina edir.
Məsələn, böyük güclər Ulu Öndər Heydər Əliyevin "Əsrin müqaviləsi" əsasında hasil olunan neftin qeyri-ənənəvi marşrutla dünya bazarına çıxarılmasına mane olmaq istəyirdilər.
Heydər Əliyev inadından dönmədi, illərlə yorulmadan mübarizə apardı!
Nəhayət, istəyinə nail oldu!
Artıq otuz ildir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycana və bütün dünyaya xeyir verir!
***
Bakı-Tbilisi-Qars transmilli layihəsi də eyni aqibət yaşadı.
Dəmir yolu xətti Ermənistan ərazisindən keçmir deyə ona müqavimət göstərildi, tanınmış dünya bankları maliyyə ayırmaqdan boyun qaçırdı.
Prezident İlham Əliyev də dediyinin üstündə möhkəm dayandı!
Bu layihəni Azərbaycanın daxili imkanları hesabına, öz gücü ilə həyata keçirdi!
Həm də təkcə dəmir yolu xəttini çəkmədi...
Bakı Dəniz Limanını yaratdı!
"Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərini işə saldı!
İki yüzdən çox yükdaşıma gəmisi inşa etdirərək Azərbaycanı Xəzər dənizində ən böyük mülki donanma sahibi etdi.
Okeanlara heç bir çıxışı olmayan Azərbaycanı logistika mərkəzinə çevirdi!
***
Prezident İlham Əliyev bütün bu işləri görəndə Rusiya-Ukrayna müharibəsi başlamamışdı.
Kimsə yeni dünya düzəninin formalaşmasına aparacaq hadisələrin proqnozunu ağlına belə gətirmirdi!
Amma cənab İlham Əliyev vaxtında, hətta deyərdik ki, zamanı qabaqlamaqla bütün bu işləri inadla, qətiyyətlə gördü!
Uzun illər ərzində müasir daşımalar və logistik infrastrukturunun yaradılmasına yatırımlar etdi.
Bu gün isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan üzərindən Avropaya yönləndirilməsi az qala zərurətə çevrilib.
***
Cənab İlham Əliyev Azərbaycan Prezidenti seçiləndə ölkə bir sıra problemlərlə üz-üzə idi.
Regionlara elektrik enerjisi böyük fasilələrlə verildiyindən məişətdə yaranan çətinliklərdən əlavə, kənd təsərrüfatında, xüsusən yay aylarında suvarmada gərginliklər yaşanır, bu hesabla xeyli məhsul itirilirdi.
Qaçqın və məcburi köçkünlər çadır düşərgələrində çox ağır şəraitdə yaşayır, işsizlikdən, yayda istidən, qışda soyuqdan əziyyət çəkirdilər.
Ölkəyə Rusiyadan qaz idxal olunur, bəzən isə siyasi təzyiq kimi mavi yanacağın qiymətinin artırılması ilə bağlı təhdidlər baş verirdi.
Sahibkarlığın inkişafı, ölkəyə investisiya cəlbi ilə bağlı müəyyən çətinliklər də vardı.
Bir neçə problemi eyni vaxtda həll etmək tələb olunurdu.
Odur ki, düzgün qərarlar qəbul etmək, perspektivli layihələrə üstünlük vermək, davamlı və sürətli iqtisadi inkişafa nail olmaq son dərəcə vacib idi.
Prezident seçkiləri dövründə cənab İlham Əliyev bir nəfər məcburi köçkünün belə çadır şəhərciyində qalmayacağını, habelə günün bütün saatlarında Azərbaycanın bütün yaşayış məntəqələrinə elektrik enerjisinin veriləcəyini vəd etmişdi.
Məsələ son dərəcə çətin olsa da, İlham Əliyev qərarlarında israrlı idi.
Prezidentin tapşırığına əsasən, regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı hazırlanaraq icrasına başlanıldı (Bütövlükdə bu sahədə dörd dövlət proqramı hazırlanaraq əlavələrilə birlikdə həyata keçirilmişdir).
İlham Əliyevin daha bir mühüm göstərişi Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı oldu.
Sahənin vəziyyəti dərindən araşdırılaraq təhlil olundu, görüləcək tədbirlər müəyyənləşdirildi, dərhal işə başlanıldı.
Bakı şəhərindən başlanan proses bütün bölgələri əhatə etdi:
* Bir qisim elektrik stansiyalarında əsaslı təmir və yenilənmə aparıldı;
* Texnoloji cəhətdən köhnə avadanlıqlarla işləyən stansiyalarda modernləşdirmə yolu ilə müasir qurğular quraşdırıldı;
* Köhnə elektrik stansiyalarında əsaslı yenidənqurma hesabına istehsal gücü qat-qat artırıldı;
* Elektrik enerjisi istehsal edən yeni qurğuların inşasına start verildi.
Növbəti mərhələdə isə daha gərəkli və uzaqgörən addımlar atıldı.
***
Bir vacib məqamı da xüsusi vurğulamaq istəyirik:
İşğal altındakı torpaqlar azad edildikdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki dağ çaylarının yaratdığı imkanlardan səmərəli istifadəyə start verildi.
Yenə də Prezidentin göstərişi ilə ərazidəki çayların qarşısı kəsilərək süni göllər yaradıldı, düşmənin dağıdıb getdiyi qurğular işlək vəziyyətə gətirildi.
Beləliklə, həm ərazidə süni göllər hesabına su ehtiyatları toplanaraq kənd təsərrüfatının sürətli inkişafına şərait yaradıldı, həm də bərpaolunan enerji istehsalı sürətlə artırıldı.
Bu gün Avropa təbii qazla yanaşı, "yaşıl enerji"yə də ciddi ehtiyac duyur.
Prezident İlham Əliyevin müdrik uzaqgörənliyi sayəsində Azərbaycan bu ehtiyacın da ödənilməsində mühüm və səmərəli rol oynayır.
Qeyd edək ki, Azərbaycan çox böyük "yaşıl enerji" potensialına malikdir.
Bu artıq təsdiq olunmuş faktdır.
Yalnız Xəzər dənizində külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır.
Qarabağ və Şərqi Zəngəzurda potensial 10 qiqavata yaxındır.
Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib.
2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən "ACWA Power" şirkətinin inşa etdiyi 240 meqavat gücündə Külək-Elektrik Stansiyasının, mart ayında isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməlləri qoyulub.
Hazırda 500 meqavatlıq günəş-elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.
Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.
2022-ci ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Bu sənəd ötən il dekabrın 17-də Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı imzalanıb və bunun sayəsində Qara dənizin dibi ilə elektrik kabeli çəkiləcək.
Bununla Azərbaycandan Şərqi və Mərkəzi Avropaya "yaşıl enerji" ixrac ediləcək.
Onu da qeyd edək ki, artıq 4 kiçik su-elektrik stansiyası, 9 yarımstansiya, 1 Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.
5 kiçik su-elektrik stansiyası və 2 yarımstansiyada işlər yekunlaşıb. 7 su-elektrik stansiyası və 1 yarımstansiyada isə işlər davam edir.
Müstəqillik dövründə Azərbaycan artıq mavi yanacaq ixracatçısı kimi də tanındı.
Daha dəqiq desək, ölkəmiz qaz idxalçısından qaz ixracatçısına çevrildi!
Tezliklə "yaşıl enerji" ixracına da başlanacaqdır.
***
Prezident İlham Əliyev həm də yüksək zövq sahibidir.
Biz Bakının yenidən tikilib qurulması zamanı bir daha bunun şahidi olduq.
Bakı qədim, özünəməxsus ənənələri olan şəhərdir.
Həm də dəniz kənarında yerləşir, "amfiteatr" xüsusiyyətlərinə malikdir.
Şəhərsalmada bu və digər məsələlər hökmən diqqətdə saxlanılır.
Cənab İlham Əliyevin göstərişləri əsasında şəhərsalmada və Bakının yeni Baş planının hazırlanmasında bütün bu cəhətlər nəzərə alındı.
Bakının milli memarlıq xüsusiyyətləri qorunmaqla zamanın əl gəzdirdiyi tarixi binalar təmir olundu, yeniləndi, ömrü uzadıldı.
Yeni, müasir memarlıq üslublarına əsaslanan layihələr paytaxta gətirilərək şəhərimizi məzmun və görünüşcə daha da gözəlləşdirdi, baxımlı etdi.
Prezident İlham Əliyevin göstərişləri əsasında müstəqillik dövründə Bakıda inşa olunan yeni binalar həm də dünya memarlığının ən yeni nümunələri sayılır.
Onların bəzilərini yada salaq:
* Heyrətdoğuracaq gözəlliyə malik Heydər Əliyev Mərkəzi;
* Milli elementlərlə bəzədilmiş Heydər Əliyev Fondunun binası;
* Odlar Yurdu Azərbaycanın paytaxtı Bakının rəmzi sayılan, "Alov qüllələri" adlanan nəhəng "şüşə" binaları;
* Xəzər sahilində yerləşən böyük idman və konsert tədbirlərinin keçirilməsi üçün hər cür şəraiti olan, üstəlik, rekord sayılacaq qədər qısa müddətdə tikilən "Büllur saray" ("Bakı Kristal Zalı");
* Öz orijinallığı ilə seçilən Beynəlxalq Muğam Mərkəzi;
* Heydər Əliyev prospekti boyunca yerləşən, eyni üslubda tikilərək fərqli görünüşə malik modern inzibati binalar;
* Dəniz kənarı boyunca, habelə paytaxtın müxtəlif ünvanlarında inşa olunan müasir hotel binaları;
* Bir vaxtlar hisli-paslı ərazi sayılan "Qara şəhər"də salınan yeni "Ağ şəhər" yaşayış kompleksi;
* UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan, ikinci ömrünü yaşayan, əcnəbi turistlərin ən çox sevdikləri yerə çevrilən İçərişəhər Memarlıq Qoruğu;
* Dünyanın heç yerində tayı-bərabəri olmayan, Xəzərin sahili boyu on kilometrlərlə uzanan Dənizkənarı Milli Park;
* Ən nəhayət, Milli Olimpiya Komitəsinin Prezidenti kimi cənab İlham Əliyevin göstərişləri əsasında yaradılan nəhəng idman sarayları və qurğuları.
Ölkəmizə gələn qonaqları valeh edərək heyrətləndirən, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirən bütün bu memarlıq inciləri, bina və qurğular əsrlər boyu insanlara xidmət göstərərək onlara sevinc və rahatlıq gətirəcəkdir!
***
Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi qəbul etdiyi qərarlarda, verdiyi göstəriş və tapşırıqlarda daim öz əksini tapır!
Ulu Öndər Heydər Əliyev Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin çəkilməsinə öz xeyir-duasını vermişdi.
İlham Əliyev çox böyük uzaqgörənlik və siyasi fəhmlə uzunluğu 980 kilometr olan bu kəmərin meqalayihəyə çevrilməsi üçün zamanında zəruri göstəriş və tapşırıqlarını verdi.
Sanki Rusiya ilə Ukrayna arasında müharibənin baş verəcəyini, üçüncü dünya müharibəsi təhlükəsini, ABŞ-nin və Qərbin Ukraynanın tərəfini tutaraq Rusiyanı güclü sanksiyalara məruz qoyacağını, Avropada güclü mavi yanacaq böhranı yaşanacağını çox-çox irəlicədən görürdü və bilirdi.
Əvvəlcə TANAP, sonra TAP hesabına böyüyən bu layihə bütövlükdə uzunluğu 3500 km olan "Cənub qaz dəhlizi"nə çevrildi.
Həm də elə bir vaxtda ki, sanki Avropadakılar layihənin yekunlaşaraq işə salınmasını gözləyirdilər...
Prezidentimizin uzaqgörənliyi sayəsində Azərbaycan bir neçə mühüm problemi çox qısa zamanda həll etdi:
* Avropanın ən etibarlı qaz təchizatçılarından birinə çevrildi;
* Yaranmış ehtiyac və zərurət sayəsində Avropanın qaz bazarına maneəsiz daxil oldu;
* Qısa müddətdə texniki məsələləri də həll etməklə Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya və Macarıstanla qarşılıqlı maraqları təmin edən müqavilələr bağladı;
* Artıq dövlət başçısı Azərbaycanın yüz il ərzində Avropanın mavi yanacağa olan ehtiyacını təmin edəcək yeni yataqların istismarı və ixrac kəmərinin imkanlarının artırılması ilə bağlı müvafiq göstərişlərini vermiş, tapşırığın icrasına başlanılmışdır.
Bu gün Azərbaycan dünyada tək neft ölkəsi kimi deyil, təbii qaz ixracatçısı kimi də məşhurlaşmışdır.
Getdikcə daha da artan və möhkəmlənən bu əməkdaşlıq ölkəmizin Avropa dövlətləri simasında yeni dostlar və tərəfdaşlar qazanmasına da imkan yaradır.
***
Müstəqil Azərbaycanda gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur.
Bu sahənin inkişafını və mövcud problemlərinin həllini isə cənab İlham Əliyevə həvalə etmişdi.
Milli Olimpiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyev gənclərlə işi daim diqqət mərkəzində saxlamış, hətta dövlət başçısı seçildikdən sonra da qayğı və dəstəyini gənclərdən heç zaman əsirgəməmişdir.
İlham Əliyev idmana təkcə fiziki kamilləşmə vasitəsi kimi baxmır.
Dəfələrlə öz çıxışlarında mənən zəngin, vətənpərvər, milli maraqların qorunmasında və torpaqların işğaldan azad edilməsində fədakarlıq göstərəcək yeni gənclər nəslinin tərbiyələndirilməsinin vacibliyini qeyd etmiş, bununla bağlı gərəkli addımlar atmışdır.
Beləliklə, Prezidentin göstərişi ilə yüksək biliklərə, intellektual səviyyəyə malik gənclərin yetişdirilməsi üçün dövlət proqramı əsasında və dövlət hesabına dünyanın tanınmış ali təhsil ocaqlarında magistratura təhsili almaq üçün minlərlə gənc xarici ölkələrə göndərilmişdir.
Müasir hərbi biliklərə yiyələnmiş yeni gənc nəslin tərbiyəsini də təmin edən sistem yaradılmışdır.
Dövlət başçısının tapşırığı və şəxsi nəzarəti ilə indiyədək ölkəmizdə 40-dan çox Olimpiya İdman Mərkəzi tikilərək gənclərin istifadəsinə verilmişdir.
Qısa bir zamanda Azərbaycan idman dövlətinə çevrilmiş, minlərlə gənc dünya, Avropa birinciliklərində, Olimpiya oyunları və müxtəlif beynəlxalq yarışlarda iştirak edərək saysız-hesabsız medallar qazanmışlar.
Azərbaycan gənci istənilən idman növü üzrə yarışlarda qalib gələrək dövlət bayrağının yüksəldilməsini və himnimizin səsləndirilməsini şərəf borcu hesab edir.
Prezidentin göstərişi ilə daim qaliblərə yüksək məbləğdə mükafatlar verilir, onlar mənzillərlə təmin olunurlar.
Təkbətək idman növlərində düşmən dövlətin idmançılarını məğlubiyyətə uğradan Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində bunu hərb meydanında da təkrarladılar.
Məhz Birinci Qarabağ müharibəsindən sonra doğularaq böyüyən, cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər Vətən müharibəsində misilsiz hünər və igidliklər göstərdilər, düşmən ordusunu torpaqlarımızdan qovdular, Şuşanı yalın əllə, əlbəyaxa döyüşərək geri qaytardılar!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyev ixtisasca hərbçi deyil.
Heç zaman orduda peşəkar zabit kimi xidmət etməyib.
İlham Əliyev dünyanın ən prestijli təhsil ocaqlarından sayılan MDBMİ-ni əla qiymətlərlə bitirərək diplomat ixtisasına yiyələnib.
Həm də adi diplomat deyil, diplomatlara dərs demiş müəllim-diplomat, yüksəksəviyyəli diplomatdır.
Bu gün də onun şəkli MDBMİ-nin ən yaxşı müdavimlərindən biri olaraq təhsil ocağının Şərəf lövhəsini bəzəyir.
Ancaq İlham Əliyev Qarabağın azadlığı uğrunda apardığı mübarizədə yüksək komandan məharəti və peşəkar hərbçilərə məxsus ali keyfiyyətlər nümayiş etdirdi!
İlk dəfə müharibə etməsinə baxmayaraq, XXI əsrin ən yeni müharibəsini apardı!
Ortaya yeni müharibə nümunəsi, hamının öyrənəcəyi örnək qoydu!
Dünyanın ən güclü dövlətlərini belə Azərbaycanın hərbi nümunəsini öyrənməyə, islahatlar apararaq Azərbaycan Ordusu timsalında öz ordularında dəyişiklik və yenilənmə aparmağa vadar etdi!
Faktiki olaraq hamını kiçik Azərbaycandan nümunə götürməyə sövq etdi!
Bütün bunların əsası İlham Əliyev xarizmasından irəli gəlir!
Hər bir dövlətin rəhbəri həm də həmin dövlətin Ali Baş Komandanı sayılır!
Beləliklə, son söz söyləyəni, qəti qərar qəbul edəni olur!
Deməli, həm də:
* Təkliflər içərisində ən mükəmməlini seçmək;
* Nümunələr əsasında ən yaxşısına üstünlük vermək;
* Variantlar arasında məhz hansının qəbul ediləcəyini təyin etmək səlahiyyəti də ondadır!
Cənab İlham Əliyev işğal altındakı torpaqları azad edəcək ordu yaradılmasında ən mühüm və məsuliyyətli göstərişlərini verdi:
* Ordu hansı texnologiyalara əsaslanan silahlarla silahlanmalıdır;
* Hansı strategiya və taktika tətbiq olunmalıdır;
* Müharibə aparılacaq ərazinin relyefinə uyğun hansı yeni qoşun növləri yaradılmalıdır;
* Uzun illər boyu nə kimi taktiki təlimlər keçirilərək ordunun peşəkarlığı yüksəldilməlidir;
* Ölkənin hava hücumundan müdafiəsi hansı silahlarla və necə təşkil olunmalıdır;
* Hərbi əməliyyatlar zamanı düşmənin ön cəbhə ilə arxanın əlaqə və təminatı necə kəsilməlidir;
* Hücumlar necə və hansı istiqamətlərdə aparılmalıdır.
Bütün bunlar əvvəldən axıradək Müzəffər Ali Baş Komandanın göstərişləri əsasında baş verib:
* Müharibədə tam qələbəni təmin edən göstərişlər!
* Düşmən ordusunu məhv edərək diz çökdürən göstərişlər!
* Düşmənin belini sındıraraq kapitulyasiya aktına qol çəkməyə məcbur edən göstərişlər!
* İşğal altındakı torpaqları azad edərək xalqın qisasını erməni faşistlərindən alan göstərişlər!
Ən nəhayət, Azərbaycanı məğlub dövlətdən qalib ölkəyə, vüqarlı, milli mənliyi geri qaytarılan dövlətə çevirən göstərişlər!
***
Adətən, Prezidentin verdiyi göstərişlərin əsasında dövlətin iqtisadi maraqları da dayanır.
Əslində, bu maraqlar öz növbəsində müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın sosial rifahının durmadan yüksəlməsinə xidmət edir.
Dünyada elə ölkələr var ki, əsas gəlirləri turizmdən olur.
Turist, əslində, "qonaq" deməkdir.
Dünyada yeni, maraqlı nəsə axtaran, görmədiklərini görmək istəyən qonaq!
Turist hər hansı ölkəyə səfərə getməzdən öncə bilmək istəyir ki, orada təhlükəsizlik, rahatlıq tapacaqmı, görmək istədiklərini, bəlkə də indiyədək görmədiklərini görə biləcəkmi?
Normal istəkdir və ona görə də bu yolda pul xərcləməyə hazırdır.
Prezident İlham Əliyev Azərbaycanın dünya turizm məkanlarından birinə çevrilməsinə göstəriş verib.
Bu göstəriş real imkanlara əsaslanır.
Əvvəla, Azərbaycan təbiəti xüsusi gözəlliyə malikdir, dünyadakı on iki iqlimin doqquzundan bizdə var.
İkinci, xalqımız mehriban, gülərüz, multikulturaldır, yəni bütün dinlərə hörmətlə yanaşır.
Üçüncü, ölkənin hüquq-mühafizə orqanları peşəkardır, məsuliyyətlə çalışır, heç kəsi heç bir təhlükə gözləmir, istəyirsən gecə səhərədək Bakının küçələrini gəz.
Dördüncü, maraqlı tarixi abidələrimiz, muzeylərimiz, sərgi salonlarımız var.
Beşinci, unikal mətbəxə - zəngin menyu və xörəklərə sahibik.
Dövlət də turistlərin rahatlığı üçün hər şeyi edib: rahat yol infrastrukturu, beynəlxalq hava limanları, hotellər şəbəkəsi, istirahət və əyləncə mərkəzləri mövcuddur.
Azərbaycanın dünyada tanıdılması sahəsində də səmərəli işlər aparılır: reklam çarxlarının sistemli nümayişi ilə yanaşı, il ərzində çoxsaylı azarkeşlərin cəlb olunduğu idman, o sıradan telekanallarda yarım milyard insanın tamaşa etdiyi "Formula-1" yarışları müntəzəm şəkildə keçirilir.
Prezidentimizin göstərişinə əsasən, işğaldan azad edilərək cənnətə çevrilməsi prosesi gedən Qarabağda və Şərqi Zəngəzurda da turizmin inkişafı üçün indidən zəruri addımlar atılır.
İnanırıq ki, turizmə maneçilik törədən COVID-19-un fəsadları tam aradan qaldırıldıqdan, dövlət başçısının tapşırığı ilə başlanan işlər yekunlaşdıqdan sonra Azərbaycan başdan-başa dünya turistlərinin ən çox sevdikləri və səyahət etdikləri ölkəyə çevriləcəkdir.
***
Gətirilən misalların və faktların sayını istənilən qədər artırmaq mümkündür!
Amma bütün faktlar və məqamlar eyni fikri və həqiqəti təsdiq edir:
* Prezident İlham Əliyevin hər göstərişi, hər tapşırığı mükəmməldir, ölçülü-biçilidir, uzaqgörənlik nümunəsidir!
* Həmin göstərişlər təkcə sabahın uğur və nailiyyətlərini təmin etmir, həm də sonrakı günlərin qələbələrinin mühüm əsaslarını yaradır!
Əslində, müstəqil Azərbaycanda baş verən hər bir dəyişiklik, inkişaf və yenilik başlanğıcını məhz İlham Əliyevin ilkin göstərişlərindən alır - nəyi, necə və nə vaxt etməyi dəqiq bilən və qətiyyətlə icra edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin!
Hələ bundan sonra da çoxsaylı göstəriş və tapşırıqların, xalqın arzularının ifadəçisi olan çoxsaylı uğur və nailiyyətlərin şahidinə çevriləcəyik!
Bəxtiyar SADIQOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Belçikadakı səfiri XİN-ə və polisə təşəkkür edib
02 Oktyabr
Hitlerin evində Avstriya polisi yerləşəcək
02 Oktyabr
“Sabah” FİBA Avropa Kubokuna qələbə ilə başlayıb
02 Oktyabr
Yeni dəniz canlısı kəşf edilib
02 Oktyabr
Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik...
02 Oktyabr
Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
02 Oktyabr
Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə ç...
02 Oktyabr
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinl...
02 Oktyabr
MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb...
02 Oktyabr
TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən m...
02 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!