Tərəflərin müzakirə etdiyi məsələlər kritik əhəmiyyətli faydalı qazıntılar, rəqəmsal ticarət, təhsil, ixtisaslı işçi qüvvəsi və Arktikada təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini əhatə edir
ABŞ ilə davam edən ticarət qarşıdurması fonunda Şimali Amerikadan kənarda yeni tərəfdaşlar axtaran Kanadanın Avropa İttifaqı ilə əlaqələrini gücləndirmək istəyi Brüsseldə də qarşılıq tapıb. “Politico”nun məlumatına görə, Aİ Kanadanı öz iqtisadi modelinə və təhlükəsizlik sisteminə daha da yaxınlaşdırmağa çalışır.
Tərəflər kritik əhəmiyyətli faydalı qazıntılar, rəqəmsal ticarət, təhsil, ixtisaslı işçi qüvvəsi və Arktikada təhlükəsizlik də daxil olmaqla bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər.
Kanadanın Baş naziri Mark Karninin bu həftə Strasburqda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşü, həmçinin oktyabrda Monrealda keçirilməsi planlaşdırılan Aİ-Kanada sammiti ərəfəsində Avropa İttifaqının rəsmiləri Ottavaya konkret olaraq hansı təkliflərin verilə biləcəyini müzakirə edirlər.
“Politico”ya danışan Aİ diplomatlarının sözlərinə görə, atılan addımların məqsədi hər iki tərəf üçün faydalı olan sahələrdə əməkdaşlığı gücləndirməkdir. Bununla yanaşı, bu yaxınlaşma Kanada hökumətinin başçısına ölkə ictimaiyyətinə Ottavanın Vaşinqtondan kənarda da nüfuzlu tərəfdaşlarının olduğunu göstərmək imkanı verə bilər.
Müzakirə olunan təkliflərdən biri Kanadanın Aİ-nin vahid bazarına daha çox yaxınlaşdırılmasını və İttifaqla ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Məqsəd Kanadanın iqtisadi inteqrasiya səviyyəsini İsveçrə və Norveç kimi ölkələrin Aİ ilə malik olduğu əməkdaşlıq səviyyəsinə yaxınlaşdırmaqdır.
Daha əvvəl yayılan məlumatlara görə, Mark Karni Kanadanın Avropa İttifaqına assosiasiya olunmuş üzv statusu əldə etməsi imkanını da nəzərdən keçirir. Belə bir format Ottavaya Aİ-yə tam üzv olmadan müəyyən iqtisadi və siyasi üstünlüklər verə bilər.
Mənbələrin məlumatına görə, Kanada Baş naziri bir neçə aydır Avropa ölkələrinin liderləri ilə ölkəsinin Aİ-yə “daha sıx inteqrasiyası” məsələsini müzakirə edir. “The Wall Street Journal” yazır ki, Ottava ilə Vaşinqton arasında ticarət qarşıdurmasının kəskinləşməsi fonunda Karni Kanada-Aİ münasibətlərini yeni səviyyəyə yüksəltməyə çalışır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”