Təşəbbüslər çərçivəsində ayrı-ayrı qrupların koordinasiyalı şəkildə geri qaytarılması da nəzərdə tutula bilər
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinin qəfil və kütləvi miqrant axınına daha operativ reaksiya verməsinə imkan yaradacaq yeni hüquqi mexanizmlər hazırlayır. “Politico” nəşri mənbələrə istinadən xəbər verir ki, nəzərdə tutulan təşəbbüslər arasında müəyyən qrupların koordinasiyalı şəkildə geri qaytarılması da ola bilər.
Nəşrin məlumatına görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu planları sentyabrın 16-da Aİ-də vəziyyətlə bağlı illik müraciəti zamanı açıqlaya bilər. Bildirilir ki, fon der Lyayen ötən həftə Aİ ölkələrinin səfirləri ilə nahar zamanı “qrup halında deportasiya” ideyasına toxunub. “Politico”nun həmsöhbətinin sözlərinə görə, bu təklif görüş iştirakçıları tərəfindən “ümumilikdə müsbət qarşılanıb”.
Avropa Komissiyasının, həmçinin müəyyən hallarda Aİ ölkələrinin sığınacaq müraciətlərinə baxılmasını nə zaman dayandıra biləcəyinə dair hüquqi tövsiyələr təqdim edəcəyi gözlənilir. “Biz hüquqi mətnlər və onların şərhini təqdim edə bilərik, lakin necə hərəkət edəcəklərinə üzv dövlətlər özləri qərar verəcəklər”, - deyə Aİ rəsmilərindən biri bildirib.
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant dənizdən üzərək və dayaz sulardan piyada keçərək Mərakeşdən İspaniyanın Seuta şəhərinə daxil olub. Yaranmış böhran səbəbindən İspaniya höküməti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri cəlb edib.
Hakimiyyət orqanlarının hesablamalarına görə, şəhərə 80 minədək insan daxil ola bilərdi. Bununla belə, onların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal olunur.
Seutanın mer-prezidenti Xuan Xesus Vivas qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti izləmək üçün Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin - “Frontex”in əməkdaşlarının şəhərdə daimi əsasda yerləşdirilməsini Aİ-dən xahiş edib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”