Şəhidlərin xatirəsi hər birimiz üçün müqəddəsdir. Onların adını yaşatmaq, göstərdikləri qəhrəmanlığı gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur. Ancaq bu müqəddəs xatirəyə ehtiram göstərərkən seçdiyimiz üsul da məqsəd qədər önəmlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
O qeyd edib ki, daşların, qayaların, tarixi divarların və digər səthlərin üzərinə şəhid adlarını yazmaq, müxtəlif ifadələr həkk etmək və ya onları cızmaq xatirəni yaşatmağın doğru yolu deyil. Əksinə, belə davranış həm şəhidlərin əziz xatirəsinə, həm də qorunması hər birimizin məsuliyyəti olan tarixi və mədəni irsə hörmətsizlikdir. Şəhidlərin adlarını əbədiləşdirmək üçün ölkəmizdə bunun layiqli nümunələri var. Abidələr, memorial komplekslər, park və xiyabanlar, xatirə lövhələri məhz bu məqsədə xidmət edir. Bu məkanlarda şəhidlərin adları onların xatirəsinə layiq şəkildə, memarlıq və estetik prinsiplər qorunmaqla gələcək nəsillərə çatdırılır. Ona görə də qədim bir divarın, tarixi daşın və ya təbii qayanın üzərinə ad yazmağı “xatirə saxlamaq” kimi təqdim etmək doğru deyil. Belə hərəkət həmin səthin fiziki zədələnməsinə, tarixi görünüşünün pozulmasına və sonradan bərpası üçün əlavə vəsait və əmək sərf olunmasına səbəb ola bilər. Əslində burada söhbət yalnız bir yazıdan getmir. Tarixi binanın divarına, abidəyə, qayaya və ya ictimai məkana vurulan hər bir iz həmin məkanın ümumi görünüşünə təsir göstərir. Bəzən isə peşəkar olmayan müdaxilənin aradan qaldırılması mümkün olmur və obyekt əvvəlki vəziyyətinə qaytarılmaq üçün ciddi bərpa işləri tələb edir.
Deputatın sözlərinə görə, şəhidlərin xatirəsinə ehtiram göstərmək istəyən insan özündən iz qoymağa deyil, mövcud izləri qorumağa çalışmalıdır. Çünki şəhidin adına ən böyük hörmət onun uğrunda can verdiyi Vətənin dəyərlərini qorumaqdır.
“Təəssüf ki, ictimai və mədəniyyət obyektlərinin üzərinə müxtəlif yazıların yazılması halları ilə Azərbaycanda da rastlaşırıq. Nizami Kino Mərkəzinin binasında və digər ictimai məkanlarda belə halların baş verməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Bu cür davranışlar vandalizm kimi qiymətləndirilib və qanunvericiliyə uyğun tədbirlər görülüb. Məsələ təkcə Azərbaycanın problemi də deyil. Dünyanın müxtəlif şəhərlərində icazəsiz yazılar və qraffiti şəhər mühitinin qorunması baxımından ciddi problem olaraq qalır. Tarixi binaların, fasadların və ictimai məkanların bu yazılardan təmizlənməsi üçün hər il böyük vəsait və əmək sərf olunur. Deməli, bir insanın “sadəcə bir yazı” kimi gördüyü hərəkətin nəticəsini bütövlükdə cəmiyyət aradan qaldırmalı olur. Şəhər mədəniyyəti yalnız küçələrin təmizliyi, binaların səliqəsi ilə ölçülmür. Bu mədəniyyət, ilk növbədə, insanın yaşadığı və ya ziyarət etdiyi məkana münasibətində özünü göstərir. Tarixi abidəyə, parka, küçəyə, ictimai əmlaka və təbii irs nümunələrinə toxunulmaz dəyər kimi yanaşmaq vətəndaş məsuliyyətinin göstəricisidir. Bu məsələ Şuşa üçün xüsusilə həssasdır. Şuşa Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olan şəhərdir. Onun hər küçəsi, hər tarixi binası, qala divarları və daşları keçmişdən bu günə uzanan bir yaddaşı yaşadır. Şəhərin bərpası və yenidən qurulması ilə yanaşı, onun tarixi simasının qorunması da böyük əhəmiyyət daşıyır”, - deyə P.Kərimzadə bildirib.
O deyib ki, belə bir məkanda bir daşın üzərinə yazılan söz yalnız həmin daşa vurulan zərər deyil. Bu, şəhərin tarixi görünüşünə edilən müdaxilədir. Şuşa kimi xüsusi tarixi və mədəni əhəmiyyət daşıyan şəhərdə hər bir ziyarətçi bunu anlamalı və davranışına məsuliyyətlə yanaşmalıdır. Əlbəttə, problemin həlli yalnız cəza tədbirlərindən keçmir. Maarifləndirmə də vacibdir. Şəhidlərin adını yaşatmaq istəyiriksə, bunu onların xatirəsinə layiq şəkildə etməliyik. Şəhidin adı təsadüfi bir daşın, divarın və ya qayanın üzərində deyil, xalqın yaddaşında yaşamalıdır. Onun xatirəsi tarixi abidəni zədələməklə deyil, həmin abidəni qorumaqla ucaldılmalıdır.
“Əsl vətən sevgisi insanın divarda özündən iz qoyması deyil. Əsl vətən sevgisi bizə əmanət edilən dəyərləri qorumaq, tariximizə hörmət etmək və gələcək nəsillərə daha bütöv, daha təmiz, daha ləyaqətli bir irs çatdırmaqdır.
Şəhidlərimizin xatirəsi müqəddəsdir. Bu müqəddəsliyə ən böyük ehtiram isə onların uğrunda can verdiyi Vətənin hər daşına, hər abidəsinə və hər tarixi məkanına hörmətlə yanaşmaqdır”, - deyə deputat vurğulayıb.