Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfər edən hər bir insan bu torpaqların hansı qiymətə azad olunduğunu dərk etməli və davranışı ilə buna uyğun münasibət göstərməlidir. Tarixi abidələrin üzərinə müxtəlif yazıların həkk olunması yolverilməzdir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında qubalı Vətən müharibəsi iştirakçısı, III qrup müharibə əlili, ehtiyatda olan baş leytenant Taryel Ağasıyev bildirib. O, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Xocavənd istiqamətində ağır yaralanıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə altı medalla təltif olunub.
T.Ağasıyev vurğulayıb ki, Şuşaya, eləcə də işğaldan azad edilmiş digər ərazilərə səfər edən insanlar bu torpaqların böyük fədakarlıqlar hesabına azad edildiyini unutmamalıdırlar. Onun sözlərinə görə, qayaların və daşların üzərinə müxtəlif yazıların yazılması, tarixi və təbii abidələrin bu şəkildə korlanması yolverilməzdir.
“Bəzən insanlar bunu sadəcə xatirə, əyləncə və ya öz adını orada buraxmaq kimi qəbul edə bilərlər. Amma Şuşa kimi şəhərdə belə davranış adi məsələ deyil. Çünki burada hər daşın, hər qayanın bizim üçün xüsusi mənası var. Döyüşlərdə iştirak edənlər yaxşı bilirlər ki, oradakı hər daş, hər qaya, atdığımız hər bir addım şəhidlərimizin qanı və canı bahasına başa gəlib”, - deyə T.Ağasıyev bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları bu torpaqlar uğrunda canlarından keçib, qazilər isə sağlamlıqlarını itiriblər. Buna görə də azad olunmuş ərazilərə səfər edən insanlar həmin torpaqlara xüsusi həssaslıqla yanaşmalıdırlar.
“Biz bu torpaqları sadəcə gəzmək və görmək üçün əldə etməmişik. Bu torpaqlara şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına qovuşmuşuq. Ona görə də Şuşaya gedən hər bir vətəndaş özünü sadəcə turist kimi deyil, bu tarixi irsin qoruyucusu kimi aparmalıdır. Şəhidlərimizin xatirəsinə ən böyük hörmət təkcə onları yad etmək deyil, onların uğrunda can verdiyi torpaqlara daha hörmətlə yanaşmaqdır. Oradakı hər bir daşa, hər bir qayaya hörmətlə yanaşmalıyıq. Azad etdiyimiz hər bir qarış torpaq bizim canımız və qanımız bahasına başa gəlib”, - deyə Vətən müharibəsi iştirakçısı vurğulayıb.
T.Ağasıyevin sözlərinə görə, şəhidlərin xatirəsinə ən böyük hörmət yalnız onları yad etməkdən ibarət deyil. Şəhidlərin uğrunda canlarından keçdikləri torpaqlara hörmətlə yanaşmaq da onların xatirəsinə ehtiramın əsas göstəricilərindən biridir.