Bu qürurverici sözləri COP29 iştirakçılarından tez-tez eşitmək olur
Son dörd ilin böyük qələbələr sevincini yaşayan xalqımızın qəlbi qürur hissilə döyünür. Bakıda dünyanın bütün dövlətlərinin, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-su sessiyası (COP29) kimi mötəbər tədbir uğurla davam etdirilir.
Odur ki, bu günlərdə paytaxtın gəzməli və görməli məkanlarında olan qonaqların sayında çoxluq müşahidə olunur. COP29-un iştirakçıları tədbirdən sonrakı vaxtlarını səmərəli keçirmək üçün gözəlliyi ilə bir-birindən diqqətçəkən parklara, xiyabanlara, İçərişəhərə, xüsusilə şəhərimizin simvoluna çevrilən Dənizkənarı bulvara, Zəfər parkına və digər tarixi ünvanlara üz tuturlar.
Qız qalasının yaxınlığında Afrikadan - Keniyadan gəlmiş COP29-un iştirakçısı Hassan Muqambi ilə söhbətləşirik. İlk tanışlıqdan üzündə təbəssüm yaranır: "Jurnalistlərə böyük hörmətim var, bu sənəti çox sevirəm..."
COP29-da iştirak etmək üçün Azərbaycana gəldiyini deyən Hassan Muqambi bildirdi:
- İqlim dəyişiklikləri ilə məşğul oluram. Konfrans dünyamız üçün mühüm önəm daşıyır. Heç birimiz iqlim dəyişikliyinin dəhşətli fəsadlarından sığortalanmamışıq. Bu gün Afrika ölkələri iqlim dəyişikliklərinə görə ən çox əziyyət çəkənlərdir. Bakıda bu nüfuzlu sammitdə mühüm qərarlar qəbul etdik. Yerin orta temperaturu və hava şəraitinin uzunmüddətli dəyişməsi dünyanı narahat edir. Gələcək onilliklərdə vəziyyətin daha da pisləşəcəyi ehtimalı olsa da, elm adamları təcili tədbirlərin iqlim dəyişikliyinin ən pis təsirlərini məhdudlaşdıra biləcəyini düşünürlər.
Ölkəmizdə ikinci dəfə olduğunu bildirən afrikalı qonaq şəhərimizin onu heyran etdiyini dedi. Qeyd etdi ki, Bakı gözəlliyi ilə yanaşı, təmizliyi ilə də diqqət çəkir:
- Parklar, xiyabanlar şəhərə xüsusi gözəllik verir. Yol kənarlarında əkilmiş ağaclar diqqətimi çəkdi. Sevindirici haldır ki, yeni ağaclar, kollar əkilir. Bu, ətraf mühitin qorunması üçün çox vacibdir.
Çoxsaylı gəzinti iştirakçısı sırasında Zəfər parkına yollanırıq. Buradakı ziyarətçi çoxluğu heyranlıq doğurur. Etiraf edək ki, bu, həm də ölkəmizin evsahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycana gələn turistlərin sayının artması ilə əlaqədardır. Mötəbər tədbirə qatılan müxtəlif xalqların, millətlərin nümayəndələri Azərbaycanın əsrarəngiz paytaxtını öz gözləri ilə görürlər. Onlar tədbirdə iştirak etməklə yanaşı, milli-mənəvi dəyərlərimizə - musiqimizə, yeməklərimizə, tarixi abidələrimizə də böyük maraq göstərdiklərini və paytaxtımızın arxitekturasını bəyəndiklərini bildirdilər. Qeyd etdilər ki, dünyanı narahat edən qlobal məsələlərin Bakıda müzakirə olunması Azərbaycana olan inamı göstərir.
Növbəti müsahibimiz Abdullah Saleh Samed COP29-da iştirak etmək üçün Dubaydan gəlib. Özünün İordaniyadan olduğunu deyən logistika üzrə mütəxəssis Bakının COP29-a yüksək səviyyədə hazırlaşdığını dedi:
- Bu mötəbər konfransda müzakirə edilən məsələlər dünyanın diqqət mərkəzindədir. Mən də tədbirdə iştirak edirəm. Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir. İqlim böhranı təhlükəsini yaradan amillər, onunla mübarizə aparmaq yolları araşdırılır. Tədbirdə iqlim fəaliyyətində Azərbaycanın qlobal əməkdaşlıq üçün yüksək standartlar müəyyən etmək səylərindən bəhs edilir. İnanırıq ki, COP29 dünya üçün böyük töhfələr verə bilər.
Rusiya Federasiyasından gəlmiş Yekaterina Krıylova ilk dəfədir Azərbaycanda olur. Dedi ki, burada olduğu 2 həftə ərzində şəhərin görməli yerlərini gəzib:
- Azərbaycan irimiqyaslı qlobal tədbirlərə yüksək səviyyədə evsahibliyi edir. COP29-a hazırlıq tədbirləri də təqdirəlayiqdir. Hər şey əladır. Demək olar ki, idealdır. Bu mötəbər tədbirə dünyanın hər yerindən çoxlu nümayəndə heyəti gəlib. Mövzu müasir dövr üçün çox aktualdır.
Aydındır ki, iqlim böhranı sərhəd tanımır, hamıya təsir edir. Bu səbəbdən Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının COP29 konfransına böyük maraq var. Çünki konfransın əsas gündəliyi xüsusilə həssas ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizə məqsədilə lazımi maliyyənin necə təmin edilməsidir. Təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq zəruridir. Bu baxımdan ekoloji problemlərdən qorunmaq üçün dünya ölkələri həmrəy olmalıdırlar.
Azərbaycanda olduğum müddətdə muzeyləri gəzdim. Qədim xalçaçılıq sənəti ilə bağlı çoxlu məlumat topladım. Regionlara da səfər etmək fürsətini qaçırmadım. Gəncə şəhərində və Quba rayonunda oldum.
Qonaq Bakı ilə bağlı xoş təəssüratlarını da bildirdi:
- İndiyədək 10-a yaxın ölkədə olmuşam. Ölkəniz, paytaxt Bakı xüsusilə xoşuma gəldi. Şəhər təhlükəsiz və çox gözəldir. Mərkəzi park, Dənizkənarı bulvar, içərişəhər, Ağ şəhər və digər yerlər möhtəşəmdir. Xalqınız qonaqpərvər və mehribandır. Bir sözlə, Azərbaycanda olmaqdan məmnunam. Memarlıq baxımından maraqlı çoxsaylı bina diqqətimi çəkdi. Tarixi abidələr, çoxmədəniyyətli mühit və yaşıl parklar gözlərimdən yayınmır. Alış-veriş mərkəzlərindən xeyli müxtəlif əl işləri və suvenirlər almışam. Paytaxtınızın hər küçəsində, hər yerində COP29 ab-havası var.
Rəhman SALMANLI,
"Azərbaycan"