29 Avqust 2024 16:01
99
SİYASƏT
A- A+

Parisin növbəti rüsvayçılığı

 

Qərbin demokratik dəyərləri əlində bayraq etməsi riyakarlıqdan və ikiüzlülükdən başqa bir şey deyil

 

«Telegram» mesajlaşma proqramının təsisçisi və baş direktoru Pavel Durov həbsdən müvəqqəti azad olunsa da, bu hadisə ətrafında qlobal ajiotaj səngiəmyib. Və məsələ ilə bağlı qlobal rəy ondan ibarətdir ki, P.Durovun Parisdə həbsi siyasi xarakterli olmaqla, Fransa hakimiyyətinin demokratik dəyərlərə növbəti zərbəsi, azad sözə təzyiqidir.

Fransanın hüquq-mühafizə orqanları «Telegram»ın təsisçisini müxtəlif cinayətlərdə ittiham edirdilər. Lakin ilk gündən bu həbsin siyasi motivli olması şübhə doğurmurdu. Tədricən aydın olmağa başlayır ki, bu repressiv hadisənin kökündə «Telegram»ın nəzarət altına alınması iddiası dayanır. Ortaya çıxan həqiqətlərdən biri budur ki, hələ 2018-ci ildə prezident E.Makron P.Durova «Telegram»ın baş ofisini Birləşmiş Ərəb Əmirliklərindən Fransaya köçürməyi təklif etmişdi. Əlbəttə, bu təklif hansısa iqtisadi maraqlardan və saf niyyətdən yox, «Telegram»ın imkanları vasitəsilə Fransanın maraqlarını təmin etmək məqsədindən irəli gəlib. Lakin o zaman P.Durov təklifdən imtina edib. İstisna olunmur ki, Fransa bu həbslə «Telegram»ın təsisçisinə təzyiq etməyə çalışıb.

Bəzi ekspertlər isə o qənaətdədirlər ki, P.Durovu həbs etmək Fransanın təkbaşına girəcəyi iş deyildi. Məlum olduğu kimi ABŞ da uzun müddətdir ki, «Telegram» messencerinə nəzarət edə bilmək üçün müxtəlif yollara baş vurur. Bu baxımdan bir çoxları bu hadisənin arxasında ABŞ-nin dayandığını düşünürlər. Məsələn, ABŞ-dən olan tanınmış siyasi şərhçi və jurnalist Taker Karlsonun fikrincə Fransa hakimiyyəti «Telegram» messencerinin yaradıcısını ABŞ-nin razılığı olmadan saxlaya bilməzdi. «Makronun Bayden administrasiyasının dəstəyi və ya heç olmasa razılığı olmadan bunu edə biləcəyinə və ya edəcəyinə inanması çox çətindir» -deyə o X sosial şəbəkəsində yazıb.

Məlumdur ki, ABŞ hakimiyyət orqanlarının sifarişlərini yerinə yetirən USAİD və Soros fondu kimi təşkilatlar müxtəlif ölkələrdə həyata keçirdikləri məkrli fəaliyyətlərini əsasən sosial şəbəkələr vasitəsilə reallaşdırırlar. «Telegram» isə bu baxımdan geniş imkanları olan sosial şəbəkə platformasıdır. Ona görə Taker Karlsonun fikirlərində həqiqət var və P.Durovun həbsinin ABŞ-nin «Telegram»a nəzarət etmək niyyətlərindən irəli gəlməsi əsas versiyalardan biridir.

İstənilən halda bu hadisə insan haqlarının kobud şəkildə pozulması, «Telegram» platformasının inzibati yollarla Qərb siyasi dairələrinin maraqlarına tabe etdirilməsi cəhdidir. Bu hadisə göstərir ki, Qərbin demokratik dəyərləri əlində bayraq etməsi riyakarlıqdan və ikiüzlülükdən başqa bir şey deyil.

Fransanın hakimiyyət orqanlarının «Telegram»ın təsisçisinin Parisdə saxlanmasının yaratdığı qlobal etirazın nəticələrindən çəkindikləri əvvəldən hiss olunurdu. Elə buna görə də E.Makron məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalsa da, heç kim onun dediklərinə inanmamışdı. Daha sonra isə bir neçə halla bağlı ittiham olunan P.Durovu azad etdilər. Və bunun özü rəsmi Parisin növbəti rüsvayçılığı oldu.

 

Rəşad CƏFƏRLİ,

«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video