Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 20 Yanvar şəhidlərinin anım gününə həsr olunan “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” adlı seminar təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, diplomatlar iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Səfir Xəzər Fərhadov qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən bu cinayət bəşəriyyət tarixində bənzəri olmayan hadisədir. Sovet ordusunun Azərbaycan xalqına qarşı fövqəladə vəziyyət elan edilmədən hərbi əməliyyatlara başladığını diqqətə çatdıran X.Fərhadov, faciə zamanı günahsız insanların qətlə yetirildiyini, bu qanlı tarixin xalqımızın yaddaşında dərin iz buraxdığını söyləyib. Diqqətə çatdırıb ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin əmri ilə 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən Bakıya daxil olublar. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, hər kəsi atəşə tutublar. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub.
Bildirilib ki, hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Səfir vurğulayıb ki, müstəqillik dövründə Azərbaycanda hakimiyyətə gələndən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib və bu qanlı cinayətin əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində real addımlar atılıb.
Diplomat, həmçinin Ermənistan tərəfindən 30 ilə yaxın işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini də diqqətə çatdırıb.
Seminarda NUML-in xarici dillər fakültəsinin dekanı, professor Cəmil Əsgər Caminin və Türk dili kafedrasının müdiri xanım Nur Yasemin Raconun çıxışları dinlənilib.
Sonda tələbələr 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər oxuyublar.