Doğma Bakının ən hündür nöqtələrindən birində yerləşən müqəddəs Şəhidlər xiyabanı bu gün matəm libasına bürünüb. Xalqımız azadlıq və suverenlik yolunda canlarını fəda edən qəhrəman övladlarını hörmət və ehtiramla yad edir. Aradan 35 il keçsə də, bu yolda şəhid olanlara hər il yas saxlayırıq, onların unudulmaz xatirəsini kədər hissi ilə anırıq.
Əlbəttə ki, bu, heç də səbəbsiz deyil: Onlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sinələrini tankların, topların, ölümsaçan güllələrin qabağına verərək öz qanları ilə şanlı tarix yazdılar. Bugünkü müasir Azərbaycana, müstəqilliyə qovuşduğumuza görə onlara borcluyuq.
20 Yanvar isə təkcə kədər, hüzn və matəm günü kimi deyil, hünər və qəhrəmanlıq tarixi kimi xatırlanır. Məhz bugünkü tam və suveren Azərbaycana gətirib çıxaran yol 35 il əvvəl onların şəhidliyi ilə başladı. Həmin gün xalqımızın yaddaşında ən şərəfli, yaddaqalan və unudulmaz bir tarix kimi həmişə yaşayacaq.
Bu gün Şəhidlər xiyabanı böyük izdiham yaşayır. Həmişəki kimi insan axını bir an da olsun ara vermir. Bura üz tutanlar arasında hər təbəqənin nümayəndələrini görmək olar: dövlət və hökumət nümayəndələri, ayrı-ayrı ölkələrin səfirləri, Qarabağ və Vətən müharibəsinin iştirakçıları, hərbçilər, veteranlar, nənələr-babalar, valideynlər, tələbələr, gənclər və uşaqlar...
Ziyarətə gələnlər qara mərmər lövhələrdən boylanan 20 Yanvar şəhidlərinin məzarları önünə qırmızı qərənfillər düzürlər.
AZƏRTAC-ın fotomüxbirlərinin lentə aldıqları şəkillərdə bu gün on minlərlə ziyarətçinin üz tutduğu müqəddəs Şəhidlər xiyabanında yaşanan anlar, mənzərələr, səhnələr əks olunub.