03 İyul 2025 09:25
774
Səhiyyə
A- A+
Orqanizminizi susuz qoymayın

Orqanizminizi susuz qoymayın


İnsan bədəninin təxminən 55-78 faizi sudan ibarətdir. Yaş, cins və bir sıra amillərə görə bu faiz dəyişə bilər. Məsələn, yeni doğulmuş körpələrdə suyun miqdarı daha çox olur, yaş artdıqca isə azalır. Su bütün həyati proseslərdə - hüceyrələrin fəaliyyətində, qan dövranında, tənəffüs, həzm və bədəndən toksinlərin çıxarılmasında iştirak edir.

Yay aylarında orqanizmin su balansına diqqət etmək yalnız susuzluğu yatırtmaq deyil, həm də ümumi sağlamlığı qorumaq üçün vacibdir. Orqanizmin düzgün su balansının qorunması sağlamlıq üçün həyati əhəmiyyət daşıyır. Bu mövsümdə tərləmə yolu ilə daha çox maye itirildiyi üçün suya olan tələbat da artır. Əgər bu itki vaxtında və düzgün şəkildə qarşılanmazsa, susuzluq (dehidratasiya) baş verir. Susuzluğun əsas əlamətləri ağız quruluğu, baş ağrısı, yorğunluq, halsızlıq, əhvalın tez-tez dəyişməsi, qan təzyiqinin düşməsi və ürək döyüntüsünün artmasıdır.

Mütəxəssislər gün ərzində böyüklərə  2,5-3 litr, uşaqlara, yaş və çəkiyə uyğun olaraq, 1-1,5 litr su içməyi tövsiyə edirlər. Qəbul edilən mayenin miqdarı individual olaraq dəyişə də bilər. Məsələn, fiziki aktiv insanlar, açıq havada işləyənlər 3-4 litr su içməlidirlər. Ümumilikdə isə demək olar ki, bədən çəkisinə görə hər kiloqrama 30-35 ml su tövsiyə olunur.


Bir inci saflığı varsa da suda


Yayda qəbul etdiyimiz maye susuzluğun qarşısının alınmasında əsas rol oynayır. Düzgün içki seçimi orqanizmi yüksək temperaturun mənfi təsirlərindən qoruyur, enerjini və əhvalı yüksəldir. Tövsiyə olunan ilk maye təbii sudur. Su təkcə orqanizmi təmizləmək funksiyasını daşımır, həm də bədənin hərarətini ətraf mühitin temperaturuna uyğun tənzimləyir, susuzluğu dərhal yatırır və heç bir əlavə kalori gətirmir.

Yeməkdən 10-15 dəqiqə əvvəl 200 qram çiy su içmək faydalıdır. Onu birnəfəsə deyil, qurtum-qurtum içmək lazımdır. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan isə 4 saat sonra içmək məsləhətdir. Vanna qəbul etdikdən sonra su içmək faydalı hesab edilir. Mütəxəssislər hesab edirlər ki, yemək yeyərkən su istehlakı zərərli vərdişdir. Yemək zamanı və ondan dərhal sonra su içmək həzm prosesini pozur.

Dahi şairimiz Nizami Gəncəvinin "Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da" misrasını unutmayaq. Belə ki, həddindən artıq su qəbulu nəticəsində bədənimizdəki elektrolit tarazlığı pozulur, nəticədə su zəhərlənməsi baş verir. Ürəkbulanma, qusma, baş ağrısı və şüurda meydana gələn dəyişikliklər əsas simptomlardır. Su zəhərlənməsi zamanı tərləmə nəticəsində orqanizmdə natrium çatışmazlığı meydana gəlir. Bu çatışmazlıq tamamlanmadan su içmək natriumun daha çox azalmasına səbəb olur. Əsəb sisteminin fəaliyyətini təmin edən natriumun azalması nəticəsində əzələlərdə ağrılar yaranır və bu da qusma şəklində özünü göstərir. Nəticədə qan təzyiqini tarazlaşdıran natrium çatışmazlığı yarandığı üçün insan koma və ya ölümlə qarşılaşa bilər. Ölüm halları idman etdikdə, tərlə çox natrium itirdikdə, əvəzində isə çoxlu saf su içdikdə baş verə bilər.

Ən yaxşı işləyən böyrəklər bir saatda maksimum 1 litr su qova bilir. Əgər 1 saat ərzində 1 litrdən çox su qəbul edilsə, bədəndəki artıq maye natriumun durulaşmasına, su zəhərlənməsinə səbəb olacaq. Su zəhərlənməsi, adətən, daha çox tər itirməyə səbəb olan idman növləri ilə məşğul olanlarda, marafon qaçışlarında iştirak edənlərdə və arıqlamaq istəyənlərdə daha çox rast gəlinir. Natrium əskikliyi meydana gəldiyi an müdaxilə etmək çox önəmlidir. Əgər zəhərlənmiş şəxs qidalana bilərsə, ona duzlu içkilər verilməlidir. Ağızdan qidalana bilməyəcək dərəcədədirsə, mütəxəssis tərəfindən damar yolu ilə müdaxilə olunmalıdır. 


Su qədər faydalı


Bəzən insan su içmək vərdişini qazanmaqda çətinlik çəkir. Suyu müxtəlif meyvə və ya tərəvəzlərlə dadlandıraraq əldə olunan detoks içkiləri isə faydalı olmaqla yanaşı, həm də lazımi həcmdə su istehlakına səbəb olur. Həm su, həm də çay şəklində hazırlanan detoks içkilərinin hazırlanmasında alma, şaftalı, limon, limon yarpağı, ərik, qurudulmuş çobanyastığı və lavanda, böyürtkən, hil toxumu, yerkökü suyu, manqo, itburnu, ada çayı, xiyar, darçın, zəncəfil, mixək, nar, portağal, qaragilə çox effektli hesab edilir.

Detoks suları bədəndən bütün zərərli maddələri çıxararaq bağırsaqları təmizləməyə kömək edir. Lakin bu suların bağırsaq tənbəlliyinə səbəb ola biləcəyi üçün uzunmüddətli istifadəsi tövsiyə olunmur. Suya əlavə edilən ərzaqların həddindən artıq istehlakı kalium, kalsium, sink, fosfor və bəzi vitaminlərin bağırsaqlar tərəfindən sorulmasına maneə yarada və əzələ spazmlarına səbəb ola bilər. Buna görə də detoks içkilərini qəbul etməzdən əvvəl onun tərkibini diqqətlə araşdırmaq lazımdır. Çünki bütün təbii maddələr potensial yan təsirlərə də səbəb ola bilər. Detoks suyu hazırlayarkən suyun 1-12 saat dəmlənməsini, yəni tərəvəz, meyvə və ədviyyatların dadının, vitamin və minerallarının suya keçməsini gözləmək lazımdır. Gözləmə müddətini azaltmaq istədikdə tərəvəz və meyvələr yüngülcə əzilib suya əlavə edilməlidir.

Detoks çayları olduqca faydalıdır. Lakin bununla birlikdə onlar individual hazırlanmalıdır. Belə ki, içkinin tərkibində olan məhsullar insana mənfi təsir də edə bilər. Yüksək təzyiq, diabet, sümük, qanazlığı və ürək-damar  xəstəliklərindən əziyyət çəkənlər, habelə hamilələr, 16 yaşından aşağı uşaqlar, fiziki ağır işdə çalışanlar və sağlamlıq problemi olan yaşlılar detoks içkilərinin istifadəsi zamanı xüsusilə ehtiyatlı olmalıdırlar. Detoks çaylarının düzgün dəmlənilməsi də vacibdir. Onları 80 dərəcə temperaturda 20 dəqiqə dəmləmək lazımdır. Çünki suyun temperaturunun 80 dərəcəni keçməsi bitkilərin tərkibindəki faydalı maddələrin məhvinə səbəb olur. Yayda detoks çaylarını soyuq və ya sərin içmək tövsiyə edilir.

Yayda gündəlik qida rasionuna xiyar, qarpız, qovun, çiyələk, limon, alma, kök kimi meyvə və tərəvəzlərin əlavə edilməsi tövsiyə olunur. Vitaminlə zəngin bu meyvə-tərəvəzlər həm də susuzluğa qarşı mübarizə aparır. Onların bəzilərinin tərkibində əhəmiyyətli dərəcədə daha çox su olur. Məsələn, qovunun 92 faizi, kərəvizin 95 faizi, xiyarın 96 faizi, çiyələyin 92 faizi, kahının isə 96 faizi sudan ibarətdir.

Zülal, protein və elektrolitlərlə zəngin olan sərin ayran da əsl yay içkisi hesab edilir. O, bədənə lazım olan mayeni və duzları geri qaytarır. Bu içki xüsusilə günvurma və ya fiziki fəaliyyət sonrası məsləhət görülür.


Qazlı içkilərin zərəri var


Yayda insanlar sərinləmək məqsədilə qazlı içkilərdən istifadə edirlər. Böyükdən kiçiyə hər kəsin həvəslə içdiyi bu rəngli və şirin içkilər insan orqanizmində bəzi fəsadlar yaradır. Buna görə də mütəxəssislər sözügedən içkilərin istehlakının minimuma endirilməsini tövsiyə edirlər.

Qazlı içkilərin tərkibində istifadə edilən aspartam təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanizmə verdiyi zərərləri saymaqla bitməz. Bu süni şəkərəvəzedici şirin və qazlı içkilərlə orqanizmə daxil olduqda bədən  onu adi şəkər kimi qəbul etmir və  şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaradır. Tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir.

Sözügedən içkilərin qəbulu ilə bədən çəkisi arasındakı əlaqənin çox yüksək olduğu bilinir. Araşdırmalara görə, istehlak edilən hər qazlı içki piylənmə riskini 1,6 dəfə artırır. Ürək-damar xəstəliklərinin 70 faizi piylənmədən qaynaqlanır. Döş və bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələrin 42 faizi piylənmədən əziyyət çəkir. Öd kisəsi əməliyyatlarının 30 faizi piylənmə səbəbindən edilir. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Yüksək miqdarda şəkərli içki qəbulu daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə uzunmüddətli yerləşməsinə səbəb olur. 

Qazlı içkilərin tərkibindəki kofeinin sidikqovucu təsiri su itkisini artırır. Onların tərkibində olan turşular və şəkər diş minasını aşındırır, nəticədə diş çürümələri və həssaslığı yaranır. Qazlı içkilərdəki fosfor turşusu sümük mineralizasiyasını azaldaraq sümük sıxlığının azalmasına və osteoporoz riskinin artmasına gətirib çıxarır. Cəlbedici rəngli şirin içkiləri içdikdən 20 dəqiqə sonra qandakı şəkərin miqdarı yüksəlir və nəticədə insulin səviyyəsi qalxır. Artan hormon səviyyəsi ilə qaraciyər bədəndəki şəkəri tez bir zamanda yağa çevirir. 40 dəqiqədən sonra kofeinin həzmi tamamlanır, qan təzyiqi yüksəlir və buna görə qaraciyər qan dövranına daha çox şəkər verir. Beyindəki adenozin reseptorları tıxanır və bədəndəki yuxululuq vəziyyəti yox olur. Qazlı içki içdikdən 45 dəqiqə sonra orqanizm dopamin istehsalını artırır. Bu kimyəvi maddənin artması beyində zövq hissi yaradan sinir şəbəkəsini stimullaşdırır. Mütəxəssislərin xəbərdarlıqları nəzərə alınaraq mövsümdən asılı olmadan bu içkilərdən uzaq durmaq, onları alternativləri ilə əvəz etmək lazımdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: İranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir  

13:56
09 İyul

AYNA: Vətəndaşlar işğaldan azad olunmuş daha çox şəhər və rayonlara səfər etmək imkanı qazanıblar  

13:55
09 İyul

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar  

13:28
09 İyul

İyulun 11-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək  

13:27
09 İyul

İtaliyanın indiyədək Ukraynaya göstərdiyi yardımın həcmi açıqlanıb  

13:25
09 İyul

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  

12:37
09 İyul

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək  

12:26
09 İyul

Media: Tramp Qəzzada döyüşlərin dayandırılacağını vəd edib  

12:16
09 İyul

Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək  

12:04
09 İyul

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb  

12:02
09 İyul

Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir YENİLƏNİB

12:02
09 İyul

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

11:57
09 İyul

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

11:51
09 İyul

Birinci yarımildə 26 min 600 şəxsə əlillik təyin edilib

11:41
09 İyul

İKZF: Bu günədək 5,1 milyard manat ipoteka krediti verilib

11:36
09 İyul

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir

11:29
09 İyul

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib  

11:23
09 İyul

XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr edilmiş beynəlxalq dəyirmi masa təşkil olunub  

11:01
09 İyul

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür  

10:58
09 İyul

Dünya bazarında qızıl 20 dollar ucuzlaşıb

10:41
09 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:41
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!