25 Yanvar 2022 00:31
1129
Səhiyyə
A- A+

“Omikron”dan sonra da yeni mutasiyalar yarana bilər

 

Yeni ştamların daha yoluxucu ola biləcəyi də iddia edilir

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri “Omikron”dan sonra da COVID-19-un yeni mutasiyalarının yarana biləcəyindən xəbərdar edib.

“Omikron”un hələ də təhlükəli olduğunu nəzərə çatdıran ÜST eksperti Mariya van Kerxove bu ştamın zəif hesab edilməsini düzgün saymayıb.

Amma o bunu da xüsusi vurğulayıb ki, “Omikron” koronavirusun müzakirə edilən son variantı olmayacaq. Gələcəkdə narahatlıq doğuran virus variantlarının olacağı daha real görünür.

ÜST rəsmisi virus nə qədər çox yayılarsa, onda bir o qədər çox dəyişikliklərin baş verəcəyi proqnozunu verib: “Koronavirusun yeni ştamlarının xüsusiyyətləri hazırda məlum deyil, lakin onların daha yoluxucu ola biləcəyinə şübhə yoxdur. Onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar. Yeni ştamlar daha çox və ya daha az şiddətli xəstəliyə səbəb ola, eyni zamanda toxunulmazlıqdan çıxa bilər”.

 

Peyvənddən sonra “Omikron”a yoluxma insanı gələcək ştamlardan da qoruya bilər

 

Bəzi alimlər mövcud peyvəndlərin “Omikron”a qarşı effektiv olduğunu iddia etsələr də, digərləri bununla razılaşmırlar. İsrailin “Şiba” Tibb Mərkəzinin peyvəndlərin  “Omikron”a qarşı effektivliyi ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, “Pfizer” və “Moderna” vaksinlərinin  4-cü dozası  digər ştamlarla müqayisədə “Omikron”a təsir baxımından yetərli olmayıb. Onlar bildiriblər ki, adları çəkilən peyvəndlərin 4-cü dozasından sonra orqanizmdə əks-cisimlərin sayının artmasına baxmayaraq, “Omikron”a yoluxmaların sayında azalma müşahidə edilmir.

Hələ “Delta” dalğası zamanı araşdırma aparan ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri isə peyvəndlərin əhəmiyyətini xüsusi qeyd edirlər. ABŞ alimləri açıqlayıblar ki, tam peyvənddən sonra koronavirusa yoluxan insanlarda infeksiyadan daha yaxşı qorunma təmin edilir və onlar “super immunitetə” sahib olurlar. Onlar bu ikiqat mühafizəni “super toxunulmazlıq” kimi dəyərləndirirlər.

ABŞ alimlərindən sonra apardıqları ilkin araşdırmanın nəticəsinə əsaslanan Avstriya alimləri də həmkarları ilə eyni fikrə gəliblər. Onlar qeyd ediblər ki, COVID-19-a qarşı peyvənd orqanizmdə “Delta”, kimi, “Omikron” variantına qarşı da güclü qorunma yaradır. Alimlərin fikrincə, peyvənddən sonra “Omikron” və digər variantlara yoluxma virusun immun reaksiyasını şaxələndirə və insanı koronavirusun gələcək variantlarından da ciddi şəkildə qoruya bilər.

ÜST rəsmiləri isə hesab edirlər ki, vaksinlər əvvəlki kimi insanların ciddi xəstəliklərə, xəstəxanaya yerləşdirilməsinə və ölməsinə qarşı yüksək effektivliyə malikdir. Qurum vaksinlərin “Omikron” ştamına qarşı effektivliyinin çox sübutları olduğunu deyir.

ÜST yenə də belə hesab edir ki, “Omikron” ştamından qorunmaq üçün infeksiyanın ötürülməsinin qarşısını almağa və vaksinlənmənin əhatə dairəsinin genişləndirilməsinə daha çox diqqət yetirmək, 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70 faizinin peyvəndlənməsini təmin etmək lazımdır.

 

Yoluxma halı yüksələrsə, reanimasiya şöbələrinin sayı artırılacaq

 

Peyvəndin insanları xəstəliyin daha ağır fəsadlardan qoruduğu, xəstəxanaya düşmə riskini azaltdığı artıq beynəlxalq səviyyədə rəsmi rəqəmlərlə də təsdiqlənir. Belə ki, ABŞ-da peyvənd olunmayanlar vaksin vurduranlara nisbətən daha çox xəstəxanalara yerləşdiriliblər. Bu, 90 faiz təşkil edir. İsveçrədə isə tam peyvənd edilmiş insanların peyvənd olunmayanlarla müqayisədə 48 dəfə az öldüyü müəyyən edilib.

Ancaq bütün bu azalmalara baxmayaraq, ÜST yenə də xəbərdarlıq edir ki, yoluxma hallarının artması xəstəxanaya yerləşdirilmə hallarının çoxalmasına səbəb olacaq. Bu isə səhiyyə sisteminin həddən artıq yüklənməsinə və xüsusən də əhalinin həssas qrupları arasında ölüm hallarının artmasına gətirib çıxara bilər. 

Tədqiqatlar əsasında “Omikron”dan ölüm hallarının daha az olduğunu deyən Almaniyanın Robert Koch İnstitutunun mütəxəssisi professor Kristian Hesse qeyd edib ki, “Delta” ilə müqayisədə “Omikron”dan ölüm halları 8 dəfə azdır. Onun sözlərinə görə, “Omikron” virusuna yoluxan hər 10 adamdan biri xəstəxanaya yerləşdiyi halda, “Delta”ya yoluxma zamanı hər 5 adamdan birinin səhiyyə müəssisəsinə yerləşdirilməsinə ehtiyac yaranıb. Ancaq Hesse də belə hesab edir ki, “Omikron”a yoluxma hadisələrinin artması belə davam edərsə, reanimasiya şöbələrinin sayı yenidən artırılacaq.

Keçən həftə ölkəsində COVID-19 hadisələrinin 89 faizinin “Omikron” təşkil etdiyini nəzərə çatdıran K.Hesse əlavə edib ki, yeni ştama yoluxma hallarının sayının bir həftədə iki dəfə artması mutasiyaların sürətlə yayılmasının bir nümunəsidir.

Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Ümit Savaşçı isə 2-3 həftədən sonra ölkəsində yoluxma saylarının çox yüksələ biləcəyinə diqqət çəkib: “Xəstələrimizin sayı hazırda 65-70 min aralığındadır, amma ola bilər ki, bu say  300-400 minə çatsın. Bu, həyatımızı pozmağa bəs edər. Sürətli antigen, PZR testləri etdirilməli, izolyasiya qaydalarına əməl olunmalı, peyvəndləmə tempini davam etdirməliyik. Əks halda səhiyyə infrastrukturunda problemlər yarana bilər. Bəzi ölkələrdə məhdudiyyətlər aradan qaldırılıb, lakin o ölkələrin əhalisi az, coğrafi əraziləri genişdir, ictimai nəqliyyatdan istifadə demək olar ki, azdır”.

ABŞ immunoloqu və Birləşmiş Ştatlar Prezidentinin baş tibb müşaviri Antoni Fauci gec-tez hər kəsin sürətlə yayılan  “Omikron” variantına yoluxacağının proqnozlaşdırıldığını söyləyib. Onun sözlərinə görə, bəzi şəxslər peyvənd olunduqları və koronavirusa yoluxduqları üçün “Omikron”a bir qədər ehtiyatsız yanaşırlar. Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi professor Bülənt Ərtoğrul isə bildirib ki, “Omikron” variantında infeksiyaya təkrar yoluxma digər variantlara nisbətən daha çox rast gəlinir. Bu variant digərləri ilə müqayisədə immun reaksiyadan yayınma qabiliyyətinə malikdir. Buna görə də adekvat reaksiya inkişaf etdirməyən insanlarda təkrar infeksiyaya yoluxma riski var. Bu səbəbdən hər kəsin maskadan istifadə etmə qaydasına ciddi əməl etməsi çox vacibdir.

 

Karantin müddəti azaldılır

 

Əksər ölkələr tibbi maska taxmaq, peyvəndləmə tələblərini və səyahət məhdudiyyətlərini tətbiq etməyə başlayıb. Ancaq bir sıra ölkələr “Omikron”a yoluxma zamanı müşahidə edilən simptomların əvvəlki mutasiyalara nisbətən zəif olması səbəbindən karantin qaydalarında müəyyən dəyişikliklər ediblər. ABŞ artıq koronavirus testləri müsbət çıxanlar üçün, eləcə də heç bir simptomu olmayan, amma xəstə ilə təmasda olanlar üçün tövsiyə edilən karantin müddətini 10 gündən 5 günə endirib. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən (CDC) bildirilib ki, karantin dövründən sonrakı 5 gün ərzində maskalar taxılmalıdır. Lakin sözügedən tövsiyələr məcburi deyil. Bununla belə, bir çox müəssisə və səlahiyyətli orqanlar bu tövsiyələrə əməl edirlər.

Türkiyə isə karantin müddətini azaldaraq 7 gün edib. Bu ölkədə 7-ci gündən sonra yüngül simptomları olan və ya heç bir simptomu olmayan insanlar üçün karantin müddəti başa çatır.

İsveçdə də karantin müddəti 7 günə endirilib. COVID-19 diaqnozu qoyulan xəstələrlə birgə yaşayan insanlar həmin xəstənin müayinə olunduğu gündən etibarən 7 gün evdə qalırlar.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video