Martın 7-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin Sədri Sahibə Qafarova 14 məsələnin müzakirə ediləcəyini, gündəliyin birinci məsələsinin Milli Məclisin qərar layihəsi olduğunu bildirib. Spiker qeyd edib ki, qanunvericiliyə uyğun olaraq parlamentdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinləniləcək.
Sonra ombudsman Səbinə Əliyeva 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında məruzəni təqdim edib (Məruzə qəzetin bugünkü nömrəsində dərc olunur).
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ombudsmanın illik məruzəsi ilə bağlı fikirlərini açıqlayıb. O, məruzədə vətəndaşların müraciətlərinə xüsusi yer ayrıldığını söyləyib. Bildirib ki, sənəddə mülki hüquqlarla bağlı ilk növbədə mənzil fondunun yenilənməsi ilə əlaqədar, xüsusilə də Bakı şəhərində problemlərin hələ də qaldığı göstərilir. Müvəkkilin beynəlxalq mandatı çərçivəsində Yaxın Şərqdə döyüşən azərbaycanlıların yaxınlarının ölkəmizə qaytarılmasının diqqətdə saxlandığı vurğulanır.
Komitə sədri həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi haqqında məruzədəki statistik məlumatlar barədə fikirlərini açıqlayıb. O, ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruriliyindən danışıb. Azadlıqdan məhrumetmə deyil, məhdudlaşdırma tədbirlərinin "cəza bilərziyi"nin tətbiqinin mütərəqqi hadisə olduğunu deyib.
Zahid Oruc habelə sənəddə hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və bir sıra digər məsələlər barədə fikir və qeydlərini açıqlayıb.
O, məruzədə informasiyanın əldə olunmasına, o cümlədən dövlət-media münasibətlərinə geniş yer verildiyini bildirərək, bu sahədə də müəyyən problemlərin olduğunu, bəzi media qurumlarının xarici dövlətlərin siyasi layihələrinə çevrildiyini qeyd edib. Bildirib ki, belə hallarla bağlı dövlətimizin seçdiyi mövqe beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur.
Nəzərə çatdırılıb ki, illik məruzəyə Qərbi Azərbaycana dinc qayıdışın hüquqi prinsipləri də daxil edilib. Bu məsələ üzrə fəaliyyətin həm ayrı struktur vahidi, həm də hesabatlılıq baxımından müstəqil fəsildə verilməsi təklif olunub.
Sonra məsələ ətrafında müzakirələr aparılıb. Komitə sədrləri Fazil Mustafa, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Sahib Alıyev, Bəxtiyar Əliyev, Razi Nurullayev, Əli Məsimli, Azər Allahverənov öz çıxışlarında təqdim edilən məruzə ilə bağlı fikir və qeydlərini açıqlayıblar.
Milli Məclisin Sədri Sahibə Qafarova insan hüquqları üzrə müvəkkilin məruzəsinin yüksək səviyyədə hazırlandığını bildirib. O, deputatlar tərəfindən səsləndirilən sual və tövsiyələrin işçi qaydada müzakirə olunmasını təklif edib.
İclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin nəzərə alınması barədə qərar layihəsi qəbul edilib.
Parlamentin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, ötən ilin dekabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Qahirədə keçirilən Zirvə görüşündə Azərbaycan yekdil qərarla D-8 təşkilatına üzv qəbul edilib. O vurğulayıb ki, bu hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin növbəti böyük uğuru və dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisi olub. Spiker bildirib ki, bu istiqamətdə görülən işlərin davamı olaraq "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında" qanun layihəsi müzakirəyə təqdim edilir. Qeyd edilib ki, beynəlxalq sənədlərlə bağlı olduğuna görə, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq, qanun layihəsi bir oxunuşda qəbul ediləcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib. Bildirilib ki, Azərbaycan Respublikası keçən ilin 19 dekabr tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu doqquzuncu üzv kimi qəbul edilib. Qeyd olunub ki, Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar açır.
Əsas prinsipləri münaqişə əvəzinə sülh, qarşıdurma əvəzinə dialoq, istismar, müstəmləkəçilik əvəzinə əməkdaşlıq, ikili standartlar əvəzinə ədalət, ayrı-seçkilik əvəzinə bərabərlik olan Hökumətlərarası D-8 təşkilatının məqsədlərinin və fəaliyyət istiqamətlərinin Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərlə uzlaşdığı və bunun ölkəmizlə üzv dövlətlər arasında D-8 çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində mühüm amillərdən olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanın bu təşkilata qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq prosesinə üzv ölkələrin cəlb olunmasına yeni imkanlar açır. Bununla yanaşı, Orta dəhliz marşrutu üzərində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühüm tranzit mərkəzinə çevrilir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülşən Paşayeva məsələ ilə əlaqədar fikirlərini və komitənin rəyini diqqətə çatdırıb. Bildirilib ki, təşkilat 8 müsəlman ölkəsini - Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyəni birləşdirir. Azərbaycanın D-8 ölkələrinin əksəriyyəti ilə ikitərəfli və çoxtərəfli formatda məqsədyönlü əməkdaşlıq etdiyi söylənilib. Vurğulanıb ki, Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayan və islam dünyasının əsas iqtisadi və mədəni mərkəzlərindən biri kimi D-8 çərçivəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olunub.
Spiker Sahibə Qafarova gündəliyin digər 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, layihə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, bir sıra qanunlarda "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri ilə əvəz edilir.
Sənəddə həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna "Azərbaycan işarət dili" anlayışının və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə "Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması" məzmununda yeni 12-1-ci maddənin əlavə olunması nəzərdə tutulur. Yeni maddədə dövlətin əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verdiyi bildirilir. Habelə qeyd olunur ki, Azərbaycanın dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin etdiyi təsbit olunur. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.
Bütövlükdə qanun Birləşmiş Millətlər Təşkilatının "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitələrdə müsbət rəy verildiyini diqqətə çatdırıblar.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, qanunun 12.1-ci maddəsi nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər tərəfindən "kredit tarixçələrini təşkil edən məlumat"ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyən edir. Eyni zamanda qanunun 22-ci maddəsi həmin şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Qeyd edilib ki, kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfat subyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman və sair resurslar tələb edir. Eyni zamanda onların bu vəzifələrini icra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında, düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etmənin mürəkkəbliyi də mövcuddur.
Bütün deyilənlər nəzərə alınaraq, təklif olunan dəyişikliyə görə, bu məlumatların kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi ləğv edilir. Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq, eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. O, sənədin enerji resurslarından səmərəli istifadə, "yaşıl enerji"yə keçid, ətraf mühitin mühafizəsi kimi məqsədlərə xidmət etdiyini söyləyib. Komitə sədri enerji səmərəliliyi məsələsi ilə bir neçə gün əvvəl komitənin təşkil etdiyi "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə geniş fikir mübadiləsinin aparıldığını bildirib. Enerji səmərəliliyinin həm iqtisadi inkişaf, həm də ekoloji davamlılıq baxımından strateji əhəmiyyət kəsb etdiyini deyib.
Qeyd olunub ki, Azərbaycanda közərmə lampalarının istehsalı, idxalı və satışına tam qadağanın tətbiqi məqsədilə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun 17-ci maddəsinə müvafiq əlavənin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının, o cümlədən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağandır.
Bildirilib ki, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən, Azərbaycan Respublikasının götürdüyü milli səviyyədə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu "Bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi"nə öz töhfəsini verəcəkdir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nda benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və onun fəaliyyəti üçün hüquqi əsasların formalaşdırılması nəzərdə tutulub. Bu dəyişikliklər də həmin tədbirin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Benefisiar mülkiyyətçi anlayışının milli qanunvericiliyimizdəki yerindən söz açan komitə sədri anlayışın təklif edilən layihədə bir daha dəqiqləşdirilməsindən və mahiyyətindən danışıb. Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcək. Bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini bildirib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunla təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Komitə sədri nəzərə çatdırıb ki, təqdim edilən qanun layihəsi hərbi və xüsusi geyim formalarına olan hörməti qorumaq, onlardan sui-istifadənin qarşısını almaq məqsədilə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə həmin geyim formasını daşımasını nəzərdə tutur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin on üçüncü məsələsi olan "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, layihədə yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və müvafiq dövlət rüsumunun müəyyən olunması nəzərdə tutulub.
Qanun layihəsində lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi, lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması, həmçinin qanunun təkmilləşdirilməsi məqsədilə bir sıra dəqiqləşdirmələrin aparılması, habelə yeni "lisenziyalaşdırma subyektləri" anlayışının daxil edilməsi təklif olunub.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, layihənin bir hissəsi qüvvədə olan bir sıra qanunların icrası məqsədilə hazırlanıb və İnzibati Xətalar Məcəlləsində onların pozulması ilə bağlı müvafiq məsuliyyətlərin təsbit olunmasını əhatə edir.
Milli Məclisin müzakirəsində olan qanun layihələri ilə bağlı olan dəyişiklikləri diqqətə çatdıran komitə sədri digər dəyişikliklərin nəqliyyat sahəsində təhlükəsizliklə, xüsusən aviasiya təhlükəsizliyi ilə bağlı olduğunu deyib. Belə ki, "Aviasiya haqqında" qəbul edilən yeni qanun aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, aviasiya personalına dair, mülki aviasiya sahəsində sığorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblərə uyğun dəyişiklikləri ehtiva edir. Buna əsasən də layihədə Cinayət Məcəlləsinə dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ilə bağlı uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin isə bir hissəsi məcəllədə hazırda müəyyən edilmiş hava nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaların "Aviasiya haqqında" qanuna uyğunlaşdırılması, digər hissəsi isə Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən yeni qaydaların icrasının təmin edilməsi üçün bir sıra inzibati xətaların məcəlləyə əlavə edilməsini nəzərdə tutur.
Layihədə həmçinin dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyi qaydaları əleyhinə olan bəzi inzibati xətaların dispozisiyaları təkmilləşdirilir və sanksiyadakı cərimə məbləğləri artırılır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasa yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, martın 8-də Qadınlar Günü qeyd ediləcək. Spiker Milli Məclisdə qadınlar üçün səslənən təbriklərə görə minnətdarlığını bildirib. Sahibə Qafarova qeyd edib ki, hər bir cəmiyyətin inkişaf səviyyəsi və onun potensial imkanları bir çox cəhətdən qadınların vəziyyəti ilə müəyyən olunur. Bunu biz hamımız çox yaxşı bilirik. Çünki qadınlar ailə və təhsildən başlayaraq siyasətə, elmə, incəsənətə qədər həyatın bütün sahələrində mühüm rol oynayırlar.
Spiker bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, parlamentin fəaliyyətini işıqlandıran qadın media mənsublarını, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, firavanlıq və ailə səadəti arzulayıb.
Sahibə Qafarova deyib: "Bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadın hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətin uğurlarına böyük töhfələr verir".
Spiker təklif edib ki, 8 Mart - Qadınlar Günü münasibəti ilə çox hörmətli Mehriban xanıma Milli Məclis adından təbrik məktubu ünvanlayaq və ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"