192 igid Azərbaycanın ərazi bütövlüyünə əbədilik möhürünü vurdu
2023-cü ilin son baharında 192 igid oğul Azərbaycanın ərazi bütövlüyünə əbədilik möhürü vurub sonsuzluğa qovuşdu....
Bu azman ərənlər anamız Azərbaycana canlarını qurban verən minlərlə müqəddəs şəhidimizin şərəf cərgəsinə qoşuldular...
Bu cənnət ətirli şəhidlər ruhlarıyla Tanrı dərgahına üz tutub əbədiyyət üfüqündə doğan günəşlərə çevrildilər...
Qanlarıyla, canlarıyla doğma torpağa qovuşub Vətən oldular...
Azərbaycan xalqının and ünvanına, qürur mənbəyinə döndülər...
***
İgid oğullar özlərini Vətənə qurban dedilər, Ana torpağın qucağında uyumağı özlərinə şan-şərəf bildilər…
"Canımız sənə fəda" hayqıraraq düşmən üzərinə yeriyən azman igidlər ölümə meydan oxudular…
Vətən çağıranda yer-yerdən hay verən Polad Həşimovlar, Mübariz İbrahimovlar, Fərid Əhmədovlar, Raqif Orucovlar, Əbubəkr İsmayılzadələr, Təbriz Musazadələr, İlqar Mirzəyevlər, Anar Əliyevlər, Xudayar Yusifzadələr, Ruslan Abbasovlar, Murad Axundovlar, Xəzər Cəfərovlar oldular…
Qurd ürəkli oğullar Odlar yurdu Azərbaycanın müdafiəsinə qalxdılar, sinələrini düşmən gülləsinə sipər etdilər…
***
2020-ci il sentyabrın 27-də Zəfər yürüşünə çıxan azman igidlərin qisas nərəsi dağları, daşları lərzəyə saldı, od saçan baxışları mənfur düşmənin köksünə ox kimi sancıldı...
Vətən uğrunda irəli atılan hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni məhv etmək idi. And içmişdilər: Qarabağın ən hündür zirvələrində, Şuşada dalğalandıracaqdılar hər zaman ürəklərinin üzərində gəzdirdikləri müqəddəs üçrəngli bayrağımızı.
Və onların hər biri üçün bu yolda öldü vardı, döndü yox!..
***
Elə bu müqəddəs istəklə də çətin yollardan keçdilər, sıldırımlar aşdılar, silah-sursat olmadıqda belə, yalın əllə düşmənin üzərinə şığıdılar. Bu qəhrəman igidlərin çoxu mənfurların üzərinə yeriyərkən minaya düşdü, qəlpə, güllə yarası aldı, amma onların hamısı canlarını güdməyib haqq yolunda irəliləməkdən dönmədi, tibbi yardımdan, arxaya təxliyə olunmaqdan imtina etdi, elə qanları süzülə-süzülə torpaqlarımızı azad etməyə tələsdilər.
30 illik işğala son qoymağa, bu illərdə faciələrə məruz qalan, ədalətsizliyin qurbanı olan Azərbaycan xalqının qanayan yaralarına məlhəm olmağa çalışdılar...
Bu illər ərzində erməni faşistləri xalqımızın başına çox bəlalar gətirmiş, soydaşlarımız tarixi dədə-baba torpaqlarından qovulmuş, soyqırımlarla üzləşmiş, tükürpədici vəhşiliklərə məruz qalmışdılar. Faşist xislətli düşmən əsir, əliyalın mülki vətəndaşlarımıza qarşı olmazın işgəncələr həyata keçirmiş, yüz minlərlə vətəndaşımızı öz vətənində didərginə, qaçqına, köçkünə çevirmişdi...
Bu zaman ərzində o qədər körpələr doğuldu ki, öz ata-baba yurdunu görməyən, doğma vətənini yalnız fotolardan, xatirələrdən tanıyan...
O qədər insan öz yurd-yuvasını bir daha görmədən bu dünyayla vidalaşdı ki...
Bütün bu haqsızlıqları, zülmü, müsibətləri isə, nə göydə Allah, nə də yerdə bəndə götürərdi...
***
Heç zaman nahaqla barışmayan, zülmə boyun əyməyən Azərbaycan xalqının hər doğulan körpəsi qisas hissi ilə böyüdü, bir gün düşməndən bütün bu zülmlərin intiqamını alacağına and içdi...
Və elə bu qisas hissindən yoğrulan qəzəblə də işğalçıya, yurdumuza göz dikən yağıya həddini bildirən qəhrəman oğullarımız Vətən müharibəsinin hər günündə şanlı tarix yazdılar. Sinələrini Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, işğalda olan yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər. 44 gün ərzində hər gün qələbə müjdəsi ərməğan etdilər bizə...
Bu şad xəbərləri Ali Baş Komandan İlham Əliyevdən alan Azərbaycan xalqı əllərində bayraqlar sevinclə meydanlara, küçələrə axışdılar, zəfərimizi qeyd etdilər. Bu qələbə sevincini paylaşmaq üçün minlərlə insan müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollandılar, əbədiləşən qəhrəmanların ruhlarına dualar oxudular...
Vətən müharibəmizin 44 günündə canını torpağa fəda edən şəhidlərin anaları, ataları göz yaşlarını ürəklərinə axıtdılar, "Vətən sağ olsun!" dedilər, "min oğlumuz olsa, mini də bu Vətənə qurban" deyə hayqırdılar...
***
2023-ci ilin sentyabrında xalqımızın bağrına yenidən od-alov düşdü, qəhrəman oğullarımızın şəhidlik xəbəri ilə sarsıldıq.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-dan 20-dək həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Lokal antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimizin 192 hərbi qulluqçusu şəhid oldu.
Azərbaycanın suverenliyi uğrunda döyüşə atılan cəsur oğullarımız düşmənin külünü göyə sovuraraq xalqımıza yeni qələbə ərməğan etdilər. İgid döyüşçülərimiz bir daha dünyaya sübut etdilər ki, Azərbaycanı canlarından çox sevirlər və bu torpaq onlar üçün, sadəcə, üzərində durduqları quru yer deyil, qanları ilə suvardıqları üçrəngli bayrağımızın qürurla dalğalandığı müqəddəs Vətəndir.
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda "İrəli" əmrini eşidərək düşmən üzərinə yeriyən, "dəmir yumruğ"a çevrilən, torpaqlarımız uğrunda canını qurban verən bütün şəhidlərimizin qisasını alan, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edən qəhrəman igidlərimizlə qürur, şərəf duyuruq...
***
Əgər bu gün başıuca, qələbə sevinci ilə, düşməndən qisasımızın alınmasının fəxarət hissi ilə yaşayırıqsa, bu, məhz qəhrəman oğullarımızın fədakarlığı sayəsindədir. İllərlə həsrətində olduğumuz dədə-baba yurdlarımıza, Qarabağa, Şərqi Zəngəzura indi azadə ayaq basırıqsa, bu, məhz igidlərimizin şücaəti nəticəsindədir…
Uca şəhidlərimiz, bizə bəxş etdiyiniz bu İlahi xoşbəxtliyə görə, ömür boyu sizlərə minnətdar olacağıq…
Sizin bu Vətən üçün etdiklərinizi sözlə ifadə etmək mümkün deyil! Nə desək də, nə yazsaq da, qanınızla imza atdığınız qəhrəmanlıq salnaməsinin qarşısında sönük qalar...
Bu fədakarlığınızı ürəyimizə, qəlbimizə, könlümüzə həkk edib, minnətdarlıq hissi ilə, dualarımızla Sizi daim yad edəcəyik.
Uca şəhadət zirvəniz qarşısında baş əyirik!..
Ruhunuz şad olsun!
Yasəmən MUSAYEVA,
"Azərbaycan"