05 Oktyabr 2025 09:00
1470
Mədəniyyət
A- A+
O, peşəsinin də, yurdunun da Vurğunudur

O, peşəsinin də, yurdunun da Vurğunudur


Qarşısında dayandığımız geniş salondan dalğa-dalğa ətrafa xoş musiqi səsi  yayılır. O, bulaq suyu kimi qəlbimizə axır, könlümüzü oxşayır, ruhumuzu cuşa gətirir, ovqatımızı dəyişir. Musiqinin ritminə uyğun olan ayaq səsləri də eşidilir. Bu ayaq səsləri musiqinin ritminə ritm qatır, onun məlahətini, şirinliyini artırır. 

Az keçmiş musiqi kəsilir. Salonun qapıları asta-asta açılanda görürük ki, içəridə balacalara rəqs dərsləri keçirilirmiş. Hərəkətlərindən, çöhrələrindən yağan sevincdən hiss olunurdu ki, bir-birindən ürəyəyatımlı musiqi sədaları altında rəqs etmələri, onun sirlərini öyrənmələri balacaların ürəyincədir. Ona görə də bu anlarda özlərini dünyanın ən bəxtəvər, ən xoşbəxt uşaqları sanırlar. 

Gələcəyimiz olan uşaqlara dərs keçən, onlara rəqsin sirlərini öyrədən Vurğun Abaszadə ilə görüşüb söhbət etdik, fəaliyyəti, işlərinin gedişi ilə yaxından maraqlandıq. Vurğun müəllim gördüyü işlərdən söz açaraq dedi ki, uşaqlarla işləmək, onlara rəqs öyrətmək, vərdişləri aşılamaq, musiqimizi sevdirmək olduqca məsuliyyətli işdir: "Bilirsinizmi, istənilən peşə, sənət ilk addımlardan başlayır. İlk addım necə atılırsa, sona qədər də o cür davam edir. Ona görə də işimizə məsuliyyətlə yanaşırıq. Çalışırıq ki, gələcək həyatını musiqiyə, rəqsə bağlayacaq uşaqlara bu sənəti dərindən aşılayaq, bütün hərəkətləri musiqi ritmlərinin tələblərinə uyğun öyrədək. Elə olsun ki, onlar gələcəkdə iştirakçıları olacaqları rəqs yarışmalarında, müxtəlif festivallarda heç bir səhvə, qüsura yol vermədən çıxış etsinlər, qalib olsunlar, rəqslərimizi sevə-sevə mənimsəsinlər. 

Qısa söhbətdən sonra Vurğun Abaszadənin ömür və yaradıcılıq yolu ilə yaxından tanış olduq. Öyrəndik ki, o, 28 iyun 1986-cı ildə Bakıda dünyaya göz açıb. Kiçik yaşlarından musiqiyə, rəqsə maraq göstərib. Özü də hiss etmədən musiqi qanına, canına hopub. Rəqsə, musiqiyə olan maraq 7 yaşında - 1993-cü ildə onu dövrünün ən məşhur rəqs ansamblı olan, şöhrəti dünyanı dolaşan "Cücələrim"ə gətirib. Yaşı az olsa da, bacarığı ilə müəllimlərinin diqqətini cəlb edib. Çalışqanlığını, bacarığını nəzərə alaraq onu rəqs ansamblına üzv qəbul ediblər. Bu inamlı addımı ilə Vurğun kiçik yaşlarından ilk uğurunu qazanıb. 1997-ci ildə ona "Cücələrim" rəqs ansamblının tərkibində Türkiyədə keçirilən "Koç" festivalında iştirak etmək nəsib olub. Həmin festival günlərində ansamblın üzvləri Türkiyənin ozamankı baş naziri Süleyman Dəmirəllə görüşüblər. 2001-ci ildə isə o, İraqda keçirilən "Babylon" festivalında iştirak edib. Arxada qalmış illər ərzində Vurğun dünyanın bir çox ölkəsində müxtəlif festival və tədbirdə ölkəmizi uğurla təmsil edib. Bu səfərlərin birində Fransa Prezidenti Æak Şirakla da görüşüblər. "Cücələrim"in çıxışlarına heyran qalan Æ.Şirak onların ünvanına xoş sözlər söyləyib.

Vurğun Abaszadəyə 1998-1999 və 2000-ci illərdə ölkəmizdə UNESCO-nun Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirdiyi festivalların birində  Heydər Əliyevlə də görüşmək nəsib olub. Həmin görüş onun yaddaşında dərin iz buraxıb. Söhbət zamanı Vurğun o günləri belə xatırlayır: "Festivalda ölkəmizi layiqincə təmsil etdik. Tədbir başa çatandan sonra Ümummilli Lider səhnənin arxasına gələrək bizimlə görüşüb maraqlı, yaddaqalan çıxışımıza görə minnətdarlığını bildirdi. Gələcək festival və yarışlarda bizə uğurlar arzuladı, həmişə, hər yerdə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə etdi. Ulu Öndərlə olan bu görüş, onun bizi təbrik etməsi, bizə məsləhət verməsi, uğurlar arzulaması hamımıza qol-qanad verdi". 

Musiqi sahəsindəki təhsilini artırmaq üçün Vurğun Abaszadə 2000-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə qəbul olub. Bu təhsil ocağında musiqinin, rəqsin sirlərinə daha da dərindən yiyələnib, peşəkarlığını, bacarığını daha da təkmilləşdirib.

Musiqi ilə yanaşı, Vurğun Abaszadə 2004-2013-cü illərdə Milli Aviasiya Akademiyasında da oxuyub. Bu ali təhsil ocağında uçuşlara avtomatlaşdırılmış nəzarət sistemlərinin istismarı ixtisasına yiyələnib. Amma bu da onun bioqrafiyasındakı maraqlı səhifələrin hamısı deyil. Bacarıqlı rəqqas, ürəyi musiqinin ritmi ilə döyünən Vurğun Abaszadə 2011-2016-cı illərdə ABŞ-də fəaliyyət göstərən "Günaz-TV" telekanalında işləyib. Burada üzərinə böyük məsuliyyət düşüb. Vurğun televiziyada rəqs verilişinin aparıcısı olub. Həmişə ruhumuzu oxşayan rəqs havalarımızı, musiqimizi böyük ürəklə, sonsuz sevgi ilə dünyaya yayıb. Bu işdə böyük zövqlə, sonsuz sevgi ilə çalışıb. Hər şeydən əvvəl isə bunu özünə vətəndaşlıq borcu hesab edib.   

Bütün şərəfli həyatını musiqiyə, rəqslərimizin dünyada təbliğinə, tanınmasına həsr etmiş Vurğun Abaszadə 2015-2019-cu illərdə Gürcüstan, Bolqarıstan, Qətər və digər ölkələrdə master-klass dərsləri keçib. Bunlarla yanaşı, ölkəmizdə bir sıra festival və yarışların təşkilində yaxından iştirak edib. 2018-2019-cu illər ərzində İran İslam Respublikasının Urmiya, Maku, Xoy, Təbriz və Tehran şəhərlərində Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olub. Musiqimizi, rəqs havalarımızı təbliğ edə-edə sevdirib, ölkəmizi dünyaya tanıtdırıb. 2024-cü ildə Serbiya, Albaniya, Rumıniya və Moldovada keçirilən festival və yarışlara münsiflər heyətinin üzvü kimi qatılıb. Bu məsuliyyətli işin də öhdəsindən bacarıqla gəlib. Həmişə haqq-ədalətin tərəfində dayanaraq iştirakçıların bacarıqlarını, peşəkarlıqlarını layiqincə qiymətləndirib.

Söhbət zamanı onu da öyrəndik ki, Vurğun Abaszadə həm də 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Deyir ki, torpaqlarımızın uzun illər erməni işğalında qalması bir vətəndaş kimi onu çox narahat edirdi: "Xalqımıza qarşı Xocalı və başqa dəhşətli soyqırımlar törətmiş erməni separatçılarına qarşı nifrətim sonsuz idi. Ürəyim qisas hissi ilə döyünürdü. Nəyin bahasına olursa olsun, torpaqlarımız işğaldan azad olunmalı, düşmənlərdən şəhidlərin qisası alınmalıydı. Bir vətəndaş kimi bu amalla, bu arzuyla yaşayırdım. Vətən müharibəsi başlayanda artıq yurdumuzun azadlığı uğrunda vuruşmağın zamanının gəldiyini bildim. Elə ertəsi gün könüllü olaraq müharibəyə yollandım. İlk döyüşümüz Füzuli rayonunun kəndləri uğrunda oldu. Düşmən illərdən bəri möhkəmləndiyi mövqelərdən geri çəkilmək istəmir, ciddi müqavimət göstərirdi. Bizim də bir yerdə çox dayanmaq fikrimiz yox idi. Nəyin bahasına olursa olsun qəsbkarları uzun zamandan bəri əllərində saxladıqları və möhkəmləndikləri mövqelərdən vurub çıxartmalıydıq. Nəhayət, aramsız və güclü əks-hücumlarımız nəticə verdi. Çox keçmədi ki, düşmənin "alınmaz qala"sı hesab olunan ön xətti yarıldı. Yağılar qarşımızda çox dayana bilməyib geriyə qaçmağa başladılar. Beləcə, həmin günlərdə Zəfərimizin ilk kərpicləri qoyuldu". 

Cəsur döyüşçü söhbətinə davam edərək dedi ki, bir müddətdən sonra onları  Cəbrayıl rayonuna gətirdilər: "Həmin günlər bu istiqamətdə də gərgin döyüşlər gedirdi. Düşmən tutduğu əlverişli mövqelərdən, yüksəkliklərdən geri çəkilmək istəmirdi. Amma qəsbkarların istəməsi ilə deyildi. Biz yağıların üzərində zəfər qazanmaq, torpaqlarımızı azad etmək, şəhidlərimizin qisasını almaq üçün cəsarətlə vuruşurduq. Çox keçmədi ki, Füzuli və Cəbrayıl erməni işğalçılarından azad olundu. Artıq qanlı döyüşlər Qubadlı uğrunda gedirdi. Düşmənlərin kənd və qəsəbələrimizi vəhşicəsinə darmadağın etməsi işğalçılara olan nifrətimizi daha da artırırdı. Hər gün qəsbkarları illərdən bəri işğal etdikləri yaşayış məntəqələrindən qovub çıxarırdıq. Oktyabrın 25-də Qubadlı şəhərini azad etdik. Amma silahlar susmurdu, döyüşlər bir dəqiqə də olsun dayanmırdı. Güclü əks-hücumlarla düşməni geri sıxışdırır, torpaqlarımızı əsarətdən qurtarırdıq. Noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini eşidəndə sanki dünyanı bizə bağışladılar. Artıq ermənilər gücdən düşmüşdülər, müqavimət göstərməyə halları qalmamışdı. Həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan ağır itkilər vermişdilər. Buna görə də işğalçılar iki gündən sonra təslimçilik aktına imza atdılar. 44 günlük Vətən müharibəsi sıralarında vuruşduğum Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Müharibədən doğmalarımızın, əzizlərimizin yanına alnıaçıq, başıuca qayıtdıq".

Göstərdiyi igidliyə və cəsarətə görə Vurğun Abaszadə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb.  Bu gün o, 2006-cı ildən başladığı müəllim-xoreoqraf və bədii rəhbər kimi fəaliyyətini davam etdirir. Böyük həvəslə gələcəyimiz olan uşaqlara rəqs öyrədir. 

Yenə də qarşısında dayandığımız böyük salondan bir-birindən oynaq musiqi sədaları eşidilir. Yenə də sabahımız olan körpələr müəllimləri Vurğun Abaszadənin rəhbərliyi altında rəqs edir, böyük həvəslə qarşıdakı yarışlara, festivallara hazırlaşırlar. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!