12 İyun 2025 08:00
2263
SİYASƏT
A- A+
Nüfuzlu lider, qüdrətli dövlət...

Nüfuzlu lider, qüdrətli dövlət...


Azərbaycan müstəqillik tarixindəki ən qüdrətli dövrünü yaşayır. Düz beş ildir ki, xalqımız Müstəqillik Gününü torpaqlarımızın azadlığının, suverenliyimizin tam bərpasının, bayrağımızın bütün ərazilərimizdə dalğalandırılmasının qüruru ilə qeyd edir. 

Həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində milli maraqlarımızı qətiyyətlə təmin edən Prezident İlham Əliyevin yürütdüyü diplomatiya ümumilikdə regionda sülhə, əməkdaşlığa və rifaha da yol açıb. Azərbaycan adına əldə edilən bütün bu uğurlar beynəlxalq müstəvidə də etiraf olunur, qalib lider İlham Əliyevin şəxsi səyləri və təşəbbüsləri ilə əldə olunan nailiyyətlər təqdirəlayiq görülür. Bu il 28 May Müstəqillik Günü ilə əlaqədar dövlətimizin başçısına ünvanlanan çoxsaylı təbrik məktubları da Azərbaycanın sayılıb-seçilən, dünyanın nüfuzlu ölkəsinə çevrilməsini özündə əks etdirirdi. 

Çoxsaylı dövlət başçıları, mötəbər şəxslər, tanınmış ictimai-siyasi xadimlər tərəfindən göndərilən bu təbrik məktublarının hamısının məzmunu Azərbaycanın yüksək inkişafından xəbər verir. Həmin məktublara nəzər yetirəndə görürsən ki, onların mətni 20 il əvvəlki təbrik məktublarının mətnindən tamamilə fərqlənir. İndi Azərbaycana ünvanlanan təbrik məktublarında respublikamızın keçdiyi dinamik inkişaf yolu, Prezident İlham Əliyevin qlobal liderlik nüfuzu ön planda gəlir, dünyanın iqtisadi və güc mərkəzlərinin Azərbaycanla əməkdaşlıq istəkləri önə çəkilir. Eyni zamanda dost dövlətlərin rəhbərlərinin ölkəmizə ünvanladıqları təbrik məktublarında Azərbaycanın Qarabağ zəfəri bir daha əyan olur.


D.TRAMP: "Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk"


Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-Azərbaycan əlaqələri ikitərəfli şəkildə inkişaf etməyə başlayıb. Hazırda da bu əlaqələr müsbət məcrada inkişaf etməkdədir. Xüsusilə qeyd edək ki, Azərbaycanı regional güc kimi qəbul edən ABŞ ölkəmizlə münasibətləri irəliyə doğru aparmaqda maraqlıdır. 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulanır: "Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək".

Məktubda qeyd olunur ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir: "Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-lə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır.

Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik".


R.T.ƏRDOÜAN: "Can Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyuruq"


"Bir millət, iki dövlət" - Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi  dünyaya örnəkdir. Bütün beynəlxalq platformalarda bir-birlərinin maraqlarını müdafiə edən, dar gündə də, xoş gündə də birlikdə olan iki qardaş ölkənin səmimi münasibətlərini, sarsılmaz əlaqələrini hər iki ölkə liderinin Türkiyə və Azərbaycanın əlamətdar günlərində bir-birlərinə ünvanladıqları təbrik məktublarında də aydın görmək mümkündür. 

Bu il mayın 26-da Müstəqillik Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu da bu qəbildəndir. 

Türkiyə liderinin ölkəmizin rəhbəri İlham Əliyevə, "Hörmətli cənab Prezident, əziz Qardaşım" deyə xitabən başlayan təbrik məktubunda deyilir ki, bu əlamətdar bayramın ildönümündə Türkiyə kədərli və sevincli günlərdə hər zaman birlikdə olduğu Can Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyur və yüksəksəviyyəli əlaqələrimizi "Bir millət, iki dövlət" ruhunda daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq hissi keçiririk: "Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm".


S.CİNPİN: "Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm"


Dünyanın nəhəng iqtisadi gücü olan Çin Azərbaycanın qlobal müstəvidə ən yaxın tərəfdaşlarından biridir.  İki dost ölkə arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Azərbaycan və Çin liderləri İlham Əliyev və Si Cinpin arasında olan yüksəksəviyyəli dostluq münasibətləri əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir. Aprelin 22-24-də Prezident İlham Əliyevin Çinə dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı üçün tarixi əhəmiyyət kəsb etdi. 

Bu il Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Çin lideri Si Cinpin məhz bu məqamı vurğulayıb: "Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdik, bununla da ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik".

"Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsi, Çin və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimizin inkişafına dəstək verilməsi üzrə Sizinlə birgə səylər göstərməyə hazıram".


M.Ş.ŞƏRİF: "Qəlblərimiz həmişə bir döyünür"


"Pakistan Azərbaycanla bütün vacib məsələlərdə qarşılıqlı etimada, nümunəvi səmimi münasibətlərə və bir-birinə qətiyyətli dəstəyə əsaslanan tarixən çox gözəl qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Məmnunluqla bildirmək istərdim ki, Sizin müstəsna liderliyiniz və güclü dəstəyiniz sayəsində dostluq münasibətlərimiz müsbət istiqamətdə inkişaf edir və biz onları daha geniş qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa çevirmək üçün birlikdə işləyirik". 

İki qardaş ölkə Pakistan ilə Azərbaycan arasında sarsılmaz əlaqələrin inkişafını bir daha nümayiş etdirən bu fikirlər Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizin müstəqillik bayramı münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda öz əksini tapıb. 

Baş nazir qeyd edib: "Hindistanla yaşanan son böhran zamanı Pakistana davamlı dəstəyinizə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Pakistanla davamlı həmrəylik nümayiş etdirdiklərinə görə azərbaycanlı qardaşlarımıza da təşəkkür edirik. Həqiqətən əsl qardaşlar olaraq, xüsusilə də talelərimiz bir-birinə oxşar olduğu üçün qəlblərimiz həmişə bir döyünür". 


V.PUTİN: "Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır"


Azərbaycan tarixən mədəni, humanitar, iqtisadi əlaqələrin mövcud olduğu şimal qonşumuz Rusiya ilə qarşılıqlı etimada əsaslanan münasibətlərə malikdir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Mayın 27-də Müstəqillik Günü ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı tədrik məktubunda Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir: "Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur - Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir".


İ.HERSOQ: "Bilin ki, İsrail Dövləti uğurlarınıza və nailiyyətlərinizə sevinir"


Tarixi dostluq münasibətlərinə malik İsrail Azərbaycan əlaqələri daim inkişaf edir. 

"Həm İsrail, həm də regionumuz üçün sabitlik mayakı olan Azərbaycanla strateji tərəfdaşlığımız Yerusəlimdə yüksək qiymətləndirilir. Siz regional sülhün əldə olunmasında səylər göstərməyi prioritet müəyyən etmisiniz, bu da Azərbaycanın dialoq və diplomatiya üçün mühüm platformaya çevrilməsinə səbəb olub", - deyə Müstəqillik Günü ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda İsrail Prezidenti İsxak Hersoq vurğulayıb ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi tərəqqinin və rifahın parlaq nümunəsinə çevrilib. Ölkəniz dini tolerantlığın və anlaşmanın gözəl modeli hesab olunur və burada cəmiyyətin bütün təbəqələri harmoniya içərisində yaşayırlar. Həqiqətən də antisemitizmin bütün dünyada yayıldığı bir dövrdə Azərbaycan harmoniya içərisində birgəyaşayışın parlaq nümunəsidir.

İ.Hersoq bildirib: "Təhlükəsizlik, innovasiya, enerji və ticarət kimi çox əhəmiyyətli sahələr də daxil olmaqla, ortaq məqsədlərimizə nail olmaq üçün imkanlar çoxdur.

"Konstitusiya və Suverenlik İli"ni qeyd etdiyiniz bir vaxtda, bilin ki, İsrail Dövləti uğurlarınıza və nailiyyətlərinizə sevinir".


T.ŞUYOK: "Macarıstan üçün Azərbaycanla dostluq münasibətlərinin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir"


Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki dost ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.   

28 May Müstəqillik Günü ilə bağlı dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda Macarıstan Prezidenti Tamaş Şuyok şad olduğunu bildirib ki, son illər ölkələrimiz qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan geniş əməkdaşlığı inkişaf etdiriblər: "Macarıstan üçün Azərbaycanla dostluq münasibətlərinin dərinləşməsi mühüm əhəmiyyət kəsb edir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız möhkəm təməl yaradır.

Sizi əmin edə bilərəm ki, Macarıstan siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqdir".


İran əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək əzmindədir


İran Azərbaycan əlaqələri qarşılıqlı etimad quruculuğu əsasında inkişaf edir. Bu il aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfər etməsi bunu bir daha təsdiq etdi. 

İran Prezidenti Məsud Pezeşkianın Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da deyilir ki, dost və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasındakı qırılmaz bağlar ölkələrimizin münasibətlərinin inkişafı üçün qiymətli sərmayə yaratmışdır: "İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir, bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır".

Məktubda o da qeyd olunur ki, İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqla regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynaya biləcək kommunikasiya yollarının açılacağına inanır.


S.MATTARELLA: "Ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir"


Mayın 27-də İtaliya Prezidenti Sercio Mattarellanın Müstəqillik Günü ilə əlaqədar Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir: "Xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Son illərdə əlaqələrin getdikcə intensivləşməsi, xüsusilə də ötən ilin sentyabr ayında Sizin Romaya etdiyiniz dəyərli səfər münasibətlərimizin gələcəyinə inamla baxmağa imkan verir. Bu isə ortaq maraq doğuran bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişafı üçün ideal zəmin yaradır".

İtaliya Prezidenti bildirib ki, daimi dialoq və qarşılıqlı anlayış həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində İtaliya tərəfindən ardıcıl olaraq təşviq olunan vasitələrdir: "Məqsədimiz bugünkü mürəkkəb beynəlxalq şəraitdə yaxşı qonşuluq əlaqələrini, regional sabitliyi və ümumi inkişafı dəstəkləməkdir". 


Əlahəzrət III ÇARLZ: "Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir"


Müstəqillik Günü münasibətilə Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazır: "Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər".


D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi: "Azərbaycan qlobal məsələlərdə rolunu daha da artırıb"


Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar çoxsaylı dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıblar və biz onlardan sadəcə bir neçəsini nümunə gətirdik. Eyni zamanda ölkəmizin liderinə beynəlxalq təşkilatların rəhbərləri, tanınmış xadimlər təbriklərini çatdıraraq xoş arzularını bildiriblər.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib: "Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olmuş Azərbaycan Respublikası zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı ilə seçilmiş, xüsusilə də sülhün, sabitliyin, əməkdaşlığın və rifahın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir".

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam təbrik məktubunda yazıb: "Azərbaycan, şübhəsiz ki, Zati-alinizin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişaf istiqamətində möhtəşəm uğurlar əldə edib və bununla da həm regional, həm də qlobal məsələlərdə rolunu daha da artırıb.

D-8 ailəsinin ən yeni üzvü kimi Azərbaycan təşkilatımıza özü ilə zəngin təcrübə, dinamizm və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığa möhkəm sadiqlik gətirib. Biz Azərbaycanın çoxtərəfliliyə və inklüziv inkişafa davamlı dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanın D-8 təşkilatında fəal iştirakı qarşılıqlı fayda naminə qurumun daha da inkişaf etməsinə mühüm töhfə verəcək".

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha qeyd edib ki, İƏT Azərbaycanla sıx əlaqələrini yüksək qiymətləndirir və islam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir: "Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə islam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram".

Gətirdiyimiz misallardan da göründüyü kimi, dünyanın hər yanından dövlət və hökumət başçıları, nüfuzlu təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər tərəfindən Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə çoxsaylı təbrik məktubları ünvanlanıb. Bütün bunlar bir daha Azərbaycanın dünyadakı nüfuzundan,  Prezident İlham Əliyevin qlobal liderliyindən xəbər verir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar  

13:28
09 İyul

İyulun 11-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək  

13:27
09 İyul

İtaliyanın indiyədək Ukraynaya göstərdiyi yardımın həcmi açıqlanıb  

13:25
09 İyul

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  

12:37
09 İyul

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək  

12:26
09 İyul

Media: Tramp Qəzzada döyüşlərin dayandırılacağını vəd edib  

12:16
09 İyul

Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək  

12:04
09 İyul

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb  

12:02
09 İyul

Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir YENİLƏNİB

12:02
09 İyul

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

11:57
09 İyul

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

11:51
09 İyul

Birinci yarımildə 26 min 600 şəxsə əlillik təyin edilib

11:41
09 İyul

İKZF: Bu günədək 5,1 milyard manat ipoteka krediti verilib

11:36
09 İyul

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir

11:29
09 İyul

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib  

11:23
09 İyul

XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr edilmiş beynəlxalq dəyirmi masa təşkil olunub  

11:01
09 İyul

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür  

10:58
09 İyul

Dünya bazarında qızıl 20 dollar ucuzlaşıb

10:41
09 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:41
09 İyul

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

10:40
09 İyul

Ötən gün axtarışda olan 90 nəfər saxlanılıb  

09:59
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!