17 Fevral 2026 08:10
296
SİYASƏT
A- A+
Nüfuzlu dövlət, etibarlı tərəfdaş

Nüfuzlu dövlət, etibarlı tərəfdaş


Dünyanın 120 ölkəsindən ümumilikdə minə yaxın nümayəndənin, o cümlədən 60 dövlət və hökumət başçısının iştirak etdiyi 62-ci Münxen Təhlükəsizlik Konfransı üçgünlük mühüm müzakirələrdən sonra işini başa çatdırdı. Fevralın 13-dən 15-dək davam edən qlobal əhəmiyyətli konfrans çərçivəsində keçirilən müxtəlif tədbirlərdə dünya nizamını sarsıdan əsas təhdidlər, aktiv müharibə və böhranlara dair müzakirələr aparıldı, beynəlxalq münasibətlər sistemini tənzimləyən qaydaların ciddi təzyiq altında olduğu vurğulandı.

Qlobal təhlükəsizlik arxitekturasının yenidən qurulduğu bir dövrdə Azərbaycanın diplomatik iradəsi də Münxendə diqqət mərkəzinə çevrildi. Prezident İlham Əliyevin 8-ci dəfə Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı strateji əhəmiyyət kəsb etməklə bərabər, rəsmi Bakının beynəlxalq arenada sahib olduğu xüsusi çəkisini və artan nüfuzunu nümayiş etdirdi. Dövlətimizin başçısının konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, dövlət başçıları, beynəlxalq təşkilatların və qlobal şirkətlərin rəhbər şəxsləri ilə önəmli görüşləri göstərdi ki, dünya siyasətinə yön verən simaların bir araya gəldiyi məkanda Azərbaycanın özünəməxsus yeri və hörməti var. Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi vəziyyət bilavasitə Azərbaycanın qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində yaranıb. Otuzillik təcavüzə yekun vuraraq öz torpaqlarında tam hakimliyini təmin edən Azərbaycan hazırda bölgədə davamlı sabitliyin əsas zəmanətçisidir. Ölkə lideri İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu regionu kənar təsirlərdən mühafizə etməklə yanaşı, Cənubi Qafqazı Şərqlə Qərb arasında sarsılmaz qovşağa çevirib. 

Prezidentin uzaqgörən diplomatik həmlələri Bakını regional oyunçu statusundan çıxaraq, qlobal miqyaslı aktor səviyyəsinə yüksəldib. Azərbaycan artıq regional səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, problemlərin həllində aktiv rol oynayan və sülh təşəbbüslərinə əməli töhfələr verən etibarlı ölkə kimi qəbul olunmaqdadır. 

Ölkəmizin xarici siyasətdəki artan çəkisi beynəlxalq platformalarda və konfranslarda Azərbaycan liderinə rəğbətin və ehtiramın artması ilə müşahidə olunur. Dövlət başçısının təmsil olunduğu bütün qlobal sammitlər xüsusi diqqət mərkəzində olur. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Ukrayna Prezidenti Volodimir Zelenski və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohenlə görüşləri də Azərbaycan liderinə rəğbətin əyani təcəssümüdür. 

Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunda olan Azərbaycan dünyada ən etibarlı tərəfdaş kimi qəbul edilir. Coğrafi baxımdan mürəkkəb məkanda qərarlaşmasına rəğmən Azərbaycan həm regional qonşuları ilə, həm də uzaq dövlətlərlə balanslı və səmərəli əlaqələr qura bilən nadir ölkələrdəndir. Dövlət  başçısı İlham Əliyevin uğurlu xarici siyasəti ölkəmizin dostlarının sayını artırıb, müttəfiq çevrəsini genişləndirib. Bu gün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan liderinin bütün bəyanatları dövlət başçısının sözü və imzası qədər etibarlı qəbul edilir. 

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çoxşaxəli fəaliyyəti, müsahibəsi, panel müzakirələrindəki çıxışları müasir beynəlxalq münasibətlər sistemində əsl diplomatik ustad dərsi kimi xarakterizə olunur. Azərbaycanın suveren iradəsini dünyaya qəbul etdirən dövlətimizin başçısı regional sülhün şərtlərini müəyyən etməklə yanaşı, həm də qlobal təhlükəsizlik arxitekturasında ölkəmizin yerini möhkəmləndirib. Dövlət başçısı "France-24" kanalına verdiyi müsahibədə Azərbaycanın regional mövqeyini yeni prizmadan gündəmə gətirdi. Prezident İlham Əliyevin "Azərbaycan bu gün bölgədə sabitlik, etibarlılıq və proqnozlaşdırıla bilən siyasət nümunəsidir" açıqlaması dövlətimizin formalaşdırdığı siyasi-iqtisadi və geostrateji vəziyyəti tamamilə əks etdirir. Bu bəyanat Azərbaycanı yalnız regional aktor kimi deyil, həm də qlobal əlaqələr sistemində iştirak edən bir tərəfdaş kimi göstərir. 

Dövlət başçısının tranzit marşrutlarla bağlı qeyd etdiyi müstəqil qərarvermə imkanı ölkənin yükdaşımada və ixracyönümlü infrastrukturlarda asılılıq yaşamadan fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Vurğulandı ki, alternativ marşrutlar formalaşdıran Azərbaycan çoxşaxəli logistika modelinə malikdir. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan yaxın illərdə fiziki, enerji və rəqəmsal dəhlizlərin kəsişdiyi regional mərkəzə çevrilmək imkanına malikdir. Bu yanaşma ölkəni yalnız tranzit coğrafiyası deyil, həm də qlobal enerji-informasiya axınlarının idarə olunması mərkəzi kimi regional strateji aktor olaraq mövqeləndirir. 

Azərbaycan Prezidenti beynəlxalq auditoriyanın diqqətinə növbəti dəfə çatdırdı ki, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün, sadəcə, niyyət kifayət deyil, paralel olaraq hüquqi baza təmin olunmalıdır. 

Dövlətimizin başçısı müsahibə zamanı Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları və keçmiş separatçı rejimin qondarma "liderləri" ilə bağlı verilən qərəzli sualları hüquqi və siyasi arqumentlərlə cavablandırdı. Aparıcının separatçılara verilən cəza ilə bağlı sualı məqsədyönlü xarakter daşıyırdı. Belə ki, müəyyən dairələr beynəlxalq tribunadan yararlanmaqla diqqəti separatçıların üzərinə yönəltmək niyyəti güdürlər. Azərbaycan lideri Qarabağda çoxsaylı cinayətlər törətmiş separatçılarla bağlı məhkəmə hökmünün dəyişməcəyini birmənalı bəyan etdi. Burada əsas məqam cənab Prezidentin separatçılarla bağlı məhkəmə prosesini nasistlərin mühakimə olunduğu Nürnberq prosesi ilə eyniləşdirməsi, hətta azərbaycanlılara qarşı törədilən cinayətlərin daha dəhşətli olduğunu vurğulamsı idi. Dövlət başçısının müsahibəsindən o da aydın oldu ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda separatçıların azad edilməsi məsələsini qaldırsa da, Azərbaycan lideri rəsmi Bakının prinsipial mövqeyini qonağın diqqətinə çatdırıb. Bununla məsələyə nöqtə qoyulub. 

Münxen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyi də əsas müzakirə mövzuları arasında yer aldı. Konfrans çərçivəsində təşkil olunan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə Azərbaycanın bu sahədə oynadığı mühüm roldan ətraflı söhbət açıldı. Dövlət başçısı Azərbaycanın regional və qlobal strateji hədəflərini bir neçə təməl prinsip üzərində diqqətə çatdırdı, Trans-Xəzər nəqliyyat marşrutunun iqtisadi potensialını və regionun rəqəmsal infrastrukturuna yatırılan investisiyaları ön plana çıxardı. Həmçinin ölkəmizin rəhbəri bəyan etdi ki, Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır, lakin bunun üçün Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını rəsmən çıxarmalıdır: "Bu dəyişiklik edildiyi günün ertəsi biz sülh imzalaya bilərik". 

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi platformalarda qərəzli dairələrin manipulyativ cəhdlərini də öz hüquqi savadı, dərin intellekti, uzaqgörənliyi və iti zəkası ilə ifşa edərək qarşı tərəfi faktlar qarşısında aciz qoydu. Dövlət başçısının panel iclasında Stepan Safaryan adlı erməni fəalın təxribatçı sualına məntiqli və tutarlı cavabı Ermənistan nümayəndəsini beynəlxalq auditoriya qarşısında mat etdi. Dövlətimizin başçısı erməni fəalın "Ermənistanın müstəqillik bəyannaməsinin müddəası effektiv deyil" iddiasına cavab olaraq bildirdi ki, heç bir məhkəmə qərarı konstitusiyadan üstün ola bilməz. Əgər konstitusiyanın preambulası Müstəqillik Bəyannaməsinə istinad edirsə, bu, Ermənistan dövlətinin hüquqi təməlində Azərbaycana qarşı ərazi iddiasının qalması deməkdir. Azərbaycan liderinin "gəlin Vikipediyadan yoxlayaq" sözü isə Ermənistan təmsilçisinin gətirdiyi arqumentin nə qədər zəif və qeyri-ciddi olduğunu auditoriyaya zərif bir yumorla çatdırmaq üsulu idi. 

Dövlətimizin başçısı erməni nümayəndənin İrəvanın təbliğ etdiyi "Sülh yolu kəsişməsi"ndən danışmasına və ABŞ-nin keçmiş administrasiyasına istinad etməsinə də diplomatik incəliklə cavab verdi. Cənab İlham Əliyev Ermənistanın xarici güclərin "təşəbbüslərinə" həddindən artıq bel bağlamasını düzgün hesab etmədi: "Sülh yolu kəsişməsi"nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, prezident Bayden qayıdanda sizin "Sülh yolu kəsişməsi" layihəsini yenidən başladar". Bununla ölkə rəhbəri mesaj verir ki, regionda real bağlantılar kağız üzərindəki bəzəkli adlarla deyil, konkret coğrafi və iqtisadi reallıqlarla, ən əsası isə Azərbaycanın razılığı ilə mümkündür. 

Nəticə etibarilə Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın qlobal diplomatiya xəritəsindəki yerini bir daha möhkəmləndirdi. Prezident İlham Əliyevin bu mötəbər platformadakı fəaliyyəti göstərdi ki, Azərbaycan artıq, sadəcə, regional reallıqlarla barışan deyil, yeni geosiyasi nizamı formalaşdıran və sülhün şərtlərini diktə edən strateji gücdür. Bakının "sözü ilə imzası" arasındakı qətiyyətli vəhdəti Azərbaycanın ən etibarlı tərəfdaş olduğunu, qlobal enerji və nəqliyyat memarlığında əvəzolunmazlığını bir daha nümayiş etdirdi.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!