25 Oktyabr 2022 10:28
8706
PARLAMENT
A- A+

Növbəti il üçün dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub  

 

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülmüşdür.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır.

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz çoxdur.

Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video