Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına sonuncu səfəri bölgənin gələcək inkişafı baxımından mühüm mesajlarla yadda qalıb. Səfər zamanı təqdim olunan layihələr, dövlətimizin başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər və qəbul edilən qərarlar göstərir ki, Naxçıvanla bağlı həyata keçirilən siyasət sosial-iqtisadi məsələlərlə yanaşı, təhlükəsizlik və geostrateji istiqamətləri də əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvana səfərləri dövlət başçısının muxtar respublikaya xüsusi diqqətinin göstəricisidir. Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı yerləşməsi, özünəməxsus coğrafi və geosiyasi mövqeyi onun dövlət siyasətində daim diqqətdə saxlanılmasını zəruri edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə də Naxçıvanın sosial-iqtisadi inkişafı və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ermənistanın ərazi iddiaları və hərbi təxribatları fonunda muxtar respublikanın müdafiə imkanlarının artırılması və sərhədlərin möhkəmləndirilməsi də daim diqqətdə saxlanılıb.
“Səfərin başa çatmasından sonra Naxçıvanın inkişafı üçün 248 milyon manat vəsaitin ayrılması xüsusi əhəmiyyət daşıyır. Bu vəsait müxtəlif istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Buraya məktəblərin və uşaq bağçalarının tikintisi, yaşayış məntəqələrini birləşdirən yolların əsaslı təmiri, kommunal infrastrukturun yenilənməsi və digər layihələr daxildir. Bütün bunlar göstərir ki, Naxçıvan bundan sonra da Azərbaycanın diqqət mərkəzində olacaq”, - deyə A.Mirzəzadə söyləyib.
Deputat Naxçıvanın perspektivlərinin sosial-iqtisadi layihələrlə məhdudlaşmadığını, muxtar respublikanın coğrafi mövqeyinin onu gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevirə biləcəyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın öz ərazisində həyata keçirdiyi yol və dəmir yolu layihələri gələcəkdə yükdaşımaların artmasına, logistika və xidmət sahələrinin genişlənməsinə, yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.
“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda yeni nəqliyyat və kommunikasiya imkanları yaranıb. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Şərqdən, o cümlədən Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin Naxçıvan, Türkiyə və Avropa istiqamətində daşınması üçün geniş imkanlar yaranacaq. Naxçıvan gələcəkdə mühüm logistika mərkəzinə çevrilə bilər. Bu, yeni iş yerlərinin yaradılması, xidmət sektorunun genişlənməsi və regionun iqtisadi fəallığının artması deməkdir. Regional kommunikasiyaların açılması Ermənistan üçün də iqtisadi imkanlar yaradacaq və regiondakı bütün tərəflərin maraqlarına cavab verəcək”, - deyə A.Mirzəzadə vurğulayıb.
Enerji sahəsinə toxunan A.Mirzəzadə Azərbaycanın elektrik enerjisi istehsalını artırmaqla ixrac imkanlarını da genişləndirdiyini bildirib. Onun sözlərinə görə, Naxçıvanda su və Günəş elektrik stansiyalarının yaradılması muxtar respublikanın enerji potensialını artırmaqla yanaşı, Azərbaycanın elektrik enerjisi ixracına da töhfə verəcək. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi həm Naxçıvanın enerji təminatının gücləndirilməsi, həm də ölkənin enerji strategiyasının həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
“Prezident İlham Əliyevin Naxçıvana səfəri çox uğurlu keçdi. Səfər bir daha göstərdi ki, Azərbaycanın inkişaf strategiyası bütün istiqamətləri əhatə edir. Naxçıvanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, nəqliyyat və enerji infrastrukturu, kənd təsərrüfatı və digər sahələr dövlətin diqqətindədir. Əminəm ki, bundan sonra da Naxçıvanda yeni layihələr həyata keçiriləcək və onların nəticələri cəmiyyətə təqdim olunacaq”, - deyə A.Mirzəzadə əlavə edib.